Görkəmli dilçi alim, professor Yusif Seyidov: Ədəbi dil tədqiqatlarının azmanı

A- A A+

Çoxşaxəli və hərtərəfli tədqiqat istiqamətlərinə malik olan Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Yusif Seyidov (1929-2013) Azərbaycan dilçiliyində olduqca mühüm yerlərdən birini tutur. Ömrünün çoxunu müasir Azərbaycan dilinin qrammatikası və ədəbi dil tarixinin tədqiqinə həsr edən Yusif Seyidov Azərbaycan dili sintaksisində mübahisəsiz bir tədqiqatçı mövqeyinə malikdir.

 Azərbaycan dilçiliyinin azman alimlərindən biri olan Yusif Seyidov 2 may 1929-cu ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində anadan olub. Uzun zaman Bakı Dövlət Universitetində “Azərbaycan dili” kafedrasının müdiri kimi çoxsaylı kadrların yetişməsində mühüm xidmətlər göstərib. Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə Azərbaycan dilinin öyrənilməsi işinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirlər istiqamətində ilk çap olunan və Dövlət mükafatına layiq bilinən “Müasir Azərbaycan dili” kitabının üçüncü cildinin müəlliflərindən biri də məhz Yusif Seyidov idi. Azərbaycan dilinin qrammatikasının ən yaxşı tədqiqatçılarından biri kimi Yusif Seyidov dilçilik elminə verdiyi töhfələrlə yadda qalıb.

Y.Seyidovun elmi şəxsiyyəti və tədqiqatlarını səciyyələndirən çox mühüm faktorlardan biri onun ədəbi dili milli ədəbiyyat kontekstindən öyrənməsi idi. Dil faktlarını bilavasitə ədəbiyyat materiallarından götürən və məhz dil faktları əsasında tezislər, fikirlər irəli sürən Y.Seyidov bu baxımdan dilçiliklə ədəbiyyatını vahid kontekstdə öyrənməyin əsasını gücləndirib. Bu mənada deməliyik ki, yazıçı və dil problemi onun elmi yaradıcılığı üçün çox səciyyəvi və doğma idi, demək olar ki, bu sahədə köklü bir mövqeyə sahibdir. Onun “Yazıçı və dil  (XIX-XX əsrlər)”, “Sözün şöhrəti”, “Sözün qüdrəti”, “Sözün hikməti”, “Ədəbi tənqid və bədii dil”, “Nəsiminin dili”, “Ədəbi-bədii dil problemi” və bununla bağlı çap edilən digər əsərləri professorun bu sahədə apardığı uzun illərin məhsuldar tədqiqatları kimi diqqəti cəlb edir və elmi tədqiqatlar üçün ciddi mənbə rolunu oynayır.

Professor Yusif Seyidov bütün ədəbiyyat tarixi və ədəbi prosesi izləyərək ədəbi dil məsələlərini araşdırıb, Azərbaycan dilinin inkişaf tarixi, mövcud vəziyyəti və linqvistik məsələləri ilə bağlı fikir bildirib. Onun yaradıcılığı üçün doğma olan mövzulardan biri yazıçı və dil məsələsidir. Alim Azərbaycan milli ictimai fikri və köklü milli inkişafda misilsiz rol oynamış tənqidi realistlərin dilinə də xüsusi əhəmiyyətlə yanaşıb, ədəbi dövrün səciyyəvi prosesləri kontekstindən məsələyə konkret elmi münasibətini ifadə edib. Görkəmli alim tənqidi realistlərdən görkəmli ədib, ideoloq Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhimbəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Ömər Faiq Nemanzadənin və başqalarının ədəbi yaradıcılığına tədqiqatçı nəzərlərilə yanaşıb, konkret dil faktları əsasında həmin ədəbi şəxsiyyətlərin dil haqqındakı görüşləri və ana dilinin inkişafındakı xidmətlərini göstərib. Alim yazırdı: “Azərbaycan ədəbi dilinin, xüsusən bədii dilin inkişafında mütərəqqi Azərbaycan yazıçıları böyük rol oynamışlar. Onlar öz bədii əsərləri ilə bilavasitə dil yaradıcılığında, ədəbi-bədii dilimizin inkişafında, zənginləşməsində, bu dilin üslublarının formalaşmasında bilavasitə iştirak etdikləri kimi, elmi və publisistik əsərlərində, bəzən hətta bədii əsərlərində dilə aid qiymətli mülahizələri ilə də Azərbaycan ədəbi dilinin inkişafına kömək göstərmişlər”.

Məlum olduğu kimi, XIX əsrin sonlarından başlayaraq ümummilli məsələlər aktuallaşır, milli düşüncə əhəmiyyət qazanır. Xüsusilə XX əsrin əvvəllərində bu məsələlərin fövqü kimi ana dili məsələsi çox mühüm mövqe qazanır. Müxtəlif ədəbi cərəyanların yaradıcılıq istiqaməti və dilləri məsələni müzakirə obyektinə çevirir və demək olar, mübarizə halını alır. Bu dövrdə Cəlil Məmmədquluzadənin XIX əsrin axırlarından başlayan ədəbi yaradıcılığı və onun başçılığı altında 1906-cı ildən nəşr olunan “Molla Nəsrəddin” jurnalı xalq dilini yaradıcılıq müstəvisinə gətirməklə səciyyələnən ədəbi cərəyana yön verir və onun başlıca səciyyəsinə çevrilir. Tənqidi realizm adlanan bir cəbhədə birləşən Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, S.Mümtaz və başqaları görkəmli fikir adamı və ədib Cəlil Məmmədquluzadənin başçılığı, ideoloqluğu və ağsaqqallığı ilə ümumxalq dili olan sadə Azərbaycan dilini yaradıcılıq aktında qanunlaşdırır və onun inkişafına yön tuturlar. Bu məsələlər kontekstində professor Y.Seyidov da haqlı olaraq yazır ki: “Bu əsrin meydana gətirdiyi elmi-mədəni problemlər içərisində dil məsələləri aktuallığı ilə fərqlənirdi. Maraqlıdır ki, bu dövrdə dil məsələləri ilə məşğul olanların, demək olar ki, hamısı yazıçılardır”. 

Böyük Azərbaycan yazıçısı, ictimai fikir adamı, ideoloq Cəlil Məmmədquluzadənin ana dilimizin inkişafı və saflaşmasındakı xidmətlərini ədəbi yaradıcılıq müstəvisindən qiymətləndirən professor Y.Seyidov yazırdı: “Cəlil Məmmədquluzadə söz sırası, ruhu, lüğəti, qrammatik əlaqələri ilə ümumxalq danışıq dilinə əsaslanan sadə, aydın bir dildə yazırdı”. Bu fikir C.Məmmədquluzadənin sadə ümumxalq danışıq dilini milli inkişafın nüvəsi və əsas yönü kimi dəyərləndirdiyinin təsdiqidir. Məqsədi özünün də dediyi kimi, “ədəbi dil yaratmaq olmayan” C.Məmmədquluzadənin digər ziyalılardan səciyyəvi fərqi ilk olaraq sadə ana dilində yazıb-yaratmaq ideyasına köklü şəkildə xidmət etmək və onun nümunəsini ortaya qoymaq idi. Alim öz təhlilləri və müşahidələri ilə bu qənaəti də doğru ifadə edirdi ki: “Mütərəqqi yazıçıların əsas qismi (Ə.Haqverdiyev, S.S.Axundov, A.Şaiq, M.S.Ordubadi) öz yazılarında nisbətən orta mövqe tuturdular. Ədəbi dil uğrunda, ədəbi dilin milli əsaslarla inkişafı uğrunda nəzəri mübarizədə onlar C.Məmmədquluzadə ilə birləşir və hamısı, müəyyən fərqlərlə olsa da, “Molla Nəsrəddin” ədəbi məktəbi mövqeyindən çıxış edirdilər”. Bu barədə Cəlil Məmmədquluzadə özü də “Xatiratım”da yazırdı: “Molla Nəsrəddin” öz açıq və sadə türk dili ilə vurdu, nəinki tək bircə Kürü və Arazı keçdi, bəlkə Xəzər və Qara dəryaları da vurub Türkiyəyə və Türküstana, Gilana keçdi. Və uca-uca Qafqaz dağlarını aşıb Qafqaz,  Krım və sairə türk ölkələrinə keçdi”. Alim haqlı olaraq “Molla Nəsrəddin”in bu müvəffəqiyyətini onun sadə, avam camaatın dili ilə danışmaq məharətində olması ilə əlaqələndirirdi: “Molla Nəsrəddin”in belə əhatəli, təsirli, bu qədər xəlqi olmasının, kütləviləşməsinin oxumaq və yazmaq nə olduğunu bilməyənlər arasına yol tapa bilməsinin, fəhlənin və kəndlinin cibində, qoynunda gəzməsinin ən mühüm səbəblərindən biri onun ifadə tərzi, dili və üslubu idi. ...Sadə, aydın, təmiz və saf Azərbaycan dili “Molla Nəsrəddin”ə qol-qanad verdi, ona yol açdı. O, sözün əsl mənasında, xalq jurnalı oldu”. Ümumiyyətlə, Cəlil Məmmədquluzadənin, “Molla Nəsrəddin”in, tənqidi realistlərin dili ilə bağlı tədqiqatlar apararaq fikir bildirən müxtəlif alimlər, habelə professor Mir Cəlal, Mirzə İbrahimov, Firudin Hüseynov, Əziz Şərif, İsa Həbibbəyli və başqaları da onun müvəffəqiyyət və yüksəlişinin əsl səbəbi kimi birinci olaraq sadə, anlaşıqlı dilinin olmasını göstərirdilər. Professor Mir Cəlal da yazırdı ki: “Birinci dəfə o, (Cəlil Məmmədquluzadə - R.Q.) danışıq dilini, canlı dili, azərbaycanlıların şirin, əlvan, ahəngdar, sərbəst danışığını yazıya, kitaba, hətta bədii əsərə gətirmişdir. ...bu dilin xəzinə şəklində yatıb qalan məziyyətlərini meydana çıxarmaq üçün, bu dildə danışanların sözünün mühakiməyə, ifadəsinin məntiqə, danışıq şəklinin məzmuna nə qədər uyğun olduğunu, bu dilin ahəngdar, musiqili, səlis, şirin, əlvan, zəngin ehtiyatlı, bünövrəli, çoxcəhətli, ruhən sərbəst, tarixən isə möhkəm inkişaf qanuniyyətinə, orijinallığa malik bir dil olduğunu göstərmək üçün gətirmişdir”. Bu cəhətdən prof. Y.Seyidov C.Məmmədquluzadənin ana dilinin inkişafındakı rolunu yüksək qiymətləndirərək yazırdı: “C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatı və ümumən, Azərbaycan ictimai fikir tarixində ana dilinin bu böyük qüdrətini dərindən duyan və qiymətləndirən ən böyük sənətkar idi. Onun əsərlərinin dili, üslubu, ifadələri, cümlə quruluşu, söz sırası – bütün bunlar birlikdə ana dilinin zəngin, rəngarəng çəmənzarına bənzəyir”. Bu cəhətdən professorun öz diqqətini “Anamın kitabı” əsəri üzərinə cəlb etməsini tamamilə məntiqəuyğun və doğru hesab etmək lazımdır. Çünki, doğrudan da, böyük ədibin “Anamın kitabı” əsəri onun ədəbi-bədii yaradıcılığı, ideya-bədii məfkurəsi və ictimai amalının təsbit edilməsi baxımından çox mühüm rol oynayır. Bu əsərdə simvolik obrazlaşdırmalardan istifadə fikirlərin ideoloji cəhətdən ümumiləşdirilməsi və milli məfkurə ifadəsi baxımından çox mühüm əhəmiyyət daşıyır. Artıq bu barədə professor Mir Cəlal və akademik İsa Həbibbəyli, o cümlədən bu istiqamətdə yazan digər alimlər yazdıqları kimi Ana obrazı Vətənin taleyi və müqəddəratını özündə ümumiləşdirmək baxımından diqqəti cəlb edir. Üç qardaş – Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid vətənin övladları timsalında mühüm mövqeyə malikdirlər. Onların hərəsinin bir ictimai düşüncəyə xidmət etməsi, ayrı-ayrı kitablara inanması onları danışıq-dil etibarilə də fərqləndirir, bir-birlərilə nəinki qardaş kimi, heç yad adamlar kimi də ünsiyyət qurmalarına imkan vermir. Rüstəm bəy rus, Mirzə Məhəmmədəli İran, Səməd Vahid Osmanlı meyilliliyi nümayiş etdirməklə fərqli danışıq tərzləri və düşüncələrilə vahid məxrəcdə qaynayıb-qarışa bilmir, aralarındakı mübahisə və nifaq dərinləşmiş olur. Zəhrabəyim ana Vətənin timsalında üç qardaşın yola getməzliyi səbəbindən dərdə dözməyib dünyasını dəyişir. Bu zaman bu aqibəti görən bacı Gülbahar qardaşları bir-birindən ayrı salan kitabları küçəyə atdıqdan sonra Atadan vəsiyyət olaraq qalan kitabı – Ananın kitabını əlinə qaldıraraq “Qaldı bircə kitab”, – deyə onu qardaşlara oxuyur. Kitabda isə ulu keçmişin müdriklik dolu vəsiyyətini özündə daşıyan mühüm bir tövsiyə yazılıb: qardaşlar, balalar ananın ətrafında dolanıb ondan uzaq düşməsinlər. Professor Y.Seyidov da əsərdə məhz qardaşları bir-birindən ayrı salan dil faktına ciddi əhəmiyyət verərək onu təhlil edir, ədibin əsas nəzər yetirdiyi mətləblərdən biri olduğunu diqqətə çatdırır. Başqa xalqların “mədəni irsini” yamsılayan və özü üçün dəyər seçən “obrazovannı”ları tənqid və tənbeh edən C.Məmmədquluzadə bu məsələni bütün yaradıcılığı boyunca diqqət mərkəzində saxlayıb. Bununla əlaqədar alim görkəmli ədibin “Əlifba”, “Bizim obrazovannılar”, “Heyz”, “Xatiratım”, “Papaslar”, “Dil” və bu kimi digər məqalə və felyetonlarını, əsərlərini tədqiqat obyektinə çevirərək görkəmli ədibin dil və əlifba məsələsindəki milli inkişafa xidmət edən mütərəqqi mövqeyini diqqət mərkəzinə gətirir. Alim görkəmli ədibin zəngin yaradıcılığında xüsusi yer tutan orfoqrafiya və orfoepiya məsələlərindən, loru dilində “ayama” adlanan ləqəblərdən və s. bəhs edərək görkəmli ədibin mövqeyini göstərib. Professor Y.Seyidov tənqidi realizmin banisi və bayraqdarı Cəlil Məmmədquluzadənin tənqidi realist şeir dilindən, yığcam olsa da, bəhs edib, əsasən Mirzə Ələkbər Sabir haqqında təfərrüatlı məlumat verib.

Professor Y.Seyidov M.Ə.Sabirin tənqidi realist şeirin inkişafında və şeir dilinin yenilənməsi və yetkinləşməsində ədəbi mövqeyini göstərmək məqsədilə qüdrətli şairin “Söz” şeirindən başlayıb.  Həssas və diqqətcil alimin nəzərləri Sabirin yeni şeirəqədərki əsərlərinin dili ilə yeni şeirlərinin dili məsələsindən yayınmayıb. Alim də müşahidə edir və bu qənaətə gəlir ki, M.Ə.Sabir köhnə tipli şeirlərində əvvəlki klassik şeir ənənələrindən və onun dilindən bəhrələnib klassik yaradıcılıq ənənələrini davam etdirib. Şairin:

Şairəm, əsrimin ayinəsiyəm,

Məndə hər kəs görür öz qaş-gözünü.

Necə kim dün “Birisi” baxdı mənə,

Gördü ayinədə ancaq özünü –

misralarından çıxış edərək bu qənaəti haqlı olaraq ifadə edirdi ki: “Poeziya qarşısında qoyulan bu tələb yalnız M.Ə.Sabirin deyil, dövrün tələbi idi, şairin mənsub olduğu ədəbi cərəyanın tələbi idi”. Həm də “həyatı olduğu kimi əks etdirmək, düzü düz, əyrini əyri yazmaq sənətkarın vəzifəsi hesab olunurdu”. Məhz bu münasibətlə Sabirin:

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü-bədi eyləyim izhar yazım.

Günü parlaq, günüzü ağ, gecəni tar yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım –

kimi həmin dövrün sənət, eləcə də sənətin estetikası, dili, vəzifəsi və s. kimi məsələlərə baxışın nəzəri-estetik prinsipini müəyyənləşdirən misralarını məhz bu tələblərə konkret münasibət və cavab olaraq dəyərləndirirdi. Əlbəttə, bu da düzgün qənaət və yetkin nəticə idi ki: “Sabir həqiqəti ... yaranmaqda olan yeni dünyanın həqiqəti idi, şairin ətrafında cərəyan edən, onun vətəndaşlarını, əsrdaşlarını öz əhatəsinə alan hadisələrin həqiqəti idi”. M.Ə.Sabirin “Şirvanda mühüm hədis”, “Hamısını tapa bilirəm, birini tapa bilmirəm” kimi felyetonlarını nümunə gətirən alim bu məntiqlə təhlil açır və bu nəticəni ifadə edir ki, M.Ə.Sabir öz yaradıcılığında xalq hikməti və müdrikliyindən müvəffəqiyyətlə istifadə edib, özü də bu məsələyə böyük sənətkarlıqla yanaşıb. Alim haqlı, doğru məntiqə gəlib ki, “Hamısını tapa bilirəm, birini tapa bilmirəm” felyetonu “Doğru danışanın papağının qulağı yırtıq olur” zərbi-məsələnin üzərində yaranıb. Vurğulayır ki, Sabir yaradıcılığında ana dili məsələsi xüsusi yer tutur. Doğrudan da, əsrin ana dilinə vaqif olmaq tələbinə fəal yanaşan yazıçılardan biri kimi Sabir də “Zaman nə istəyir? Amma biz...” başlıqlı məqaləsində bu qənaəti ifadə edirdi: “Böyük təəssüf olunacaq burasıdır ki, oxumuş cavanlarımız dəxi əksəriyyət ilə ana dilindən ...lazımınca xəbərdar ola bilməyiblər”. Şairin:

İntelegentik, bu ki böhtan deyil,

Türki danışmaq bizə şayan deyil.

Türk dili qabili-irfan deyil.

Biz buna qail olan insanlarıq!

Ay bərəkallah, nə gözəl canlarıq!

 

Türk qəzeti versə də əqlə ziya,

Mən onu almam əlimə mütləqa.

Çünki müsəlmanca qonuşmaq bana

Eyibdir! Öz eybimizi anlarıq!

Ay bərəkallah, nə gözəl canlarıq!–

kimi məşhur misraları Molla Nəsrəddinin elə ilk nömrəsindən dediyi “türk dili danışmaq eyibdir!” fikirlərilə bütövlük nümayiş etdirir, ana dilinə xor baxanları kəskin tənqidə məruz qoyurdu. Professor Y.Seyidov da öz tədqiqatlarında şairin ana dili məsələsində tutduğu bu qəti mövqeyini müxtəlif məsələlərdə diqqətə alaraq onun tərcümə işində də göstərdiyi maraqlı mövqeyə münasibət ifadə edirdi.

Professor Y.Seyidov öz tədqiqatlarında tənqidi realizmin digər görkəmli nümayəndələrinin ana dilinə olan münasibətini də nəzərdən keçirirdi. Alim Ə.Haqverdiyevlə bağlı qeyd edirdi ki, “Ə.Haqverdiyev dil məsələlərilə xüsusi və ardıcıl məşğul olmasa da, toxunduğu dil problemləri müxtəlifdir”. Ağa Məhəmməd şah Qacar obrazının dilindən deyilən: “Dava var qılıncla qurtarar, dava var dillə. Əvvəl dil, sonra qılınc qoşunu mənə lazımdır” sözləri də alimin təhlili ilə özünə tənqidi mövqe tapır və ədibin dilə olan münasibəti kimi dəyərləndirilirdi. Ədibin “Padşahın məhəbbəti” pyesində Təlxəyin dilindən deyilən “Axmaq sözün doğrusu ağıllı sözün yalanından yaxşıdır” sözləri də Şah Qacarın fikirlərilə birləşərək Ə.Haqverdiyevin dil məsələsində mövqeyini uğurla təzahür etdirir. Ə.Haqverdiyevin XX əsrin əvvəllərində bir çox ideya-məslək məsələlərində xəfif ayrılıqları olan iki ədəbi cərəyan kimi romantizmin və tənqidi realizmin, iki ədəbi məktəb kimi “Füyuzat” və “Molla Nəsrəddin” məktəblərinin dil məsələsində tutduqları mövqeyə şərhlə yanaşan ədibin “Azərbaycanda teatr” başlıqlı məqaləsindəki fikirləri ortaya çıxaran alim bu məsələdə yazıçının mollanəsrəddinçi mövqeyini təqdir edir. Qoca ədibin xatirələrinə də  alim dil məsələsində mollanəsrəddinçilərin tutduğu mövqeyə elmi şərh və münasibət ifadə edir. Bu mövzu ətrafında özü “Molla Nəsrəddin”də olmasa da, mollanəsrəddinçi mövqeyə malik olan Ü.Hacıbəyovun, “Molla Nəsrəddin” məktəbinin mücahidləri olan M.Ordubadinin (“Ana dili” və b.), Əli Nəzminin (“Dil məsələsi” və b.), Əliqulu Qəmküsarın (“Qatış-bulaş” və b.), Mirzə Əli Möcüzün (“Açın üzləri” və b.), Y.V.Çəmənzəminlinin (“Dil məsələsi” və b.), Ö.F.Nemanzadənin (“Yazımız, dilimiz, ikinci ilimiz” və b.) dil haqqındakı görüşlərinə nəzər salır, onların mövqelərini ortaya çıxarırdı.

Beləliklə, professor Y.Seyidov özünün əhatəli və geniş tədqiqat əsəri olan yazıçı və dil problemi kontekstində Azərbaycan milli tənqidi realizminin nümayəndələrinin də dil məsələsinə münasibətlərini tədqiqatın mərkəzinə gətirib, maraqlı təhlilləri və dolğun qənaətləri ilə sanballı bir əsər ortaya qoymağa nail olub.

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: