Noyabrın 14-ü Beynəlxalq Loqoped Günüdür. 2004-cü ildən keçirilən bu gün loqopedlərin peşə bayramı hesab olunur.
NUHÇIXAN xəbər verir ki, loqopediya pedaqoji elmin nitq pozuntularını öyrənən sahəsidir. Pedaqoji elmlərin bir sahəsi olan loqopediya nitq pozulmasının səbəblərini, simptomatikası və mexanizmini öyrənir və xüsusi təlim, tərbiyə vasitəsilə onun aradan qaldırmasının üsulları ilə məşğul olur.
Loqopedlər əsasən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla məşğul olurlar. Lakin onlar həm də yaşlıların nitqində kommunikativliyin, ünsiyyətcilliyin təmin olunmasına çalışırlar.
Nitq pozuntularının korreksiyası məsələlərinə ilk dəfə XVII əsrə aid surdopedaqogika üzrə işlərdə rast gəlmək mümkündür. XIX əsrin ikinci yarısından etibarən eşitmə qabiliyyətinin normal olmasına baxmayaraq meydana çıxan nitq çatışmazlıqlarının öyrənilməsi tibbi istiqamət almağa başlayıb. Beləliklə nitq pozuntularının düzəldilməsi müalicəvi prosedur olaraq qəbul olunur və həkimlər, tibb bacıları tərəfindən tətbiq edilməyə başlanır. XIX əsrin sonlarından başlayaraq isə nitqin anlanılması və ötürülməsinin müxtəlif üsulları araşdırılmağa başlanıb.
Hazırda Beynəlxalq Loqoped Günü çərçivəsində keçirilən tədbirlərdə nitq qüsurlarının aradan qaldırılması və nitqin inkişaf etdirilməsi ilə bağlı təcrübə mübadiləsi aparılır.