Yol-nəqliyyat hadisələrində hər il 1,3 milyon insan həyatını itirir

A- A A+

Hər il yollarda təxminən 1,3 milyon insan həlak olur və 50 milyonadək insan xəsarət alır. 5-29 yaşarası insanlarda yol-nəqliyyat hadisələri həyat üçün əsas təhlükədir. Dünyada hər dörd ölümdən biri piyadaların və velosipedçilərin payına düşür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə mayın 15-dən start götürən Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı xatırladır.

2021-2030-cu illər üçün yol hərəkəti təhlükəsizliyinin təminatı üzrə fəaliyyət Onilliyinin qlobal planı yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının və travmaların sayının 2030-cu ilədək 50 faiz azaldılması məqsədi daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun başçısı Hans Klyuge bəyanatında deyib: “Qlobal planda vurğulanır ki, insan təhlükəsizliyini istiqamət götürən yollara və yol şəbəkələrinə keçid insan həyatını qoruyub saxlamağa imkan verəcək. Travmalara daha həssas olanların – uşaqların, yeniyetmələrin, qadınların, sağlamlıq imkanları məhdud insanların, yaşlıların, velosipedçilərin və ictimai nəqliyyat istifadəçilərinin maraqları ilk növbədə nəzərə alınmalıdır. Təhlükəsiz, etibarlı və ekoloji nəqliyyat cəmiyyət həyatının bir çox sahələrində pozitiv sosial dəyişikliklərə kömək edə bilər”.

ÜST tərəfdaşları ilə birgə hər il Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi keçirir. İndiki - yeddinci dəfə keçirilən ekoloji təmiz hərəkət vasitələrinə həsr olunub. Söhbət əsasən daha çox piyada gəzintisindən, velosiped sürməkdən və ictimai nəqliyyatdan istifadədən gedir.

Gözlənilir ki, 2030-cu il üçün dünya əhalisinin təqribən 70 faizi şəhərlərdə yaşayacaq, bu səbəbdən də ictimai nəqliyyata tələbat əhəmiyyətli şəkildə artacaq.

“Təhlükəsizliyin zəruri təminatı zamanı şəxsi avtomobillərlə müqayisədə daha çox insanı daşıyan avtobuslar və şəhərətrafı qatarlar təhlükəsizlik, inklüzivlik və tərəqqi bələdçisinə çevrilə bilərlər. Biz insanların və planetin rifahı naminə indi və gələcək nəsillər üçün nəqliyyat sistemini yenidən düşünmək və yenidən qurmaq üçün bu inqilabi məqamdan kollektiv şəkildə istifadə etməliyik”, - deyə Klyugenin bəyanatında vurğulanır.

Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə 1668 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində 2290 nəfər zərər çəkib. Onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb. Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: