Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında qonağa geniş məlumat verib.
Səfir səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. İlk dəfə gəldiyi muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşən diplomat gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyətindən danışıb.
Daha sonra səfirin Azərbaycan və Norveçdə olan mövcud təhsil sisteminin müqayisəli cəhətlərinə dair sualları cavablandırılıb, təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.