Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə ilk tiflopedaqoqlardan biri, gözdən əlillər üçün relyefli əlifbanın və ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin anadan olduğu tarix Beynəlxalq Gözdən Əlillər Günü kimi elan edilib. O, 1745-ci il noyabrın 13-də Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub.
NUHÇIXAN xəbər verir ki, XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi. V.Qayui ilk dəfə Fransada gözdən əlillərin təhsil almaları üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün “işləyən korların emalatxanası”nı açıb və ilk olaraq həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib.
V.Qayui kor uşaqların təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə kor uşaqlara oxu öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Kor uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına da yiyələniblər. Bundan başqa, V.Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklər, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.
Özünün ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, V.Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə korlar üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl kor uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.
1803-cü ildə Rusiya imperatoru I Aleksandr V.Qayuinu Sankt-Peterburqda gözdən əlillər üçün tədris-tərbiyə müəssisəsi açmağa dəvət edib. 1807-ci ildə Sankt-Peterburqda gözdən əlillər üçün institutun ştat vahidi və büdcə vəsaiti təsdiq edilib.
Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən hazırda dünyada 1 milyard 3 milyon insan müxtəlif göz problemlərindən əziyyət çəkir. Onlardan 36 milyonu tamamilə kordur. Bununla belə vaxtında edilən müalicə 80 faiz hallarda görməni tamamilə itirmənin qarşısını ala bilər.
Ölkəmizdə 40 minə yaxın gözdən əlil var. Onların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək üçün mütəmadi tədbirlər görülür. 2015-ci ildə Nərimanov rayonunda 132 mənzilli bina tikilib gözdən əlillərin istifadəsinə verilib. Həmin ilin axırlarında Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayan gözdən əlillər üçün xüsusi reabilitasiya mərkəzi tikilib. Mərkəzdə Brayl şrifti ilə nəşrlər, Brayl əlifbasının öyrədilməsi, kompüter biliklərinin aşılanması və digər istiqamətlərdə geniş reabilitasiya tədbirləri həyata keçirilir. Gözdən əlillərin əmək pensiyasının sığorta hissəsinə əlavə olaraq 110 manat hesablanır.
Gözdən əlil və görmə qabiliyyəti zəif olanların informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsi üçün bölgələrdə regional informasiya mərkəzləri yaradılıb. Əlillərin işlə təmin olunması üçün bir sıra təlim-tədris kursları təşkil olunur. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün Brayl əlifbalı iri şriftlər və səsli formatlı dərsliklər, dərs vəsaitləri nəşr edilir.
Paytaxtın əsas işlək küçələrində svetoforlar səs siqnalları ilə təchiz edilib. Bir sıra binaların qarşısında və yol kəsişmələrində gözdən əlillərin rahatlığı üçün panduslar quraşdırılıb. Bu ilin mayında Milli Məclisdə əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi təsdiq edilib. Layihədə gözdən əlillərə verilən reabilitasiya vasitələrinin artırılması nəzərdə tutulub.