Naxçıvanın tarix və mədəniyyətinin geniş tədqiqi və öyrənilməsi istiqamətində son illər həyata keçirilən ardıcıl tədbirlər Azərbaycan tarixşünaslığına əvəzsiz töhfədir. Aparılan arxeoloji qazıntılar, qədim diyardakı tarixi abidələrin bərpası, davamlı olaraq keçirilən elmi konfrans və simpoziumlar tarixə sahiblik və onu qoruyub yaşatmaq məramının ən dəyərli nümunələridir. Bu sıraya son illər mühüm tarixi fakt və sənədlər əsasında hazırlanıb nəşr edilən kitab və monoqrafiyaları da əlavə etsək, görülən işlərin sistemliliyi bir daha öz təsdiqini tapar.
“Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan ensiklopediyası”, “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan tarixi atlası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Əlincəqala”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan-türk-islam mədəniyyəti abidələri” kimi yüzlərlə fundamental əsərlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə meydana çıxan xüsusi əhəmiyyətli elmi-tarixi nəşrlərdir. Dəqiq tarixi faktlar, xəritələr, fotoşəkillər və digər sənədlər əsasında hazırlanan həmin nəşrlər Azərbaycan tarixinin öyrənilməsinə mühüm töhfələr verməklə yanaşı, həm də tariximizi saxtalaşdırmağa çalışan və Sovet dövründə buna nail olan ermənilərə də ən tutarlı cavabdır.
Həmin siyahıya daxil olan daha bir nümunə bu günlərdə Naxçıvanda nəşr edilən “A.S. Qriboyedov: Şair-diplomat” kitabıdır. Publisist və politoloq Reyhan Mirzəzadənin qələmə aldığı bu kitabda Azərbaycan, eləcə də Naxçıvan tarixi üçün əhəmiyyətli olan bir sıra mühüm məqamlar öz əksini tapıb.
Əsərdə polyak əsilli tanınmış rus dramaturqu, yazıçı və diplomatı Aleksandr Qriboyedovun (1795-1829) həyat və fəaliyyətinə toxunulur, onun ikinci Rus-İran müharibəsinin (1826-1828-ci illər) nəticəsi olaraq meydana çıxan Türkmənçay sülh müqaviləsinin hazırlanıb imzalanmasındakı fəaliyyəti diqqətə çatdırılır. Onun məşhur “Ağıldan bəla” komediyasını Azərbaycanda yazmağa başlaması qeyd olunur. Qriboyedovun görkəmli tarixçi və mütəfəkkir Abbasqulu ağa Bakıxanovla dostluğu və işgüzar əlaqələrindən də bəhs edilən kitabda rus diplomatının Naxçıvan haqqında qeydləri də diqqəti cəlb edir. O, Naxçıvanın tarix və təbiətinə, mədəni mühitinə, zəhmətkeş və vətənpərvər insanlarına heyranlığını dilə gətirir.
Onun 1819-cu ilə aid olan qeydlərindən oxuyuruq: “Biz dağlara qalxdıq. Bir neçə saatlıq yoldan sonra məşhur “İlanlıdağ”ın (Haçadağ) yanına çatdıq; biz buradan Qazançı adlanan kəndə qalxdıq... Naxçıvan vadisinin geniş sahəsi nəzəri cəlb edir, şimal-şərq istiqamətində Dağlıq Qarabağ mənzərələri füsünkar təbii cizgilərlə insanı valeh edir. Sonra İlan dağı və Arazın o tayında ona bənzər daha iki dağ da görünür; nəhayət qərb tərəfdə nəhəng Ağrı dağı ucalır. Naxçıvan özü də uzun bir təpəlik üzərində yerləşir ki, bu da Qarabağ dağlarının davamıdır”.
Qriboyedov “İrəvan yürüşü” qeydlərində müharibəni pisləyərək yazır: “Araz boyunca yerləşən kəndlərin zəmiləri sapsarı saralmış, lakin məhsul yığanlar yoxdur. Çünki adamlar qaçhaqaç zamanı doğma yerləri tərk etmişlər”.
Ümumiyyətlə, Rus-İran müharibəsi dövründə tərtib edilən “İrəvan yürüşü” qeydlərində Naxçıvan barədə xeyli məlumatlara rast gəlinir. Həmin qeydləri nəzərdən keçirdikcə aydın olur ki, Naxçıvan Qriboyedovun tərcümeyi-halında və yaradıcılığında mühüm yer tutub. O, Naxçıvanda Bakıxanovla birlikdə İran tərəfi ilə danışıqlara başlamış, İrandan köçürülmüş ermənilərin qəbulu ilə əlaqədar tədbirləri müzakirə etmişdir. Nəhayət, 1829-cu ildə Rusiyanın Tehrandakı səfirliyinə hücum zamanı işgəncə ilə öldürülən yazıçının cənazəsi də Naxçıvanda qarşılanmışdır.
Rusiyanın İrandakı səfiri kimi həyatla vidalaşan Qriboyedovun cənazəsini qarşılayan dostları arasında olan rus şairi V.Qriqoryev Naxçıvan haqqında tədqiqat apararaq 1833-cü ildə “Naxçıvan əyalətinin statistik təsviri” adlı qiymətli əsərini çap etdirib.
İkinci məktub
Reyhan Mirzəzadənin “A.S. Qriboyedov: Şair-diplomat” kitabında diqqəti çəkən ən əsas məqamlardan biri də Qriboyedovun 1828-ci ilin oktyabrında Culfa şəhərində yazdığı məktubdur. Qafqazın ali baş komandanı, general Paskeviçə ünvanlanan məktub işğalçı ermənilərin Cənubi Qafqazın əzəli sakinləri olmaları yönümündəki sayıqlamalarına ən tutarlı cavablardan biridir. Qriboyedov həmin məktubunda yazır: “Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi düşünülməmiş bir siyasətdir. Çünki rus hökumətinin belə bir köçə razılıq verməsi Naxçıvanda köklü və yerli əhalinin haqlı etirazına səbəb olur... Bu köçəcən Naxçıvanda çox az miqdarda - barmaqla sayılacaq qədər erməni yaşayıb”.
Qriboyedov daha sonra bu konfliktə səbəb olan problemin başqa bir diplomatik həllini təklif edir: “Köçürülən erməni ailələrini başqa bir yerə yollasınlar. Onsuz da onların yaşamağa yeri-yurdu yoxdur. Belə çıxır ki, biz yerli bəy-xanların hakimiyyətini əlindən alırıq, əvəzində isə yerli əhaliyə yad və dolaşıq qanunlar sırımaq fikrindəyik. Burada elə bir vəziyyət yaranmasın ki, xalq arasında böyük hörmət və etibar qazanmış şəxslərin və din xadimlərinin başının üstündən tamam yad bir millətin qanunlarını zorakı şəkildə qüvvəyə mindirək”.
Bacarıqlı diplomat olan Qriboyedov ermənilərin xarakterinə və xislətinə yaxından bələd olduğu üçün gələcəkdəki real təhlükələri dövlətin ən yüksək dairələrinə qədər aparıb çıxara bilmişdir.
O, rus impertoruna yazırdı: “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar və “bura bizim qədim dədə-baba torpağımızdır”- deyəcəklər”.
Rusiyanın Əməkdar mədəniyyət işçisi, Rusiya Yazıçılar Birliyinin katibi Sergey Dimitriyev də mövzu ilə əlaqədar olaraq yazır ki, həmin dövrdə 2-3 il ərzində 70 min erməni İrandan Azərbaycana köçürüldü. Onlar əsasən Naxçıvan və Qarabağ xanlığının ərazilərinə köçürüldülər. Dağlıq Qarabağa ermənilərin köçürülməsi ilə bağlı tarixi məqama da toxunan Dimitriyev bildirib ki, A.Qriboyedov ermənilərin bu ərazilərə köçürülməsində iştirak etsə də bu işdə tam günahkar deyil: “Düzdür, Türkmənçay müqaviləsini Qriboyedov özü yazmışdı. Lakin müaviləyə 15-ci, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi maddəsinin əlavə olunması məsələsinə gəldikdə, bu məsələ 1813-cü ildə imazalanan Gülüstan sülh müqaviləsində də öz əksini tapmışdır”
Bütün bu faktlar bir daha təsdiq edir ki, ermənilər Cənubi Qafqaza, eləcə də Azərbaycan ərazilərinə iki əsr bundan əvvəl köçürülmüşlər. Və təbii olaraq onlar bizim torpaqlarımızda qədim tarixi abidə və ya mədəniyyət yarada bilməzdilər. Belə deyək ki, Ermənilər bu ərazilərə Əcəmi 12-ci əsrdə Naxçıvan şəhərində Mömünə xatun türbəsini ucaltdıqdan 6 əsr sonra köçürülmüşlər.
Birinci məktub
Bu məqamda qeyd etmək yerinə düşər ki, Qriboyedovun Paskeviçə göndərdiyi məktub kimi, İrəvan şəhərinin hakimi, Çuxursəd bəylərbəyi Rəvanqulu xanın 1519-cu ildə Şah İsmayıl Xətaiyə yazdığı məktub da tarixən ermənilərin Qafqaza hansı şəraitdə gəlib məskən salmalarını sübut edən rəsmi dövlət sənədi və tarixi fakt kimi müstəsna əhəmiyyətə malikdir. Bu məktub İrəvan xanlığının işğalından sonra tarixi torpaqlarımızda özlərinə dövlət quran, bu işğalçılıq və terror siyasətini bütün 20-ci əsr boyu davam etdirən ermənilərə daha bir tutarlı cavabdır: “Ulu şahım! Mən qulluq həddimi heç zaman aşmamışam. Lakin son illər müşahidələrimə görə, Büynənnəhreydən (İkiçayarasından S.T.) Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa, bizim torpaqlara gələn ermənilər, sazişdəkilər kimi, kəsbkarlıqla, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaqdansa, tabeliyimdəki torpaqlarda vurnuxma meyllərinə başlamış, geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Ağkilsə kəndində əyləşən dünya ermənilərinin katalikosu ikinci Qriqori təxribatçılıq əməlləri ilə idarəmizi müşkülə məruz qoyub. Katalikos erməni dini mərkəzinə vəqf sərmayəsi hesabına öz soydaşlarının türk torpaqlarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürü yaradılır ki, bunlar istiqbalda nəsillərimizə baş ağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər. İndi zikr olunan ərazidə elə bir kəndimiz, obamız qalmayıb ki, orada üç yad ailə işığı yanmasın. İsmətsizlik əxlaqına qurşanmış hayk qız-gəlinləri türk dəliqanlı cavanlarına sıranmağa can atır, qədim peşəliklə könüllər ovundurur, Oğuzlara ərə getməyə, başqa sözlə, mülkümüzə, malımıza şərik çıxmağa çalışır, siyasətdə sakit təcavüz adlanan cinayətlər törədirlər. Qarışıq nigahların vüsəti məni qorxudur, şahım. Mənə səlahiyyət ver, cəmi 15 min gəlməni mövsümi işçilər kimi qısım-qısım qaytarım vətənin dışlarına. Sənin qulun Rəvan xan”.
Son söz
Əlbəttə, əlahəzrət faktdan böyük fakt yoxdur. Bu cür tarixi sənəd və faktların xüsusən, gənclərimiz tərəfindən mənimsənilməsi son dərəcə vacib məsələdir. Düşünürəm ki, bu cür tutarlı tarixi faktların həm öz dilimizdə, həm də rus və ingilis dillərinə tərcümə edilməklə internet resursaları üzərindən geniş yayılmasına da ehtiyac vardır. Çünki bu gün müharibə təkcə qoşunlarla yox, həm də informasiya, elmi fakt və dəlillərlə aparılır. İstər R.Mirzəzadənin “A.S. Qriboyedov: Şair-diplomat” kitabındakı mühüm faktların, istərsə də sadalanan digər sənədli materialların geniş arealda yayılmasına hər birimiz səy göstərməliyik.