Orda bir kənd var, uzaqda. Çadırdaş ətəyində, Toğluqayanın, Səngərtəpənin, Motalqayanın qoynunda, Şahbulaq, Kazımbulaq, Qubadbulaq, Yeddibulaq, Novlu, Kəklikli çeşmələrinin axar-baxarında... Qırmızıyanaq almaların ətirli qoxusunda, qoyun-quzu mələşməsində, qonaqpərvər, mehriban, səmimi insanların isti nəfəsində. Orda bir kənd var, kəndim balacasan, çox balacasan, deyən vətəndaş şairin dillər əzbəri olan misralarında, yayda günəşi, qışda qarı çox olan, dağlarından əlçim-əlçim buludları əskilməyən, dumanlı, leysanlı Nursu kəndi. Bir zamanların gözdən uzaq, diqqətdən, qayğıdan məhrum kəndi.
Bu kəndə üz tutanlar çox olub. Kənddən, kəndlidən yazıblar, bu torpağın yetirmələrindən və hər birimizin sevimli şairi olan Məmməd Arazdan yazıblar. Vaxtilə bu kəndin yolunu tutanlar əsasən onun yazda-yayda qonağı olublar. Payızda-qışda kəndə yolunu salanlarsa elə bu kəndin öz sakinləri olub. Bu iki fəsildə o sakinlərdən başqa Nursunun “qapısını döyən” çox az adam tapılardı. Səbəb isə hamıya məlum idi. Çətin idi qışın qarında, buzunda, payızın yağışında, çiskinində bu kəndin ilan kimi qıvrılan dolanbac kələ-kötür yollarını aşıb gedəcəyin məkana çatmaq. Əlbəttə ki, bu çətinlik təkcə Nursu üçün yox, bütün kəndlərimiz üçün adi hal idi.
Amma bu gün..
İndi kəndə istənilən vaxtda, istənilən saatda üz tutmaq olar. Çünki Nursunun nura boyanan bir kənd kimi bugünkü büsatı göz oxşayır. Bu yurd yerinin insanları illər uzunu Nursunu xəyallarında abad, müasir, gözəl bir kənd kimi canlandırıblar. Lakin o xəyallar 2014-cü ilin bir qış günü gerçəkliyə çevrildi, nursulular xoş günlərə qovuşdular.
Həmin il-“Muxtariyyət ili”ndə 14-cü məktəb binası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə məhz bu kənddə istifadəyə verildi. İki mərtəbədən ibarət məktəbdə dərslərin keyfiyyətlə tədris olunması üçün hər cür şərait yaradılıb. Tədris ocağında dəqiq elmlərin yüksək səviyyədə tədris olunması üçün də lazımi şərait var. Fizika, kimya və biologiya laboratoriyalarında ən müasir sınaq-təcrübə avadanlıqları quraşdırılıb və əyani vəsaitlər qoyulub. Bu da şagirdlərin bu fənlər üzrə biliklərinin daha da zənginləşməsinə imkan verir.
Həmin il kəndin mərkəzində sosial obyektlərin-kənd mərkəzinin, xidmət mərkəzinin, həkim ambulatoriyasının istifadəyə verilməsi də hər bir nursulunu sevindirib. Dövlət qurumlarının kənd mərkəzində fəaliyyət göstərməsi sakinlərin qarşılaşdıqları çətinliklərin yerindəcə həllinə səbəb olub, vaxt itkilərinin qarşısını alıb. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə kənd sakinləri yetişdirdikləri məhsulların, bağlarının meyvələrinin burada rahat satışını həyata keçirə bilirlər. Həkim ambulatoriyasının tibbi avadanlıqlarla və dərman vasitələri ilə təmin olunması nəticəsində xidmətin keyfiyyəti yüksəlib.
Yolların abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən Nursuya da pay düşüb. Asfaltlanan yollar bir dağ kəndi üçün çox geniş və rahatdır.
Balaca kənddə bir ünvan da Xalq şairi Məmməd Araz üçün yaradılmışdır.
Bir əsim küləyəm, bircə dil odam,
Qanadlan, ey könül, dağlara haydı.
Ey mənim gələcək bir qarış odam
Bir qaya dibində yerin olaydı.
Kəndin ən mənzərəli yerində ev muzeyinin tikilib şairin anım günündə istifadəyə verilməsi onun şəxsiyyətinə, yaradıcılığına verilən ən böyük qiymət idi.
Mənim yurdum qəhrəmanlar diyarıdı,
Mərd insanlar diyarıdı,
Öz bəxtinə xoş gününü
Öz əliylə yaradanlar diyarıdı,
deyən şairin doğulub boya-başa çatdığı kəndə xoş günləri gətirənlər də elə yurdunun mərd insanları idi. Bu diqqət və qayğı Nursu kimi ucqar dağ kəndinin inkişafına, yeniləşməsinə, müasirləşməsinə səbəb olub.
Həyata keçirilən tədbirlər çərçivəsində kəndin rabitə, qaz, elektrik və su təchizatı da yenidən qurulub, müasir kommunal şərait yaradılıb. Bu inkişaf, bu tərəqqi gənclərimizin doğulub boya-başa çatdıqları kənd yerlərində məskunlaşmasına, qurub-yaratmasına imkan verir. Bunu ötən illərdə kəndə gələn bir neçə ailənin burada yenidən məskunlaşması, özlərinə təsərrüfat yaratmaqları da sübut edir. Bu, onun göstəricisidir ki, bir vaxtlar yaşayış və dolanışıq üçün başqa yerlərə üz tutub, yurd-yuvalarından köçüb gedənlər artıq yaxşı yaşayış üçün geri qayıdırlar.
Beləcə, bir yurd yeri ilə tanış olduq. Kənddə dəyişən çox şey var. İnsanların yaşayışı, rifah halının yaxşılaşması, kəndin evlərinin, sosial obyektlərinin müasirliyi, dəyişməyən isə bu yurd yerinin insanlarının torpağa, yurda bağlılığıdi.
Hicran Əliyeva
“Oğuz səsi” qəzeti