20 dəqiqəlik leysan həyatı iflic etdi - Naxçıvanda tikinti biabırçılığı yaşandı - VİDEO

Yarıtmaz tikinti işlərinin acizanə mənzərəsi

A- A A+

Naxçıvan şəhərində bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Bu gün axşam saatlarında yağan güclü leysan və dolu Naxçıvan şəhərində acınacaqlı mənzərələrə səbəb olub. NTV xəbərin əməkdaşlarının təbiət hadisəsindən dərhal sonra şəhərimizdə apardığı çəkilişlərdən və sosial şəbəkələrdə paylaşılan görüntülərdən də aydın olur ki, muxtar respublikada memarlıq və tikinti sektorunda aparılan işlərdə kifayət qədər keyfiyyətsizliyə və məsuliyyətsizliyə yol verilib.

Cəmi 30 dəqiqə ərzində şəhərin mərkəzi küçələri və digər ərazilər, demək olar ki, suyun altında qaldı.

Aparılan çəkilişlər və sosial şəbəkələrdə paylaşılan görüntülərdən göründüyü kimi, suburaxıcı və suaxıdıcıların olmaması avtomobil yollarında və səkilərdə, necə deyərlər, göl mənzərəsi yaratdı.

Leysan və dolu vaxtı bütün yağış suları mikrorayonları, Xıncab məhəlləsini, Xətai məhəlləsini, Sabir küçəsini, Azərbaycan məhəlləsini, 36-cı məhəlləni və onlarla digər əraziləri basır.

Yollarda yağış sularının axıdılması üçün drenaj sisteminin olmaması səbəbindən sel suları bəzi yerlərdə asfalt örtüyünü də dağıdıb.

Avtomobil yollarından aşağı səviyyədə olan küçələrdəki yaşayış evləri də ciddi ziyan görüb.

Müvafiq qurumların əməkdaşları suların axıdılması üçün çıxış yolunu avtomobil yollarındakı kanalizasiya quyularının qapaqlarını açıq qoymaqda görüblər. Bu isə avtomobillər üçün təhlükə mənbəyinə çevrilib.

Güclü leysan və dolu bir sıra ərazilərdə ağaclara da ziyan vurub.

Milyonlarla manat vəsait hesabına tikilən Naxçıvanın su-kanalizasiya sistemləri yarım saat ərzində iflic vəziyyətə düşdü. Bu sistemlər tam keyfiyyətli və standartlara uyğun tikilib istismara verilsəydi, yağış suları asanlıqla Araz çayına axıdıla bilərdi.

Naxçıvan Perinatal Mərkəzinin inzibati binası, Naxçıvan Dövlət Universitetinin bir sıra tədris korpusları, bir neçə ilə dəbdəbə və şan-şöhrətlə tikilən Naxçıvan Palasın binalarındakı mənzərələr bir daha təsdiq edir ki, Naxçıvanın memarlıq və tikinti sektorunda görülən işlərdə kifayət qədər keyfiyyətsizliyə və məsuliyyətsizliyə yol verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin Naxçıvan televiziyasına müsahibəsində də vurğuladığı kimi: Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında aparılan tikinti sadəcə dövlət sektorunun sifarişləri əsasında baş vermişdir. Təəssüf hissi ilə qeyd edirəm ki, bu sahədə şəffaflıq tam təmin olunmayıb. Ümumiyyətlə, Şəhərsalma və Arxitektura Komitəsinə həddindən artıq böyük səlahiyyətlər müəyyənləşdirilməklə bu işlər aparılmışdır və bu da ciddi suallar ortaya çıxarmışdır. Tikinti işləri kifayət qədər keyfiyyətsiz və milli memarlıq üslubundan kənar aparılıb.

Xülasə, Naxçıvan televiziyası keyfiyyətsiz işləri, 1 ilə dağılan məktəb və digər sosial obyektlərin “şapalaqla üz qızardılan” tikilişini tənqid edəndə cavab bu idi: “Naxçıvana nə yağış yağır ki guya", ya da "Sizə aid məsələ deyil, öz işinizlə məşğul olun”. Bugünkü leysan və doludan sonra tək Naxçıvana yox, həm də sizin gördüyünüz işlərə yağış yağdı. Pis çıxmasın, qəşəng islandınız... Göydən 3 alma düşdü...

Röyal Məmiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: