Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mövcud olduğu 75 il ərzində əldə etdiyi irəliləyiş müharibələr və iqlim dəyişmələri səbəbindən təhlükəyə məruz qalıb, bu irəliləyiş COVID-19 pandemiyası ucbatından ləngiyib və hətta geriləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Cenevrədə açılan 76-cı Ümumdünya Assambleyasının iştirakçılarına videomüraciətində bildirib.
A.Quterreş deyib: “ÜST yarandığı dövrdən insanların mühafizəsində nəzərəçarpan irəliləyişə nail olmuşdu. İnsanların uzunömürlülüyünün orta göstəricisi 50 faizdən çox artıb, uşaq ölümü son 30 il ərzində 60 faizdən çox azalıb, çiçək xəstəliyi aradan qaldırılıb, poliomielit isə yoxolma həddindədir. Lakin irəliləyiş təhlükə altındadır: müharibələr və münaqişələr milyardlarla insana təhdid edir, iqlim sahəsindəki böhran nəticəsində milyardlarla insanın sağlamlığı təhlükə ilə üz-üzədir. COVID-19 pandemiyası ictimai səhiyyədə irəliləyişi ləngidib və hətta gerilədib”.
Baş katibin fikrincə, əgər dünya əlaqəli fəaliyyət göstərərsə, yalnız o halda tərəqqi yoluna qayıtmaq mümkündür. “Yeni pandemiyalardan tutmuş iqlim dəyişmələrinədək - sağlamlıq üçün gələcək təhdidlərə çox mühüm hazırlaşmaq lazımdır ki, mümkün olduğu halda biz onun qarşısını ala bilək və mümkün olmadığı halda onlara tez və effektli reaksiya verək”, - deyə BMT-nin rəhbəri qeyd edib. O, ümidvar olduğunu bildirib ki, pandemiyanın qarşısının alınması barədə hazırda aparılan danışıqlar insanların həyatını xilas edən güclü hərtərəfli yanaşmalarla başa çatacaq. Quterriş ölkələri birgə işləməyə və ÜST-ni hamı üçün yüksək sağlamlıq standartlarına nail olmaqda dəstəkləməyə çağırıb.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Assambleyadakı çıxışında təşkilatın öz fəaliyyətində üzləşdiyi çətin problemləri xarakterizə edib. Təşkilatın fəaliyyəti ilə dünyanın bağladığı gözləntilər son 20 ildə artıb, təşkilatın sərəncamında olan ehtiyatlar isə artmayıb. O, bu çağırışlardan biri kimi ÜST-nin getdikcə siyasiləşdirilmiş mühitdə hərəkət etmək məcburiyyətində olması faktını vurğulayıb. Koronavirus pandemiyasından danışan Qebreyesus ortaq təhdidlərə birgə reaksiya verilməsi zəruriliyinin dərk edilməsini onun əsas ibrət dərsi adlandırıb. ÜST-yə üzv ölkələrin hazırda barəsində danışıqlar apardığı pandemiyaya reaksiya verilməsi barədə razılaşma səhiyyə sahəsində qlobal təhlükəsizlik paradiqmasını dəyişməyə qadir olan tarixi razılaşmaya çevrilməlidir.
Qeyd edək ki, Azərbaycanı Assambleyada səhiyyə naziri Teymur Musayevin başcılıq etdiyi nümayəndə heyəti təmsil edir, səfər çərçivəsində ÜST-nin rəsmi şəxsləri və müxtəlif ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər də keçirilir.
Dünyada sağlamlığın müdafiəsinin aktual məsələlərinin, o cümlədən yeni pandemiyalara hazırlığın müzakirə olunduğu sessiya mayın 30-dək davam edəcək. Sessiyada 2024-2025-ci illər üçün proqram və büdcə qəbul olunacaq.