Qədim və zəngin dövlətçilik tariximiz bizim qürur və iftixar yerimizdir. Ən qədim dövrlərdən mövcud olmuş Azərbaycan dövlətçiliyi öz ənənələrini qəhrəman xalqımızın əzmi sayəsində bu günümüzə qədər qoruyub saxlamışdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə qızıl səhifə təşkil edir. Xalqımızın milli iradəsi və azadlıq, istiqlaliyyət əzmini göstərmək baxımından da Azərbaycan Xalq Cümhuriyyəti xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu gün olduğu kimi o zamanlar da şair və ədiblərimiz bu müstəqilliyin sevinci ilə yaşamış, onu əsərlərinin ana mövzusuna çevirmişlər. Bu mənada o zaman yaranan ədəbi əsərlərdə aparıcı mövzu xalqımızın istiqlaliyyət rəmzi olan Azərbaycan Xalq Cümhuriyyəti və onun dövlətçilik atributları, xalqın mücadilə əzmi olub. Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın (1891-1937) yaradıcılığı da Azərbaycan dövlətçiliyi və dövlət atributlarının tərənnüm baxımından xüsusilə diqqət cəlb edir.
Onun haqqında bəhs edənlər onu daha çox “milli istiqlalımızın tərənnmüçüsü” adlandırırlar. O, əsərlərində Azərbaycanın dövlət atributlarını vəsf və tərənnüm etmiş, dövlətçiliyə məhəbbət və vətənə bağlılıq hislərini təbliğ etmişdir. Onun haqqında tam doğru olaraq yazılırdı ki: ““Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür. ...Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur”.
Millətimin tarixinə,
Şan, Şöhrət əkməliyəm!
Bu qarşıda, yad qalaya,
Bir al bayraq dikməliyəm...
Böyük vətənpərvər şair çox böyük qürur və iftixar duyğuları ilə deyirdi bu sözlərini. Bu böyük sənətkarın qəlbi vətən eşqi ilə yanır, alovlanırdı. Buna görə də milli müstəqilliyin və Cümhuriyyətin yaranmasından irəli gələn vətəndaşlıq duyğularını əsərlərində məhəbbətlə əks etdirirdi. Milli müstəqillik mücahidlərindən olan Əhməd Cavad təsadüfi deyildi ki, özünü ölkəsinin “haqq bağıran səsi” adlandırırdı. Şairin “Nədən yarandın”, “Azərbaycan bayrağına”, “Al bayrağa” şeirləri də sənətkarın vətəninin müstəqillik simvoluna bəslədiyi sonsuz məhəbbətinin qürurverici hislərini əks etdirir. Şair Azərbaycan bayrağını öyərək yazır:
Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma...
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!
Şair bayrağın üzərində həkk olunmuş ay-ulduza da müraciət edir. Sanki göylərin sülh rəmzləri kimi çıxış edən Ay və Ulduz bu müstəqil Azərbaycan dövlətinin gücünə, onun qüdrətinə sığınır.
Ümumiyyətlə, böyük Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığında Vətən və millət məhəbbətinin simvolu olaraq çıxış edən bayrağı tərənnüm üstünlük təşkil edir. Hətta Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi və ilk milli dövlət bayrağı qaldırıldığı zamanda şair şəxsən bu möhtəşəm tədbirdə iştirak edərək “Elin bayrağı” şeirini məhz burada demişdir:
Qüruru cahandan, nuru haqdan al
Hidayət etməyə yol azanları!
Gəlməsin yardımsız qəlbinə həlal,
Yardım: münavələr... sübh əzanları!
Bu misralarda şair bayrağı qibləgah, yol göstərən kimi təqdim edir. Şairin “Al bayrağa” şeirində də bayrağımızı vəsf və tərənnüm üstünlük təşkil edir:
Gül rəngində bir yarpağın
Ortasında bir hilal!
Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!
...Bu bənzəyiş nədən, gözüm,
Şəhidlərin qanına?!
Uğrunda can verənlər
Neyçün qıyar canına?!
Bayrağımızdakı qırmızı rəngi şair Əhməd Cavad azadlıq məzmununda mənalandırır. Özünü istiqlaliyyətə qurban verən şəhidlərin xatirəsini yada salır. Şair həmçinin bayrağımızın bəxş etdiyi qürur və iftixar duyğularını əks etdirir:
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!
Sanki Azərbaycan Bayrağı mavi göylərə doğru dalğalanırkən buludlar onun önündə farağat duruşuna keçir, nizami yürüyüşlə bayrağımızı salamlayırlar.
Ümumiyyətlə, Əhməd Cavadın “Nədən yarandın”, “Azərbaycan bayrağına”, “Elin bayrağı”, “Al bayrağa” kimi şeirləri bayrağa məhəbbət ruhunda yazılan və Azərbaycançılığı tərənnüm edən gözəl əsərlərdəndirlər. Vətəndaş-şair habelə “Aşiqin dərdi”, “Bən bulmuşam”, “Göy göl” şeirlərində də Azərbaycan bayrağına sevgisini ifadə etmişdir. “Göy göl” şerindəki bu notlar da onun bayrağımıza və bayrağımızın təmsil etdiyi Cümhuriyyətimizə olan sevgisini, həsrət və intizar duyğularını əks etdirir:
Sənin gözəlliyin gəlməz ki saya?!
Qoynunda yer vardır Ulduza, Aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı, Göy göl!
Ümumiyyətlə, vətənə dərin məhəbbət bəsləyən, onun müstəqilliyi və dövlətçiliyini qürurla qarşılayan şair Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyəti yadelli düşmənlər tərəfindən devrildikdən sonra onun həsrətini daim əsərlərində ifadə etdirib. Bəli, şairin:
Təmiz al alnındakı tozu, torpağı,
Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, bir də enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir, bil! -
deyə ifadə etdiyi misraları da bizim bütün vətəndaşları, biz uşaqları da Azərbaycan və Azərbaycançılıq naminə bu bayraq altında birləşməyə dəvət edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Suay Qasımlı
Naxçıvan şəhər 8 nömrəli tam orta
məktəbin 7-ci “A” sinif şagirdi