Tərəvəzlərin faydalı xüsusiyyətləri - FOTOLAR

A- A A+

İnsan orqanizminə Günəş enerjisini, vitaminləri, duzları və digər faydalı elementləri daşıyan, bununla da sağlamlığın qorunmasına xidmət edən birinci əsas qida meyvələrdisə, ikincisi tərəvəzlərdir. Bitki səltənətinə daxil olan bu iki qida növü orqanizmin bütün tələbatının 100 faiz ödənilməsində mühüm rol oynayır. Meyvə və tərəvəz orqanizmə vitaminlər və duzlarla bərabər, həm də oksigen, su və Günəş enerjisi də daşıyır. Bunu nə ət-yağ edə bilir, nə un məmulatları, nə də şirniyyat. Onlar orqanizmə yalnız zülal, şəkər və nişasta daşıyır. Halbuki meyvələrin və tərəvəzin tərkibində həm də təbii yağlar, təbii nişasta, şəkər (fruktoza) kifayət qədərdir. Elə buna görə də ət, yağ, un məmulatları, şirniyyat yeyən adamlar daha çox xəstələnirlər. Meyvə-tərəvəz yeyən insanlar isə uzun ömür sürürlər.

Yerkökü

Tərəvəzlər silsiləsində ən geniş yayılanı yerköküdür. Ona “min bir dərdin dərmanı” adını əbəs yerə verməyiblər. Ölkəmizin hər yerində bitən yerkökünün tərkibi A vitamini ilə zəngindir. Ondan təzə və çiy halda geniş istifadə olunur.  Bu bitki güclü təmizləyici təsirləri ilə qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin güclənməsinə, sümüklərin və dişlərin möhkəmlənməsinə, tiroid vəzində ola biləcək problemlərin aradan qalxmasına və boy artımına kömək edir. Həm də zehni fəaliyyəti gücləndirir. Yerkökü bağırsaq iltihabını, böyrək ağrılarını, qəbizliyi aradan qaldırmağa, bağırsaq qurdlarını salmağa, ishalı kəsməyə, bağırsaqları işlədərək həzmi yaxşılaşdırmağa, qanda xolesterolun səviyyəsini salmağa kömək edir.

Təkcə onu qeyd etmək kifayətdir ki, yerkökü şirəsi xərçəng xəstəliyini törədən radikal hüceyrələrin artıb-törəməsinin qarşısını alır və şişin böyüməsinə mane olur. Yerkökü şirəsinin göz xəstəliklərinin bütün növlərində geniş tətbiqi müsbət nəticə verir. Oynaq xəstəliklərinin də müalicəsində kökün faydası böyükdür. Yerkökü həm də tərkibində bol olan A vitamini ilə orqanizmdəki bütün hüceyrələrin fəaliyyətini və yenilənməsini təmin edir, dərini təravətləndirir. Orqanizmin qüvvətləndirilməsində, öskürəyin, ürək xəstəliklərinin  müalicəsində faydalıdır. Bunu da bilmək vacibdir ki, yerkökü  diş ətlərini də gücləndirir. Bir sözlə, yerkökü ana təbiətin insana verdiyi elə nemətdir ki, o, hər bir süfrənin başında durmalı və bəzəyi olmalıdır.

Qan itkisində və ya qan azlığında sürətlə qanın bərpasına kömək edən yerkökü şirəsi mədə və bağırsaq qanamalarının qarşısını almaqda da çox faydalıdır. Onu qəbul etmək hamilə qadınlar və kiçik uşaqlar üçün çox xeyirlidir. A vitamini ana bətnindəki körpənin normal inkişafı üçün olduqca əhəmiyyətlidir.

Sarımsaq

Tərəvəzlər içərisində kəskin iyinə görə çoxlarını özündən uzaq salan sarımsağın faydaları qədim vaxtlardan insanlara məlumdur. Bədənə daxil olanda elə mikrobları məhv edir. Yodla zəngin olan sarımsaq ur (zob) xəstəliyinin, mədə-bağırsaq xorasının müalicəsində əvəzsiz vasitədir. Mədəsi xəstə olan bəzi adamlar sarımsaq yeməkdən çəkinir, deyir ki, sarımsaq yeyəndə mədəm göynəyir. Düzdür, göynədir, amma yaranı sağaldır. Sarımsaq qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır. Təbii antiseptik vasitə olan mikrob və virus əleyhinə güclü təsirə malikdir. Bu tərəvəz əsl təbii “antibiotik”dir. Soyuqdəymə xəstəlikləri zamanı sarımsaq çox faydalıdır. Sarımsaq bağırsaqlara çox müsbət təsir edir. Sarımsaq insan orqanizmində yaşayan parazit qurdları məhv edir. Sarımsaq orqanizmi xolesterindən təmizləyir, damarlarda xolesterinin yığılmasına mane olur, damarların elastikliyini artırır. Məhz bu səbəbdən sarımsaq əsasında hazırlanan dərman preparatları tibbidə aterosklerozun müalicəsində geniş istifadə olunur. Sarımsağın daim qəbul edilməsi infarkt keçirmiş insanlarda təkrar infarktın inkişafı riskini xeyli azaldır.

Alimlər sarımsağın xərçəng əleyhinə təsirini təsdiq edirlər. Sübut olunub ki, hər gün 1-2 diş sarımsaq qəbul edən insanlarda bəzi xərçəng növləri-düz bağırsaq xərçəngi, mədə xərçəngi və s. daha az hallarda inkişaf edir. Aparılan araşdırmalar əsasında belə nəticəyə gəliblər ki, sarımsağın tərkibində olan bəzi maddələr xərçəng hüceyrələrinin inkişafını ləngidir, hətta onları məhv edir. Bu səbəbdən sarımsağı hətta “təbii kimyəvi terapiya” vasitəsi adlandırırlar. Onu çiy vəziyyətdə yemək lazımdır.

Soğan

Soğan da S vitamini ilə zəngin olan nemətdir. O da mikrobları məhv edir. Təbii ki, söhbət çiy soğandan gedir. Yağda qızardılan (soğandağı) soğan ancaq fəsad törədə bilər. Çiy soğan şirəsini təmiz bala qatıb (1:1 nisbətində) içənlər iki-üç günə ən pis öskürəyin axırına çıxa bilərlər.

Turp

Turp və yarpağı C vitamini ilə zəngindir. Turp “fitonsidlər” adlanan xüsusi maddələrlə zəngindir. Bu maddələr “təbii antibiotik”lər kimi tanınır. Fitonsidlər orqanizmdə bakteriya, mikrob, viruslarla mübarizə aparır. Turpun tərkibində efir yağları, qidalı liflər, fermentlər, B1, B2, PP vitaminləri, kalium, maqnezium, fosfor və s. kimi çox vacib minerallar var. Onu salatda hər gün yemək lazımdır. Adətən atdığımız turp  yarpaqlarını təmizləmək, yumaq və göyərti kimi salatların tərkibində istifadə etmək çox faydalıdır.

Gündə iki dəfə qida qəbul edənlər 2 dəfə, üç dəfə qida qəbul edənlər isə 3 dəfə tərəvəz salatı yeməlidir. Salatı hər dəfə 4-6 növ tərəvəzdən hazırlamaq olar. Adı çəkilən tərəvəzlərdən başqa, S vitamini ilə zəngin olan kələm və kahıdan da istifadə etmək lazımdır. Hər dəfə salata pomidor və xiyar qatmağın da faydası çoxdur. Xiyar B qrupu vitaminləri ilə, pomidor isə S vitamini ilə zəngindir.

Turac Xudiyeva, həkim

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: