Naxçıvanda “Azərbaycanda gender bərabərliyinin təminatçısı ulu öndər Heydər Əliyev” mövzusunda konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda “Azərbaycanda gender bərabərliyinin təminatçısı ulu öndər Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təsdiq olunan “Tədbirlər Planı”na uyğun olaraq keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, eləcə də gender bərabərliyinin təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən videoçarx izlənib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov konfransa onlayn qoşularaq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. O, Ulu öndər tərəfindən gender bərabərliyi istiqamətində görülən işlər, “Qadın vəkilləri Alyansı”nın fəaliyyəti, Vəkillər Kollegiyası tərəfindən həyata keçiriləcək tədbirlər barədə məlumat verib.
Anar Bağırov çıxışında hər ayın 10-da Naxçıvanda hüquqi yardım aksiyalarının keçirilməsinin davam edəcəyini bildirib.
Konfransda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vüsal Həsənovun, Ədliyyə naziri Daşqın Rəhimovun, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, “Qadın vəkilləri Alyansı”nın sədri Dilarə Əfrasiyabovanın, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayevanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın və digərlərinin çıxışları dinlənilib.
Qeyd olunub ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub.
Bildirilib ki, Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi ilə Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Azərbaycan hökuməti genderin təşviqi sahəsində bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda, Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir. Bu gün hər bir Azərbaycan qadını öz fəaliyyətində Mehriban xanım Əliyevanın cəsarətli addımlarını, yorulmaz fəaliyyətini örnək sayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti yüksək ali idealara və yalnız milli maraqlarımıza söykənir.
Qeyd edilib ki, Naxçıvan qadınları da onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edir. Muxtar respublika əhalisinin 50,5 faizini qadınlar təşkil edir ki, onların da 31 min 803 nəfəri işləyir. Bu da işləyən əhalinin 31,80 faizini təşkil edir.
Çıxışlardan sonra qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mədinə Rəhimli