Bizim uşaqlığımız və bizim uşaqlar

A- A A+

Qeysər əmi, ay Qeysər əmi, mənə də iki çörək ver,- deməyim, daha doğrusu, deyə yalvarmağım hələ də qulaqlarımdadır. Adı çörək növbəsi idi, ancaq növbə çörək maşını dayanan kimi pozulurdu. Özümdən böyük adamların arasında sıxılıb əzildikcə daha tez böyümək istəyirdim. Çörəyimizi alıb evimizə qayıdanda kişilənirdim.

İki dünya müharibəsi görən və düz bir əsr yaşayan, qara bəxtini Böyük Vətən müharibəsindən qayıtmayan əri Tahar babamın və sinəsinə qardaş dağı çəkən Pirqulunun qara kağızlarına bükən rəhmətlik Fatma nənəmdən aclıq illərinin ağrı-acısını çox duymuşdum. Mənə bir yuxusunu danışmışdı. Xırmandan yaylığının arasında gətirdiyi iki ovuc buğdanı həvəngdəstədə döyüb sacda bişirən nənəm aclıqdan ağlayan babamgili əlacsızca döymüş və yuxuda qara geyimli, başında böyük yumru papaq olan nurani bir kişinin tənəsinə tuş gəlmişdi. İki barmağını nənəmin gözlərinə dayayıb, - basaram, gözlərin çıxar, - deyən adam, - o uşaqların ruzisini mən verirəm, - demişdi. Nənəm odur-budur bir də uşaqlarına əl qaldırmamışdı. Uşaqlar eləcə böyümüşdülər. Və mən o yetim, ac-yalavac uşaqlardan birinin nəvəsi olaraq dünyaya gəlmişdim. Və dünyaya gəlmək qərarını verəndə anamı kəndimizin xəstəxanasına aparmağa maşın tapmamışdılar. Və mən xəstəxananın qabağındaca çəmənliyin üstündə doğulmuşdum.  

Hə, bir də heç unutmadığım bir filmə baxmışdım. Beş dost mühasirədən çıxa bilməyəcəkləri təqdirdə düşməndən intiqam almaq üçün ərazini minalamışdılar. Döyüşdə sona qalan taxta evin damındakı naqilləri birləşdirməli və ərazini partlatmalı idi. Sonuncu qəhrəman divara dayanmış pilləkənə qalxanda kürəyini güllələrlə deşik-deşik etmişdilər. Ancaq o yenə də naqilləri birləşdirə bilmişdi. Nənəm və bu film mənim üçün ÜMİDin və İNAMın yaşıllığı idi.

Güzgülü şkafımızın başında atamın üzü saqqal bağlamış şəkli vardı. 20 Yanvar faciəsinin qırxı günü çəkdirmişdi. Üz-gözündəki kədər və məğrurluq gözlərimin önündədir. Bir də Xocalı soyqrımının ilk kadrlarına baxmağımı heç unutmuram. Erməni vəhşiliyinin qurbanı olan uşaqların yerində özümü, ata-anaların yerində öz valideynlərimi, papağı yanına düşmüş qocanın yerində Əsəd babamı görmüş, ürpərmişdim. Bəlkə də elə bu qorxu özbaşına qalan yurddaşlarımı Qarabağdan, Şuşadan pərən-pərən salmışdı. Naxçıvanda isə yaxşı ki, gedəcək yer yox idi. Biz burda qalmalı idik. Ya burda ölməli, ya da buranı qorumalı idik. Ən əsası isə Naxçıvanın Yiyəsi vardı. Naxçıvanı Heydər babamız qoruyurdu. Oğuz eli başsız deyildi...

Televizorlar ağ-qara idi. Fotoaparatlar ağ-qara çəkirdi. Ancaq biz yenə də həyatın bütün rənglərini duyurduq. Bütün rənglər qarışanda ağ olurdu, ağ günləri xəyal edirdik. Biz yenə də gülümsəyə bilirdik. Günəbaxan çubuğundan atımız, yeşik taxtasından düzəltdiyimiz avtomatımız vardı. Maşınlarımızı da məftildən özümüz düzəldirdik, təkərlərinə banka qapağı keçirirdik. Cürbəcür oyunlar oynayırdıq – gizlənqaç, çiling-ağac, yeddi daş, dənə-dənə... Qoyun-quzumuzu otarmağa da, təzə çıxmış cücələri pişiklərdən qorumağa da, həyətimizi belləyib-becərməyə də,  arxa su vurub gətirməyə də, tək yaşıyan nənəmizə yemək yetirməyə də, üzüm bağlarından ot yığmağa da, dərslərimizi oxumağa da vaxtımız çatırdı. O vaxt çox az uşaqda futbol topu olardı, ancaq hamının futbola həvəsi vardı. O qədər futbol oynayardıq ki, indi mal-heyvan otlayan stadionda ot imkan eləyib çıxa bilməzdi. Dərslərimizi neft çırağının başında oxuyardıq. Heybətdən burnumuzun ucu qapqara olardı. 8 Mart ərəfəsində məktəbdə qızlara hədiyyə almağa imkanımız olmadığı üçün bir bəhanə tapıb küsüşərdik. Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram”, Məmməd Arazın “Məndən ötdü, qardaşıma dəydi”, Məhəmmədhüseyn Şəhriyarın “Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan” şeirlərini əzbər deyərdik, “Qarabağın qara bəxti, Qalmaz belə, qalmaz dünya” mahnısını həsrət və nisgillə oxuyardıq.  

Bizə pal-paltarı həmişə bir-iki bədən böyük alardılar, həm çox geyinək, həm də özümüzdən sonrakılara qalsın deyə. Corabın burnu deşilən, köynəyin qoltuğu cırılan kimi atmazdılar, cırıq-söküklər tikilib-yamanardı. Xüsusilə neft çırağının və kibritin evdə hamıya bəlli olan bir yeri olardı. İşlənmiş, yararsız taxtalardan mismarları bircə-bircə çıxardıb sonra yandırardıq. Təndir lavaşının, çağalagüllü kartof əzməsi ilə bişirilən təndir çöçəsinin, məftilə düzülüb təndirin közündə basdırılan kartofun, badımcan-pomidor-bibər kababının ətri, istiliyi, dadı canımdadır. Hər çörək yapılan günün axşamı nənəmlə ayaqlarımızı təndirə sallayardıq. Nənəm deyərdi ki, yel xəstəliyinin, ayaq-bel ağrılarının dərmanıdır təndirin istiliyi.

Bir dəfə iki qonşu uşağı ilə yeyib-içmək təşkil etmək qərarına gəlmişdik. Hər üçümüz bir-birimizdən xəbərsiz evdən gətirəcəyimiz yeməkləri həyətimizin aşağısındakı fındıq ağacının yanında oturub yeyəcəkdik. Hərə öz kisəsindəkini ortaya qoydu: pendir-əppək, qatıq-əppək, qazayağı-əppək. Olanımız bunlar idi. Olanını ortaya qoymaq qədər zənginlik yoxdur bu həyatda.

Yaşlı kişilər çayxanaya gedəndə özləri ilə evdən qənd aparırdılar. O da ki, olanda. Bir dəfə kəndimizə pal-paltar, qab-qacaq gətirib satan bir türk bizdən soruşmuşdu ki, nə istəyirsiz, gələndə sizə hədiyyə gətirim. Hamımız bir ağızdan “sakkız” demişdik... Hə, məhz sakkız. Başqa nə deyəcəkdik ki, biz sakkızdan başqa nə görmüşdük ki... Heç sakkızın kağızını da atmırdıq, yığıb oyun oynayırdıq.

Belə idi bizim uşaqlığımız... Qışda isinmək üçün əllərində vedrə naxırın arxasınca düşən uşaqların böyüklüyü qədər idi bizim uşaqlığımız...

İndi bizim uşaqlığımızın ən böyük təsəllisi məhz elə bizim uşaqlardır - azad, müstəqil, güclü, məğrur, qalib Azərbaycanın uşaqları.  İndi adam uşaqlara baxanda dönüb özü də uşaq olmaq istəyir. Oysa biz uşaqlıqda tez böyümək istəyirdik. Və əslində niyə tez böyüməyə can atdığımızı da bilmirdik. Uşaqlarımızdan fərqli olaraq da böyüməkdən əsla peşmanlıq hissi keçirmirdik. Məhmət Akif Ərsoydan soruşublar ki, siz bir də Türkiyənin dövlət himnini yazsanız necə yazarsınız. Böyük şair cavab verib ki, Allah eləməsin ki, Türkiyə bir də himn yazılmaq durumuna gəlsin. Əlbəttə, anamız Azərbaycan bir də bizim uşaqlığımız keçən dövrlərə qayıtmayacaqdır. Bunu həm də gələcəyimiz olan uşaqlar təmin edəcəklər. O uşaqlar ki, indi onlar təhlükəsiz şəraitdə, hüquqları qorunaraq, elm-təhsil mühitində, sağlam şəkildə, rifah içində, bütün dünyayla qucaqlaşaraq böyüyürlər...

Fikirlərimə nöqtə qoyacaqdım ki, sevgili Xəlil Cibranın bir şeirini xatırladım:

Uşaqlar sizin uşaqlarınız deyil,

Onlar öz yolunu izləyən

“həyat”ın oğulları və qızlarıdır.

Sizin vasitənizlə gəldilər,

Amma sizdən gəlmədilər

Və sizinlə birlikdə olsalar da, sizin deyillər.

Onlara sevginizi verə bilərsiniz,

Düşüncələrinizi deyil.

Çünki onların da öz düşüncələri vardır.

Bədənlərini saxlaya bilərsiniz, ruhlarını deyil,

Çünki ruhlar sabaha uzanır.

Siz isə sabahı xəyalınızda belə görə bilməzsiniz.

Siz onlar kimi olmağa çalışa bilərsiniz,

Ancaq onları əsla özünüz kimi olmağa vadar etməyin.

Çünki həyat geriyə dönməz,

Dünənlə bir alış-verişi yoxdur.

Siz yaysınız, uşaqlarınız isə

Sizdən çox uzaqlara atılmış oxlar.

Oxçu sonsuzluq yolundakı hədəfi görər

Və o müqəddəs gücü ilə yayı çəkərək

Öz oxunu uzaqlara doğru atar.

Oxçunun önündə ehtiramla əyilin,

Çünki oxçu uzaqlara atılan oxu sevdiyi qədər

Başını dimdik tutaraq qalan yayı da sevər.

Sabahımıza uzanan uşaqlara güvənin. Sevginin gücünə inanın… Güvənməkdəki hüzura, dincliyə güvənin. Böyük türk şairi Nazim Hikmət deyirdi ki, gəlin dünyanı uşaqlara verək - heç olmasa bir günlüyə, bir neçə saatlığa... Şair bunu ona görə istəyirdi və hesab edirdi ki, uşaqların olan dünyada daim sevgi olar, sevinc olar, sülh olar…

Rahil TAHİRLİ

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: