Torpaq heç kəsi naümid qoymur

A- A A+

Bu gün ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsində ailə-kəndli təsərrüfatları mühüm yer tutur.Artıq ailə təsərrüfatları özlərinin biznesini quraraq çoxlu sayda kənd təsərrüfatı məhsullarını emal edirlər. Muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi, ailə təsərrüfatlarının yaradılması, daxili bazarın idxaldan asılılığının azaldılması, eyni zamanda ixrac imkanlarının artırılmasına əlverişli şərait yaradıb. Ənənəvi olaraq keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalları isə imkan verir ki,emal olunan məhsullar bazara daha rahat çıxarılsın və satışı təşkil olunsun. Bu qəbildən olan festivalları həm də uzun illər xalqımızın etnoqrafik yaddaşında formalaşan məhsul bayramının müasir forması kimi də qiymətləndirmək olar.

Bu  gün Babək rayonunun bütün yaşayış məntəqələrində ailə təsərrüfatlarının fəaliyyəti genişlənir, hər il yeni təsərrüfatlar qurulur. Dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi,  əldə olunan məhsulun satışı üçün yaradılmış şərait isə ailə təsərrüfatı sahiblərini daha da ruhlandırıb. Rayonun Nehrəm kəndində isə bu sahə ilə məşğul olanların sayı daha çoxdur.    

Kəndin təsərrüfatlarında həm süd, həm də ət istehsalı aparılır. Ailələr  istehsal etdiyi süddən xama, qaymaq, şor və kərə hazırlayır və bazara çıxarırlar. Hətta elə ailələr var ki, xüsusi aparat vasitəsilə pendir və digər süd məhsulları emal edirlər. Nehrəm pendiri isə Naxçıvanın dükan-bazarlarının və keçirilən festivalların yaraşığıdır. Bundan başqa, kəndin təsərrüfatlarında taxıl əkininə də geniş yer verilir.  İstehsal olunan ət məhsulları kənddə olan ət bazarında əhaliyə satılır.

Dövlət tərəfindən güzəştli şərtlərlə alınan texnika və texnoloji avadanlıqlar kənd sakinlərinin  əkin-biçinlə bağlı olan bütün qayğılarını  aradan qaldırmağa kömək edir.  Texnikanı isə fermerlər  “Naxçıvan Aqrolizinq” ASC-nin Babək Rayon Bölməsindən  lizinq yolu ilə əldə edə bilirlər. 

Son illərdə muxtar respublikamızda su anbarları yenidən qurulub, nə qədər susuz sahələrə yeni kanallar, su xətləri çəkilib. Nehrəm kəndinin əkin sahələri də az deyil, hamısı da yararlı torpaqlardır. İndi Heydər Əliyev Su Anbarından Pircuvar ərazisinə daimi su gəlir. Bunun nəticəsidir ki, illərlə orada əkilməyən sahələr indi məhsul verir. Geniş sahələrdə  bostan məhsulları, tərəvəz əkilir.

Bu gün ailə təsərrüfatlarına dövlət tərəfindən lazımi kömək göstərilir. Yanacaq, əkin üçün gübrə, güzəştli kreditlərin verilməsi təsərrüfatçılar üçün böyük dəstəkdir.

Göründüyü kimi,Nehrəmdə ailə təsərrüfatlarının fəaliyyəti  günbəgün genişlənir.Emal olunan kənd təsərrüfatı məhsulları rahatlıqla istehlakçılara təqdim edilir.Qeyd etdiyimiz kimi, bunun əsas səbəblərindən biri də festivalların keçirilməsidir. Bu həftənin şənbə və bazar günləri də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında Nehrəm kəndində olan təsərrüfat rəhbərləri də çeşid-çeşid məhsullarla iştirak ediblər.

               

Tofiq ABUTALIBOV, aqronom

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: