Naxçıvan Qarnizonu qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 9 noyabr Dövlət Bayrağı Günü Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Tədbirdə zabit, əsgər və valideynlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, bu gün komandirlərinin və valideynlərinin şahidliyi ilə vətənə sədaqət andı içən gənc əsgərlərimiz təntənəli surətdə söz verdilər ki, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaq, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəklər. Hərbi anda sadiq olmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir. Məhz buna görə də başı üzərində şərəf və namus simvolu olan Azərbaycan bayrağı dalğalanan əsgərlərimizin şücaəti düşmənlərimiz üçün göz dağı, xalqımız üçün isə fəxr və qürur mənbəyidir.
Şəxsi heyətin tribunanın önündən təntənəli keçidindən sonra əsgər valideynləri və yaxınları hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olublar. Valideynlər yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib və övladlarının hərbi andı qəbul etmələrindən qürur hissi keçirdiklərini ifadə ediblər.
Nəriman Nəcəfov