Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiyanın Baş naziri Peter Pelleqrininin geniş tərkibdə görüşü - FOTOLAR

A- A A+

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü başa çatdıqdan sonra danışıqlar geniş tərkibdə davam etdirilib.

NUHÇIXAN xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. İndicə cənab Baş nazirlə ölkələrimiz arasında olan münasibətlər, gələcək planlar barədə çox önəmli və maraqlı söhbətimiz oldu. Bizi ziyarət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Görüşdə dediyim kimi, münasibətlərimizin tarixində bu, Slovakiyanın Baş nazirinin ölkəmizə ilk səfəridir. Digər vacib fakt ondan ibarətdir ki, Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir. Biz bunu hörmət, tərəfdaşlıq və Azərbaycana maraq əlaməti hesab edirik. Biz əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Biz tərəfdaşlığın genişləndirilməsində böyük potensialı görürük və əminəm ki, səfər zamanı müzakirə olunan məsələlər gələcək tərəfdaşlıq üçün möhkəm zəmin yaradacaqdır.

İkitərəfli münasibətlərlə bağlı çoxlu işlər görülməlidir. Biznes dairələrinin bir araya toplaşması və gələcək planları müzakirə etməsi də bizi məmnun edir. Əlbəttə ki, biz siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Biz daşımalar sahəsində potensialı müzakirə etdik.

Əməkdaşlığımızın vacib hissəsi, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləridir. Bu münasibətlər yaxşı formadadır. Bu il biz “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq və Azərbaycan ilə Avropa İttifaqı arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, sosial, nəqliyyat, enerji sahələrini əhatə edəcək yeni razılaşma üzrə danışıqların fəal mərhələsindəyik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı tərəfindən çox mühüm tərəfdaş hesab olunur. Bizim icra etdiyimiz layihələrin qitədə böyük miqyası var. Buna görə, cənab Baş nazir, əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı üçün çox yaxşı imkanlar yaradacaq. Mən Sizə uğurlu səfər arzu edirəm.

Slovakiyanın Baş naziri Peter PELLEQRİNİ deyib:

-Çox sağ olun, Zati-aliləri cənab Prezident. Sizinlə bu gözəl məkanda şəxsən görüşməkdən məmnunam. Bəli, Siz tamamilə düz qeyd etdiniz, biz istərdik ki, səfərimiz münasibətlərimizin daha dinamik şəkildə inkişafına xidmət etsin.

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini nümayəndə heyəti üzvlərinin Bakıda öz həmkarları ilə hökumətlərarası komissiyanın yaradılması, iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsi ilə bağli səmərəli danışıqlar apardıqlarını bildirib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, investisiya, təhsil, turizm sahələrində əlaqələrin perspektivləri müzakirə olundu. Söhbət zamanı Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

***

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Peter Pelleqrini işçi nahar ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: