Vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir. Ona görə də Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına can yandırmaq hər bir Azərbaycan vətəndaşının övladlıq borcudur.
Doğma yurdumuzun zəngin təbiətinin qorunması və mühafizə olunması üçün görkəmli alim akademik Həsən Əliyev hələ Sovetlər birliyi dönəmində "Həyəcan təbili" kitabında insanları təbiəti sevməyə, təbiəti qorumağa çağıraraq yazırdı: "Ölçüsüz-biçisiz yaşıllığa hücum insana qarşı yönəlmiş ən ağır müharibədir. İnsan ağlı, insan zəhməti bu müharibəni dərk etməyə qadirdir". Xalq şairi Səməd Vurğun Azərbaycan təbiətinin gözəlliklərindən ilham alaraq fikrini poetik şəkildə belə ifadə edib:
Çiçək sevən, şeir sevən bir millətin
Qəlbi kimi gülür bağlar...
Elə bil ki, insanlara töhfəsidir təbiətin
Göy təpələr, yaşıl dağlar.
Qloballaşan dünyamızda təbiətin mühafizə olunması bütün dünya xalqlarını narahat edir. Avropa ölkələrinin çoxunda təbiəti korlayanlara sərt münasibət bəslənilir, yaşıllıq zolaqlarının ildən-ilə genişləndirilməsinə diqqət artırılır.
Doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Vətənimizin insanı valeh edən möcüzəli təbiəti, bitki örtüyü, zəngin heyvanat aləmi bu yerlərə xüsusi yaraşıq bəxş edir. İnsanlardan xoş münasibət hiss edən muflonlar, dağ keçiləri belə kəndlərimizin lap yaxınlığına qədər gəlib çıxır. Bu gün hər bir Azərbaycan övladı ətraf mühitə ağıllı nəzərlərlə baxmalı, təbiətdən zövq almalı, ana yurdun təbiətinin keşiyində dayanmalıdır. Ana yurdumuzun təbiəti ulu Tanrının bizə bəxş etdiyi elə gözəl sənət əsəridir ki, bu əsəri korlamaq, ona laqeyd münasibət bəsləmək ən azı insafsızlıqdır.
Təbiətin qorunması, mühafizə olunması ümumxalq işidir. Hər bir vətən övladı doğma Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli, təbiətin nadir inciləri olub, adı "Qırmızı kitab"a düşən bitki, ağac və heyvanları qorumalı, ona qayğı ilə yanaşmalıdır. Azərbaycanın xalq şairi Məmməd Araz şeirlərində Vətənə bağlandığı kimi, onun təbiətinə də bağlı olduğunu gizlədə bilmirdi. Təbiət şairi -Mənim bir düşmənim var -o da təbiətə qəsd edənlərdir. Onlarla barışmaq isə cinayətdir,-deyərək Azərbaycanın təbiətini öz canı, varlığı sayırdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan təbiətinin qorunması üçün bütün imkanlardan istifadə etmiş, Vətənimizin yaşıllıqlara bürünməsi istiqamətində xeyli iş görmüşdür. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizdə meşə zolaqları genişləndirilmiş, yeni-yeni parkların salınması diqqətdə saxlanılmışdır.
Bu siyasət Naxçıvan Muxtar Respublikasında da davamlı şəkildə həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə qədim Naxçıvan torpağında aparılan yaşıllaşdırma tədbirləri yurdumuzun yaşıllıq zolağını, meşə örtüyünü xeyli genişləndirir. İsti yay günlərində insanlar istirahət üçün meşələrə, bağlı-bağatlı yerlərə üz tuturlar. Təəssüf doğuran haldır ki, həmin insanların bəziləri təbiətin ecazkar gözəlliyini seyr etmək əvəzinə, bu gözəlliyi zir-zibillə, məişət tullantıları ilə korlayır, bəzən ağaclara da qəsd etməkdən çəkinmirlər. Bu bizim hər birimizi dərindən düşündürməlidir, çünki təbiət bizim evimizdir. Hər kəs öz evini səliqəli saxlamalı, onu gözəlləşdirməyə çalışmalıdır.
Qoynunda yaşadığımız Culfa rayonunda da nadir bitkilər, heyvanat aləmi və ağaclar çoxdur. Xüsusən Culfa rayonunun ərazisində bitən gəvən, yulğun, çinar, palıd, zirinc, sumax, istiot və sair bitki və ağaclarla yanaşı nadir heyvan növü olan dağkeçisi, dağ bəbiri, ayı, porsuq, oxatan kirpi və digər canlıla bu gün dövlət tərəfindən qorunur. Rayonumuzun ucqar dağ kəndi Boyəhmədi də əhatə edən akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bitki və heyvanların mühafizə olunmasına böyük diqqət yetirilir.
Muxtar respublikamızda yaradılan milli parklar, qoruqlar və yasaqlıqlar təbiətimizin qorunması sahəsində dövlət tərəfindən atılan önəmli addımlardır. Muxtar dövlətimizin yaşıllıqlarla zənginləşdirilməsi, təbiətinin qorunması bu yerlərdə turizmin inkişafına da güclü təsir edir. Ona görə də doğma yurdun təbiətini sevmək, ona övlad məhəbbəti bəsləmək bizim hər birimizin müqəddəs amalına çevrilməlidir.
Ədalət Cəfəroğlu
“Arazın səsi” qəzeti