Əsrlərin sınaqlarından çıxmış Azərbaycan dili, dünyanın ən zəngin, ahəngdar və qüdrətli dillərindən biridir. Azərbaycan dilinin tarixi xalqımızın tarixi qədər qədimdir. Hər bir xalqın kökü ana dilindən başlanır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan dili haqqında danışarkən dilimizin qədim tarixi köklərə malik olduğunu vurğulayıb, Azərbaycan vətəndaşlarına öz ana dilini dərindən öyrənməyi tövsiyə edərək deyirdi: "Biz dilimizlə fəxr etməliyik. Dilimiz çox zəngin və ahəngdardır, dərin tarixi köklərə malikdir. Hər bir Azərbaycan vətəndaşı öz ana dilini, dövlət dilini bilməlidir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm". Ana dilinə həmişə diqqətlə yanaşan, dilimizin dərin bilicisi olan ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 18 iyun tarixində imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman Azərbaycan dilinin dövlət dili kimi statusunun daha da yüksəldilməsi, onun xalqın mənəvi sərvətinə çevrilməsi yolunda misilsiz bir addım oldu.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yad təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi uğrunda müəyyənləşən xətt Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilinin istifadəsinin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli Fərmanı ölkəmizdə dil siyasətinin önə çəkildiyini bir daha təsdiqləyir. Bu bir həqiqətdir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili dövlət dili kimi daha da inkişaf etdi. Azərbaycan dilinin təbliği, inkişafı və tətbiqi istiqamətində mühüm əhəmiyyətli işlərin görülməsinə şərait yaradıldı.
Cəlil Məmmədquluzadənin məslək dostu, "Molla Nəsrəddin" ədəbi məktəbinin yetirməsi Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində üzünü Azərbaycan xalqına tutaraq dilimizə sevgini ən vacib amil sayırdı: "Millətimizi sevmək üçün ən irəli dilimizi sevməliyik. Həm də elə eşq ilə sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır".
Bu gün hər bir Vətən övladı Azərbaycan adlı məmləkəti sevə-sevə böyüyür, özümüz böyüdükcə sevgimiz, məhəbbətimiz də böyüyür. Görkəmli maarifçi və ictimai xadim Firudin bəy Köçərlinin söylədiyi kimi "Hər millətin özünəməxsus ana dili var ki, onun xüsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayası mənziləsindədr. Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir.
Bu Allah-təalanın gözəl nemətlərindən biridir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur".
Dilimizi qoruyan, yaşadan xalqımızdır. Ulu millətimiz dilimizi zaman-zaman yaşadıb inkişaf etdirib, zəngin söz xəzinəsi yaradıb, sözü qızıldan qiymətli sayıb.
Ölkə başçısının imzaladığı Fərmanın əsas qayəsi budur ki, Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, həm də azərbaycançılıq ideologiyasının da mühüm elementidir. Bu dili qorumaq hər kəsin, ilk növbədə kütləvi informasiya vasitələrinin ümdə vəzifəsi olmalıdır.
“Arazın səsi” qəzeti