Diasporla İş üzrə Dövlət Komitəsinin və İstanbul Maltepe Bələdiyyəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək.
Dövlət Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, mayın 15-də İstanbul Maltepe Bələdiyyəsinin ərazisində “Azərbaycan Xalq Cümhuriyyəti -100-cü il Parkı”nın açılışı olacaq.
Bundan başqa, Türkan Saylan Kültür Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr edilən konfrans, Türkiyədəki azərbaycanlı rəssamların sərgisi və həmin əsərlərdən ibarət kataloqun təqdimatı keçiriləcək, Azərbaycan və Türkiyə incəsənət ustalarının, rəqs kollektivlərinin iştirakı ilə qala konsert təşkil olunacaq. Konfransda Türkiyə və Azərbaycan elm adamlarının, rəsmi şəxslərinin iştirakı planlaşdırılır.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyatda olan varislərindən bir qrupu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı təltif ediləcək.