“Come to Nakhchivan” fotoalbomu təqdim olunub - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Come to Nakhchivan” fotoalbomunun təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli bildirib ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd olunur. Bu gün təqdimatına toplaşdığımız “Come to Nakhchivan” fotoalbomunun təqdimatı da həmin tədbirlərin davamıdır.
Ülvi Hüseynli vurğulayıb ki, fotoalboma nəzər yetirdikdə burada ulu öndərin bir zaman arzuladığı gənclik görünür. O gənclik ki, öz torpağını, vətənini böyük sevgi ilə fotolarla izləyiciyə çatdırır. Fotoalbomda əsasən yurdumuzun gözəl təbiət mənzərələrinə geniş yer verilib. Bundan başqa, Naxçıvanın zəhmətkeş insanları, mətbəxindən nümunələr, etnoqrafiyamızın müxtəlif sahələri komplekt bir şəkildə albomda cəmləşdirilib.
Ülvi Hüseynli bildirib ki, bu cür təşəbbüslərə dövlətimiz daim öz dəstəyini göstərir, bundan sonra da göstərəcək. Fotoalbom Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin dəstəyi ilə nəşr olunub.
“Come to Nakhchivan” layihəsinin rəhbəri, jurnalist Sara Əzimova çıxış edərək bildirib ki, albomun ulu öndərin 100 illik yubileyinə həsr olunması komanda üçün böyük qürur və fəxarətdir.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli qeyd edib ki, gənclər fotoalbomda Naxçıvanın təbiətini, zəhmətkeş insanlarını öz yaradıcı təxəyyülü və yanaşması ilə təqdim etməyi bacarıb. Böyük Vətən sevgisi ilə çəkilən fotoşəkillər Naxçıvanla vizual tanışlıq imkanı yaradır: "Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanın dünyaya açılması imkan verəcək ki, bu torpağa daha çox turist axını olsun. Belə fotoalbomların nəşri bu baxımdan olduqca əhəmiyyətlidir",- deyə Sahil Tahirli əlavə edib..
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bir daha Naxçıvanda olmağından məmnunluğunu bildirib. Qeyd edib ki, “Come to Nakhchivan” fotoalbomu gənc jurnalistlərin, həvəskar fotoqrafların ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə töhfəsidir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova fotoalbomun dövlət dəstəyi ilə nəşr olunmasını yaradıcı qadınlara göstərilən dövlət qayğısı kimi dəyərləndirib. Vurğulayıb ki, fotoalbomda zəhmətkeş xanımlara yer verilməsi təqdirəlayiqdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə çıxışında bildirib ki, fotoalbomun Azərbaycan və ingilis dillərində nəşr olunması kitabı daha böyük oxucu kütləsi üçün əlçatan edib.
Tədbirdə layihə iştirakçılarından Zülfüqar Qurbanlı, Sara Əsədova, Namaz Namazovun çıxışları dinlənilib.
Layihə iştirakçılarına fotoalbom təqdim edilib, xatirə fotosu çəkdirilib.
Mahmud Hüseynov