Aprelin 17-dən mayın 14-nə kimi dünyada koronavirus infeksiyasına təxminən 2,6 milyon nəfər yoluxub, 17 mindən çox insan ölüb. Ötən 28 gün ilə müqayisədə ölüm hallarının sayı 26 faiz, yoluxma hallarının sayı isə 14 faiz azalıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində deyilir.
ÜST-nin məlumatına görə dünyada dörd həftə ərzində 2 592 575 yoluxma halı və 17 106 ölüm halı qeydə alınıb. Bu müddət ərzində ən çox - 418 960 yoluxma Koreya Respublikasında aşkar olunub. Daha sonra ABŞ (355 376), Yaponiya (229 877), Hindistan (162 559) və Braziliya (153 829) gəlir. ABŞ-da aprelin 17-dən mayın 14-nə kimi ən çox - 5 333 ölüm halı qeydə alınıb. Ondan sonra Braziliya (1 305), Fransa (925), Rusiya (882) və Hindistan (656) qərarlaşıb.
Bülletendə ÜST-nin altı regionundan ikisində - Cənub-Şərqi Asiya ( 52 faiz) və Qərbi-Sakit Okean regionunda (47 faiz) ötən dörd həftə ilə müqayisədə 28 gün ərzində aşkar edilmiş yoluxma hallarının artması barədə deyilir. Qalan regionlarda bu göstəricinin azalması və ya vəziyyətin sabitləşməsi qeyd olunub. Ölüm hallarının sayı 28 gün ərzində yalnız Cənub-Şərqi Asiyada (153 faiz) artıb.
ÜST hesab edir ki, SARS-CoV-2-yə yoluxma halları barədə təşkilata daxil olmuş məlumatların sayı dünyada yoluxma hallarının sayı ilə bağlı tam mənzərəni “dünyada koronovirusla bağlı testləşdirmənin azalması və məlumatın təqdim edilməsində potensial gecikmələr üzündən” əks etdirmir. Bu mənada ÜST bülletenindəki məlumatlar “tam deyil, onlar testləşdirmədə və dünyada COVID-19-un yayılmasının müşahidə olunmasında dəyişiklikləri nəzərə almaqla interpretasiya olunmalıdır”.