İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi mayın 21-23-də Səudiyyə Ərəbistanının Ciddədə şəhərindəki mənzil-qərargahında təşkilata üzv dövlətlərin hökumətlərarası ekspertlər qrupunun layihəsini müzakirə etmək və onu daha da zənginləşdirmək üçün açıq iclas keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi İƏT Baş katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, üzv dövlətlərin ekspertləri, eləcə də təşkilatın müvafiq qurum və institutlarının nümayəndələrinin iştirak edəcəyi ekspertlər qrupunun iclasında 2023-cü il iyunun 5-6-da Qahirədə Misir Ərəb Respublikasının ev sahibliyi edəcəyi sosial inkişaf üzrə II Nazirlər Konfransına təqdim ediləcək fiziki imkanları məhdud şəxslərlə iş üzrə Fəaliyyət Planı da müzakirə olunacaq.
Qeyd olunub ki, bu iclasda sosial inkişaf üzrə Nazirlər Konfransının birinci sessiyasının sənədlərinin və İƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qətnamələrinin, xüsusilə də təşkilatın mədəni, sosial və ailə məsələləri üzrə Nuakşotda keçirilən qırx doqquzuncu sessiyasında qəbul edilmiş 4/49 C saylı qətnamənin icrası vəziyyəti əsas müzakirə mövzusu olacaq.