Naxçıvanda 34 nəfərə sanatoriya-kurort putyovkaları, 57 nəfərə maddi yardım verilib - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə 34 nəfərə sanatoriya-kurort putyovkaları təqdim edilib. Dəstək Fondu tərəfindən 57 nəfərə maddi yardım göstərilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər ulu öndərin həyatını, ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində davam edən tədbirdə ümumilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək dövlətin həmişə şəhid ailələri və qazilərin yanında olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb. Tədbirlər Planı təsdiq olunub və bu istiqamətdə muxtar respublikada da müvafiq tədbirlər görülür.

Samir Seyidəhmədli muxtar respublikada yeni institutun yaradılması ilə bu sahədə görülən işlərin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaradılması istiqamətində gördüyü misilsiz xidmətlərdən danışıb, Müzəffər Ordumuzun rəşadətindən söz açıb. Bildirib ki, 4 il ərzində işğal edilən torpaqlarımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində azad olundu. Bu yolda şəhid olanların ailələri və qazilərimiz dövlətimiz tərəfindən yüksək qayğı ilə əhatə olunublar.

Nazir Ceyhun Cəlilov muxtar respublikada bu istiqamətdə gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işləri də diqqətə çatdırıb.

Tədbirdə şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və Vətən müharibəsi iştirakçısı Mirkənan Kərimov göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra 34 nəfər şəhid ailəsi üzvünə və qaziyə sanatoriya-kurort putyovkaları təqdim edilib.

Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təminatına Dəstək Fondunun vəsaiti hesabına 57 nəfərə maddi yardım göstərilib.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş olunub.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: