Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana səfər edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav-Nils Thue Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvanın bir sıra yerlərində olub.
Qonaq Olav-Nils Thue ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Muzeydə qonağa dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, nəzəri irsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzeydə ümummilli liderə həsr olunmuş 4 mindən çox eksponat var. Ulu öndərin fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, həyatının müxtəlif məqamlarını əks etdirən sənədlərə, həmçinin ümummilli liderə həsr olunan kitablara qonaq böyük maraqla baxıb. Qonaq xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Naxçıvan Biznes Mərkəzinə gələn qonağa muxtar respublikada istehsal olunan məhsullar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə 94 müəssisə tərəfindən 192 növdə 1000-dən çox çeşiddə məhsul sərgilənir.
Olav-Nils Thue muxtar respublikada istehsal olunan məhsulların keyfiyyəti ilə maraqlanıb. Mərkəzdə sərgilənən məhsullar qonaqda böyük maraq doğurub.
Cavid Səfərli