Naxçıvanda güclü yağış yağması bir sıra fəsadlara səbəb olub - FOTOLAR
Naxçıvan şəhərində güclü yağış yağması bir sıra fəsadlara səbəb olub.
Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.
Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində intensiv yağışlar nəticəsində bir neçə fərdi yaşayış evləri, yaşayış və inzibati binaların zirzəmilərinin subasmaya məruz qalması barədə daxil olub.
Hazırda daxil olmuş məlumatlar əsasında ərazilərə cəlb olunmuş Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.