Rayonlarda 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı Şərur, Culfa, Şahbuz, Babək və Kəngərli rayonlarında uşaq hüquqlarını qoruyan müvafiq təşkilatların əməkdaşları, 2022-2023-cü tədris ilində fərqlənən şagird və müəllimlərin iştirakı ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbirlər keçirib.
Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, tədbirlərdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününün mahiyyətindən, muxtar respublikada uğurla həyata keçirilən dövlət uşaq siyasətindən, uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılıb və onların cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi dövlət tərəfindən daim diqqətdə saxlanılır.
Sonra təhsil sahəsində ən yüksək göstəriciyə nail olan şagirdlərin çıxışı olub. Qeyd olunub ki, yaxşı təhsil almaları, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, fiziki cəhətdən sağlam böyüməsi, uşaqların idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması dövlətin uşaqlara göstərdiyi diqqət və qayğısının təcəssümüdür.
Daha sonra sözügedən rayonlar üzrə müxtəlif sahələrdə nailiyyət qazanmış uşaqlar, eləcədə şəhid övladları təşkilatçılar tərəfindən hədiyyə və fəxri fərmanla təltif olunublar.
Tədbirlərdə Uşaq Musiqi və tam orta məktəblərin şagirdlərinin, eləcə də uşaq bağçalarının balaca fidanlarının ifasında Ulu Öndərə həsr edilmiş şeir, mahnı, eləcə də rəqs nömrələri nümayiş olunub.
Sonda istedadlı uşaqların rəsm və əl işlərindən ibarət sərgilərə baxış olub.