Əməkdar jurnalist, yazıçı Yunis Orucovun tarixi romanlarının təqdimatı olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda əməkdar jurnalist, yazıçı Yunis Orucovun “Nargin-saralmış kədər və “Boraltan - azadlığın tələsi” tarixi romanlarının təqdimatı keçirilib.
Mərasimdə Gənclər Fondunun icraçı ditektoru Cəbi Quliyev çıxış edərək muxtar respublikada gənclərin kitaba, mütailəyə maraqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, tarixi romanların əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, “Nargin Saralmış kədər” kitabı Birinci Dünya müharibəsi zamanı Bakının Nargin adasında əsir saxlanılan türk hərbçilərinin taleyindən və Azərbaycan xalqının onların xilası yolunda göstərdiyi fədakarlıqdan bəhs edir.
“Boraltan - azadlığın tələsi” tarixi romanında isə İkinci Dünya müharibəsi illərində qırmızı terrordan qaçaraq qardaş Türkiyəyə sığınan, lakin 1945-ci ildə Stalinin tələbi ilə Cümhuriyyət Xalq Partiyası hökumətinin zorla SSRİ-yə təhvil verdiyi soydaşlarımızın məşəqqətli və nakam taleyindən söhbət açılır.
“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus vurğulayıb ki, 200 illik tariximizə nəzər salanda görürük ki, bu tarix təkcə müharibələr və sülhdən ibarət deyil. Bu tarix qəlb yaraları ilə zəngindir. 77 il öncə 146 azərbaycanlının qətlə yetirilməsi əslində türklərə verilən göz dağı idi. Lakin üstündən uzun illər keçdi və biz qisasımızı Qarabağda - döyüş meydanında düşməndən aldıq. Müəllifin kitablarında olan tarixi həqiqətlər Azərbaycan gənclərinə, gələcəyimizə böyük ərməğandı.
Tədbirdə digər çıxış edənlər də əsərlərlə bağlı fikirlərini bölüşüb və müəllifə uğurlar arzulayıblar.
Tədbirin təşkilatçılarına təşəkkürünü bildirən Yunis Orucov kitablarının Naxçıvan gəncləri tərəfindən böyük maraqla qarşılandığını deyib. O, əsərlərinin məziyyətlərindən, ərsəyə gəlmə səbəblərindən, həmçinin gələcək planlarından danışıb.
Tədbir gənclərlə diskussiya şəklində davam edib.
Hafizə Əliyeva