Ədəbiyyat dünən:
Ədəbiyyat söz sənəti də olsa o hər şeydən öncə gözəllikdir. Çünki min illərdir ki, bu elm insanların duyğularını riqqətə gətirir, hər hansı bir sıxıntı olan zaman oxuduğumuz bir parça şeir, hekayə bizi rahatladır. Ancaq bilik vermək, kədərləndirmək, sevindirmək, ağlatmaq, bir sözlə oxucu hissləri ilə oynamaq da ədəbiyyatın işidir. Necə deyərlər ədəbiyyat hər yerdədir. Hər mövzudan və hər şeydən yazan ədəbiyyat bəşər övladının dünyanı qan gölünə çevirmək cəhdini belə öz səhifələrində olduğu kimi əks etdirir. Beləliklə bu ədəbiyyatımızda müharibə mövzusunun yaranmasına gətirib çıxarır.
Əslində Azərbaycan ədəbiyyatının tarixinə müraciət etdikdə aydın görünür ki, bizim ədəbiyyatımızın əsas mövzusu sevgi, əxlaq, fəlsəfə olub. Azərbaycan ədəbiyyatının tanınmış klassiklərinin bir çoxunun əsərlərində ümumiyyətlə müharibə mövzusuna rast gəlinmir. Nə həyatı boyu insan ruhunun azadlığı üçün mübarizə aparmış Nəsimi, nə də ki, böyük bir imperiyanın – Qədim Azərbaycanın qurucusu Şah İsmayıl Xətainin əsərləri buna misal ola bilər. Amma dahi Nizaminin “Sirlər xəzinəsi”, “İskəndərnamə” əsərlərində müharibə təsvirləri görürük. O isə əsərlərində ancaq müharibəni pisləyir, hökmdarlara müharibədən qaçmağı məsləhət görürdü.
Amma zaman keçdikcə inkişaf edən Azərbaycan ədəbiyyatında bu mövzu istedadlı yazıçıların mütəfəkkirlərin diqqətini çəkib. Ölkənin tarixində baş verən və taleyindən yan keçməyən müharibələr, davalar yazıçıların, şairlərin qələmində öz əksini tapıb.
İlk tarixi faciə 19-cu əsrin sonlarında dram şəklində Nəriman Nərimanovun qələmindən çıxsa da, Azərbaycan ədəbiyyatında müharibə mövzulu əsərlər XX əsrin əvvəllərində daha geniş işlənib. Buna nümunə olaraq Hüseyn Cavidin “Peyğəmbər”, “İblis”, “İblisin intiqamı”, “Səyavuş”, Cəfər Cabbarlının “Trablis müharibəsi”, “Ədirnə fəthi”, “Od gəlini”, Cəlil Məmmədquluzadəninin “Kamança” , Səməd Vurğunun “Vaqif” pyeslərində, Qurban Səidin “Əli və Nino” romanlarında rast gəlirik. Sonralar Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, İsmayıl Şıxlının, Ənvər Məmmədxanlının yazdığı dəyərli romanlar oxucuların qələbə əzmini artırıb.
Bəşəriyyəti sarsıdan ikinci dünya müharibəsi ərəfəsində və ondan sonra Azərbaycanda müharibə mövzusunda yazılan əsərlərin bəziləri isə hətta sifarişlə yazılırdı. O dövrlərdə arxiv sənədlərindən aydın olur ki, cəbhə üçün Azərbaycan yazıçılarının 12 külliyyatı, cəbhəçi şairlərin xüsusi şeirlər toplusu çap edilmişdi. Müharibənin ilk ilində ordu hissələrinə Azərbaycan dilində 172 adda 247 min nüsxə kitabça, 106 adda 736 min plakat, 66 adda 813 min vərəqə, 213 adda 11898 min şüar göndərilmişdi. Təbii ki, bütün bunlar bir yana amma əsl ədəbiyyat heç bir sifarişi, məcburiyyəti qəbul etmir. O dövrün əsl ədəbi əsərləri sayılan və bu gün belə yaddaşlarda qalan İsa Hüseynovun “Tütək səsi”, “Saz”, İsmayıl Şıxlının “Cəbhə gündəlikləri”, İmran Qasımovla, Həsən Seyidbəylinin birgə qələmə aldıqları “Uzaq sahillərdə” əsərləri bu gün də demokratik Azərbaycan oxucusu üçün maraqlıdır. Əminliklə demək olar ki, “Uzaq sahillərdə” romanı Azərbaycan ədəbiyyatında müharibə və döyüş səhnələrinin qələmə alındığı ən dəyərli əsərlərdəndir. Naxçıvan ədəbi mühitində də İslam Səfərlinin , Müzəffər Nəsirlinin, bu ənənəni davam etdirən, Əliyar Yusiflinin, Hüseyn İbrahimovun, Hüseyn Razinin, Həsən Elsevərin bu mövzuda əsərləri sanki insanın damarında qanını coşdurur.
Qələbə qoxulu əsərlər yazılmalıdır:
1990-cı illərdə Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşması tariximizin ən şanlı səhifələrindəndir. Lakin mənfur Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi tökülən qanlar, qırğınlar, faciələrlə ən ağrılı tariximiz kimi yaddaşımızda həkk olundu. Bu dəhşətli savaşlarda yüzlərlə soydaşımız həlak oldu, yurd-yuvasından didərgin düşdü. Nə qədər qəhrəmanlarımız, igid oğullarımız şücaət göstərdi, düşmənin canlı qüvvəsi və texnikasını öz həyatı bahasına məhv elədilər.
Məhz buna görə də torpaqlarımızın iyirmi faizinin işğal altında olduğu bir dövrdə, yazarlarımızın diqqətində müharibə mövzusu mütləq olmalıdır. Amma təəssüflər olsun ki, bu illər ərzində sanballı nəsr əsərlərinə rast gəlinmir. Düzdür, şairlərimiz bu sahədə şeirlər yazıb. Ancaq ədəbiyyatda şeirlər daha çox duyğuları ifadə edir. Bu isə gənc nəslə örnək olan müharibə qəhrəmanlarının həyatını tam təsvir etməyə geniş imkan vermir. Bir qədər yaradıcı yanaşdıqda, yəni müharibədəki qəhrəmanların fərdi şücaəti haqqında məlumat əldə etdikdə görürsən ki, bunu yaxşı bir ədəbiyyat nümunəsinə çevirmək mümkünüdür. Həqiqətən də, müharibə şəraitində yaşayan bir dövlətin, günü-gündən güclənən ordusunun əsgərlərinə, Qarabağ müharibəsi zamanı şəhid olmuş Milli qəhrəmanlarımızın döyüş yolunu əks etdirən bədii əsərlər yazmaq olar. Bu barədə araşdırma apararkən yalnız Naxçıvan Televiziyasının istehsalı olan filmlərə rastlaşırıq. Bu filmlərin ssenarisini isə televiziyanın əməkdaşları yazıb və onlar ədəbiyyat yox publisistika nümunələri sayılır. Yaxşı olardı ki, gənc nəslin vətənpərvərlik hisslərini artırmaq üçün müharibə mövzulu, barıt, səngər qoxulu əsərlər yazılsın. İncə hisslərlə gənc nəslə vətənpərvərlik də məhz bunların vasitəsilə təbliğ olunsun. Bundan başqa müharibənin ağrılarını, acılarını yaşayan bir xalq olaraq ona qarşı nifrəti də bu əsərlərdə göstərmək olar.
Təəssüf ki həm ölkəmizdə, həm də Naxçıvan ədəbi mühitində bu mövzu ilə bağlı durğunluq var. Baxmayaraq ki, son vaxtlar ordumuzun şücaəti, qüdrətlənməsi, əsgər və zabitlərin şücaəti bizcə, ədəbiyyata yetərincə mövzu verir. İndi əvvəlki dövrlərdən fərqli olaraq mövzu seçimi sərbəstdir. Azərbaycan Ordusunun aprel qələbəsi, Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun Günnüt zəfəri, Günnütün qəhrəmanları öz ədəbi obrazlarını hələ də gözəyir. Xalq öz qəhrəmanlarını təkcə həyatdan deyil, ədəbiyyatdan da tanımalıdır !
P.S. Bir faktı unutmayaq ki, söz silahdan daha kəskin öldürücü gücə malikdir. Belə olmasaydı dünyanın xalqları ədəbiyyata bu qədər əhəmiyyət verməzdi. Ədəbiyyatda isə müharibə mövzulu əsərlər nə qədər ağır olsa da orda mütləq Qələbə ətri duyulur. Biz isə gerçək həyatda qazandığımız Qələbəni niyə ədəbiyyatımıza gətirməyək?!
Mətin Abbaslı
Naxçıvan Televiziyasının əməkdaşı