Ümumdünya Meteorologiya Təşkilatı: Havanın keyfiyyəti COVID-19 virusunun ötürülməsində ikinci dərəcəli rol oynayır
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) dərc etdiyi yekun hesabatda meteorologiya və havanın keyfiyyətinin COVID-19 virusunun ötürülməsində ikinci dərəcəli rol oynadığı barədə öz qənaətlərini təsdiqləyib və yeniləyib.
Pandemiyadan əldə edilən ibrət dərsləri respiratorlu virusun yayılmasının proqnozlşdırılması zamanı ətraf mühit barədə məlumatlardan necə istifadə olunub-olunmamasını göstərdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hesabatda vurğulandığı kimi, bu səbəbdən tədqiqatçıların COVID-19-a yanaşmada meteoroloji amillərin və havanın keyfiyyətinin öyrənilməsini davam etdirmələri çox mühümdür. Bu zaman səhiyyə sahəsində gələcəkdə baş verəcək beynəlxalq fövqəladə vəziyyətə hazırlıq və reaksiya verilməsi üçün belə biliklərdən istifadə imkanları nəzərə alınmalıdır.
COVID-19 pandemiyasının ilk iki il yarımlıq tədqiqatları göstərir ki, xəstəliyin ötürülməsinə meteorologiya və havanın keyfiyyətinin təsiri qeyri-tibbi müdaxilənin, vaksinləmə kampaniyalarının, immunitetdə və davranış dinamikasında dəyişikliklərin təsiri ilə müqayisədə ikinci dərəcəli olub. Həmçinin müəyyən hava şəraitinin (məsələn, mülayim və rütubətli şərait) infeksiyanın ötürülməsini tamamilə istisna etməsi barədə sübutlar da mövcud deyil.
Əldə olunan məlumatlar onu göstərir ki, hava şəraiti, COVID-19 xəstəliyi və bu xəstəliyin ağır fəsadları arasında əlaqələr mürəkkəb və qeyri-nizamidir.
Bir neçə tədqiqat havanın keyfiyyətinə təsir göstərən çirkləndiricilər və COVID-19-un ağır fəsadları arasında əlaqənin mövcudluğunu sübut edir. Lakin bu əlaqənin tam başa düşülməsi üçün daha çox məlumat lazımdır.
Pandemiyanın ilk illərində meteorologiya və havanın keyfiyyətinin digər amillərlə müqayisədə ikinci dərəcəli rol oynamasına baxmayaraq, COVID-19-a yoluxmaların və bu xəstəlik nəticəsində ölənlərin sayı o qədər böyük idi ki, hətta ikinci dərəcəli amillər ciddi əhəmiyyət daşıyırdı. Bu səbəbdən tədqiqatçıların COVID-19 pandemiyasına meteorologiya və havanın keyfiyyətinin təsirini öyrənmələri çox mühümdür.
COVID-19 qlobal endemik xəstəlik qismində hələ də ağır nəticələrə səbəb olur. Hətta yoluxmalarda və COVID-19-un ağırlıq göstəricilərində kiçik faiz dəyişiklikləri ölüm baxımından ciddi fəsadlara səbəb ola bilər. Nəticə etibarilə, meteorologiya və havanın keyfiyyətinin rolu tədqiqatlarda mühüm istiqamət olaraq qalmaqdadır və bu, dəqiq proqnozlaşdırma və effektiv müdaxilə tədbirlərinin işlənib hazırlanmasına imkan verəcək.
ÜMT meteorologiya və havanın keyfiyyətinin COVID-19-a təsirinin gələcək araşdırmalara daxil edilməsi məqsədilə milli meteorologiya xidmətlərini və elmi ictimaiyyəti səhiyyə sahəsinə aid ekspertlərlə sıx əməkdaşlıq etməyə çağırır.