Naxçıvanın yetirmələri: Professor Mahirə Nağı qızı

A- A A+

Görkəmli dilçi alim, ədəbiyyatşünas, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 4 noyabr 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunda anadan olub. 1968-ci ildə Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olan M. Hüseynova yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirib. O, 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinat üzrə 10 il Bakı şəhəri Mehdiabad qəsəbə orta məktəbində müəllim işləyib.

Professor Mahirə Hüseynova 2009-cu ildə ADPU-da Müasir Azərbaycan dili kafedrasında müəllim kimi işə başlayıb və 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 2014-cü ildə baş müəllim, 2015-ci ildə dosent seçilən Mahirə xanım elə həmin ildən eyni kafedranın müdiri vəzifəsinə təyin edilib. O, 2017-ci ildə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2019-cu ildə filoloji fakültənin dekanı seçilib və eyni ildə professor elmi adını alıb. “Meh” adlı ədəbi dərnəyin yaradıcısı və rəhbəri olan (2019) Mahirə Nağı qızı 2021-ci ildə "Əməkdar müəllim" fəxri adına və prezident təqaüdünə layiq görülüb. O, həmçinin 2021-ci ildən ADPU-da beynəlxalq əlaqələr üzrə prorektordur. AYB-nin (2009) və Dövət Dil Komissiyası nəzdində Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvü (2020) olan Mahirə xanım eyni zamanda ”Filoloq” qəzetinin və “Linqvistika problemləri” beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur. Bunlarla yanaşı, bir neçə beynəlxalq mükafatın laureatı, Qərbi Azərbaycan İcması idarə heyətinin üzvüdür.

Mahirə xanımın pedaqoji fəaliyyətində diqqəti çəkən məziyyətlərdən biri də tədris prosesində bir sıra seçmə fənlərin tədrisinin təşəbbüsçüsü olmasıdır. Eyni zamanda o, həmin fənlərin proqramlarını çap etdirib, metodik vəsait hazırlayıb. Məsələn, “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası” (Bakı, 2014); “Həsən Mirzəyev və Azərbaycan dilində feil” (Bakı, 2014); "Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası” (Bakı, 2014); “Müasir Azərbaycan dili” (Bakı, 2018) seçmə fənləri üçün proqramlar bunlardan sadəcə bir neçəsidir. Onun hazırladığı “Müasir Azərbaycan dili: aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair” (Bakı, 2015) metodik vəsaiti və 420 səhifəlik “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin linqvistik təhlili” (Bakı, 2018) dərsliyi dilimizin yüksək səviyyədə tədrisinə əhəmiyyətli dərəcədə kömək göstərib.

“Professor M. Hüseynovanın simasında elmi-pedaqoji işlə ictimai-mənəvi fəaliyyətin üzvi vəhdəti kimi səciyyələnən bu şərəfli missiya özündə müstəqil dövlətçilik ideyalarının dərindən mənimsənilməsinə xidmət göstərmək vəzifələrini birləşdirir. Professorun görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafındakı misilsiz roluna və xidmətlərinə həsr edilmiş “Missiya” adlı monoqrafiyası ulu öndərin uca və şərəfli adı qarşısında vətəndaş, ziyalı qadının öz mənəvi borcunu yerinə yetirmək missiyasının təzahürüdür. Bu qiymətli kitab artıq böyük canlı salnamə yaradan Azərbaycan HeydərƏliyevşünaslığının əhəmiyyətli bir səhifəsidir. ”Missiya” kitabı ümummilli lider Heydər Əliyevin həyat yolu, mübarizəsi və böyük ideallarının Azərbaycan maarifçi ziyalısının sonsuz ehtiramı ilə yorulmaz tədqiqatçı zəhmətinin bir yerdə ifadəsinin uğurlu elmi nəticəsidir” (İ. Həbibbəyli. Haqqa çağıran söz: elmdə və ədəbiyyatda -Professor Mahirə Nağı qızı Hüseynovanın biblioqrafiyası, Bakı, ADPU nəşri, 2022, s.41). Mahirə xanımın nəşr olunan ”Ümummilli liderimizin natiqlik məharəti” adlı bir başqa kitabı da ulu öndərin tükənməz irsinə böyük məhəbbətin ifadəsi olaraq ərsəyə gəlib. Professorun bu günlərdə çapdan çıxmış “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” adlı  monoqrafiyası da HeydərƏliyevşünaslığa sanballı töhfədir. Bunlar Mahirə Hüseynovanın dahi şəxsiyyət və böyük rəhbər Heydər Əliyev haqqında qəlbindən qopan, elmi cəhətdən əsaslandırılmış alim sözüdür.

Mahirə Nağı qızının çoxşaxəli elmi yaradıcılığına Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, türkologiya, dilimizin metodika məsələləri, publisistika, bədii yaradıcılıq aiddir. Məlum olduğu kimi, Azərbaycan elmində bədii ədəbiyyatın araşdırılması əsasında yaranan dilçilik tədqiqatları əsasən iki sahədə: ədəbi dil tarixi və üslubiyyat istiqamətlərində inkişaf etdirilib. M. Hüseynova isə Dərələyəz mahalının zəngin aşıq ədəbiyyatı və xalq şeiri materialları əsasında onomastik vahidlərin, toponimlərin tədqiq olunmasına üstünlük verməklə, ədəbiyyat yönümlü dilçilik tədqiqatlarının əhatə dairəsini genişləndirib. Onun “Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlər” adlı monoqrafiyası bu istiqamətdə meydana çıxan ilk uğurlu tədqiqatlardan biridir. Məsələyə bu cür elmi baxış, həm şifahi xalq ədəbiyyatının dərin qatlarının, ictimai-mədəni köklərinin nəzəri cəhətdən aydınlaşdırılmasına, həm də  qrammatik strukturun real və təbii mənzərəsinin canlandırılmasına şərait yaradıb. Bu mənada M. Hüseynovanın qədim Azərbaycan torpaqlarından olan Dərələyəz mahalının folklorunun dilçilik yönündən öyrənilməsinə həsr olunmuş tədqiqatları həm də həmin regionun tarixi, etnoqrafiyası və ədəbiyyatına dair araşdırmaların da vəzifəsini yerinə yetirir. M. Hüseynovanın 2017-ci ildə “XIX-XX əsrlər Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası isə milli folklor irsinə fəlsəfə doktorluğu dövründən başlanmış vətəndaş alim münasibətinin daha da dərinləşməsinə xidmət edir. M. Hüseynova müxtəlif illərdə Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistikasının ayrı-ayrı sahələrinin, həmçinin problemlərinin öyrənilməsinə həsr olunan ardıcıl və sanballı tədqiqatları ilə qrammatika üzrə mükəmməl bir dilçilik araşdırmaları silsiləsi yaradıb. Bu silsilənin davamı kimi professorun Dərələyəz mahalının dil materialları əsasında qələmə aldığı “Aşıq və el şairlərinin fonopoetikası” (2015), "Aşıq və el şairlərinin leksikası” (2016), daha sonra “Aşıq və el şairlərinin üslubi frazeologiyası”, Aşıq və el şairlərinin üslubi morfologiyası”, "Aşıq və el şairlərinin üslubi sintaksisi” adlı eyni ildə işıq üzü görmüş kitabları da problemin daha dərindən araşdırılmasına xidmət göstərir.

Professor Mahirə Hüseynovanın dünyagörüşünün formalaş­masında və taleyində görkəmli alim və tanınmış ictimai xadim Həsən İbrahim oğlu Mirzəyevin xüsusi rolu olmuşdur. Həm ailə mühitində, həm də elmi-ədəbi mühitdə professor Həsən Mirzəyev Mahirə xanım üçün əsl ustadlıq və müəllimlik nümunəsi kimi qəbul edilmişdir. Elə onun “Həsən Mirzəyev yaradıcılığında filologiya məsələləri” adlı monoqrafiyası (2014) dilçilik sahəsində mühüm xidmətləri olmuş görkəmli bir elm xadiminin elmi xidmətləri əsasında müasir Azərbaycan dilinin aktual problemlərinin səriştəli şəkildə araşdırılıb ümumiləşdirilməsi ilə bərabər, həm də ustadı və müəllimi qarşısındakı mənəvi borcunun ibrətamiz hesabatıdır. Bildiyimiz kimi, Mahirə Nağı qızı hələ 2011-ci ildə bu mövzuda fəlsəfə doktoru adı almaq üçün dissertasiya müdafiə edib. Bir neçə ildən sonra alim həmin dissertasiya işini bir qədər də genişləndirərək, 231 səhifəlik bir kitab şəklində nəşr etdirib. Burada görkəmli alim və pedaqoq, ictimai xadim Həsən Mirzəyevin elmi fəaliyyəti, eləcə də Azərbaycan filologiyasının inkişafındakı xidmətləri ana xətləri ilə araşdırılıb. Kitabın giriş hissəsində görkəmli ictimai xadimin həyat və elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verilir. Məlumdur ki, professor H.Mirzəyev Qərbi Azərbaycanın səfalı bir guşəsi olan Dərələyəz mahalında anadan olub, ali məktəbi bitirdikdən sonra bir müddət yaşadığı bölgədə müəllim və məktəb direktoru işləyib. O, bu müddətdə buraya kənardan gəlib yerləşən ermənilərin bu torpağın sahibi olan xalqımıza qarşı şovinist və vicdansız münasibətləri ilə qarşılaşıb, bu ədalətsiz, haqsız davranışlarla barışa bilməyib, ona görə də haqsızlığa qarşı mübarizlik onun həyat kredosuna çevrilib. Kitabın I fəslində H.Mirzəyev yaradıcılığında feil kateqoriyasının tədqiqi məsələləri öz əksini tapıb. Alim feilin morfoloji quruluşu və feillərdə təsirli-təsirsizlik kateqoriyasının spesifik xüsusiyyətlərini Azərbaycan dilçiliyində ilk dəfə elmi əsaslarla araşdırıb. Kitabın II fəsli Həsən Mirzəyevin  tədqiqatlarında müasir Azərbaycan dili və Azərbaycan dilinin qrammatik sistemi ilə bağlı məsələlər araşdırılıb. Onu da qeyd etmək lazımdır ki, müasir Azərbaycan dilindəki feili sifət kateqoriyasını ilk dəfə yüksək elmi şəkildə araşdıran professor H. Mirzəyev olub. Feili sifətlərin feil və sifət arasındakı yeri, feili sifətlərlə feildən düzələn sifətlərin fərqli xüsusiyyətləri məhz bu alim tərəfindən ilk dəfə öyrənilib ki, bu məsələlərin hamısı professor Mahirə Nağı qızının kitabında ətraflı şəkildə təhlil və tədqiq olunub. III fəsildə H. Mirzəyevin onomastika və dialektologiya sahələrindəki araşdırmaları nəzərdən keçirilib. Nəhayət, kitabın IV fəslində H. Mirzəyevin folklorşünaslıq yaradıcılığı və bədii irsi tədqiqata cəlb olunub. Bu kitab Azərbaycan dilçiliyi tarixinin zənginləşdirilməsi istiqamətində dəyərli bir töhfədir.

Qeyd edək ki, orfoqrafiya  problemləri bu gün ziyalılarımızı düşündürən aktual filoloji  və mədəniyyət məsələlərindən birinə çevrilib. Bu problem Professor Mahirə Nağı qızının tədqiqat dairəsinə daxil olan məsələ kimi aktuallıq kəsb edir. Onun 249 səhifəlik “Müasir Azərbaycan dilində  punktuasiya məsələləri” kitabı (2017) bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Burada durğu işarələri sisteminin tədris prosesi ilə bağlı məsələlər müasir dilçiliyin nailiyyətləri  baxımından şərh edilir, bu sistemin  həm nəzəri, həm də praktik aspektləri zəngin dil materialı əsasında təhlil süzgəcindən keçirilir. Bundan sonra kitabın I fəslində durğu işarələrinin tarixindən, II fəsildə yazılı dildə durğu işarələrinin işlənmə məqamlarından, III fəsildə isə şərti işarələr və onların işlənmə xüsusiyyətlərindən dilçiliyimizdə ilk dəfə kompleks şəkildə bəhs edilib.

Mahirə Nağı qızı “Dilin elmi və estetik problemləri” (2019)  adlı 319 səhifəlik kitabda qloballaşma dövründəki dilimizin daha aktual problemlərini tədqiqata cəlb edib. Məlumdur ki, ümummilli liderimiz H.Əliyevin imzaladığı fərman və sərəncamlar və onun siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı Azərbaycan dilinin saflığının qorunması, yad təsirlərin qarşısının alınması istiqamətində dilçi və filoloqlarımız qarşısında mühüm vəzifələr qoyub. Əsərdə ölkə prezidentinin dil quruculuğu sahəsində imzaladığı rəsmi sənədlər əsas götürülərək reklam lövhələrində, internet resurslarında, mətbuat, televiziya və radio dilində yol verilən nöqsan və qüsurlar aşkara çıxarılır, klassik yazıçı, şair, ədəbiyyatşünas alimlərimizin araşdırmaları bu və ya digər istiqamətlərdə təhlil edilir.

Alimin 353 səhifəlik “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti” kitabı da (2018) dilimizin tarixini, mədəniyyət və etnoqrafiyasını öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Tarixi-etimoloji aspektdə  tərtib edilən bu lüğətdə 450-dən çox yemək və içki adları öz əksini tapıb. Lüğətin tərtibində kulinariya leksikasının mühüm tərkib hissəsini təşkil edən  yemək və içki adlarının nəinki Azərbaycan, o cümlədən türk dillərində və dialektlərində nə dərəcədə geniş dairədə işlənməsinə xüsusi diqqət yetirilib. Eyni zamanda lüğətdə müasir dövrümüzdə işlək olan yemək və içki adları ilə bərabər, dilimizin alt qatlarında olan və ya passivləşən arxaik sözlər də nəzərdən qaçırılmamışdır.

Həm folkloru, həm də dilçiliyi əhatə etdiyinə görə M.Hüseynovanın elmi əsərləri qrammatika  baxımından olduğu kimi, ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Professor M. Nağı qızının Azərbaycan filologiyasında ədəbiyyatşünaslıq məsələlərinin araşdırılmasında da özünəməxsus xidmətləri var. Bu baxımdan “Azərbaycan poeziyasında dağ obrazı” kitabı (2013) diqqəti çəkir. Kitabda  ilk öncə  dağ obrazının genezisinə nəzər salınır, sonra klassik və müasir poeziyamızda, bayatılarda, dastanlarda, atalar sözü və məsəllərdə mifoloji mahiyyət daşıyan dağ obrazı mövzusunda yazılmış poetik nümunələrin ideya-məzmun xüsusiyyətləri tədqiq olunur. "Alim təfəkkürünün itiliyi” (2013) və “Dərdi dərin Həsən Mirzə” (2013) kitabları bilavasitə görkəmli filoloq Həsən Mirzəyevin ədəbi irsinin tədqiqinə həsr olunub. "Ədəbiyyatşünaslığa xidmət əzmi ilə” (2013) kitabı isə mərhum görkəmli ədəbiyyatşünas alim, tənqidçi, AMEA-nın müxbir üzvü, professor Kamran Əliyevin həyat və yaradıcılığının tədqiqinə həsr edilib. Türkiyədə nəşr olunan “Böyük Azərbaycan mütəfəkkiri Nizami” (2022) kitabı da böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinin türk dünyasında təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Son illərdə professor M. Hüseynova milli folklorun dilçilik qatlarının özünəməxsusluqlarının  araşdırılması sahəsindəki tədqiqatlarının əhatə dairəsini daha da genişləndirərək, türk dilləri miqyasına çıxarma və bu istiqamətdə elmi cəhətdən ümumiləşdirilmiş nəzəri qənaətlərin və müddəaların formalaşdırılmasına doğru əməli addımlar atır. Bu cəhətdən M. Hüseynovanın  “Azərbaycan dilçiliyində türk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri” (2019) monoqrafiyası Azərbaycan dilçiliyindən müstəqillik dövründə türkologiyaya doğru inkişafın mühüm göstəricilərindəndir. Kitabda bəzi görkəmli Azərbaycan dilçilərinin yaradıcılığında ümumtürk dillərinin nəzəri və praktik məsələlərinin müqayisəli aspektdə öyrənilməsi məsələləri tədqiq olunub. "Türk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” (2020), adlı 600 səhifəlik kitabda da eyni problemin tədqiqi davam etdirilir. Burada ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası, eyni zamanda uyğunlaşdırılmış sözlərin  fonetik, qrammatik,  leksik-semantik yöndə tarixi genetik və struktur-funksional xüsusiyyətləri zəngin dialektoloji və türkoloji qaynaqlar əsasında nəzərdən keçirilib. Bu istiqamətdə alimin yenicə çapdan çıxan “M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərinin qrammatik xüsusiyyətləri” adlı monoqrafiyası xüsusilə diqqəti cəlb edir. Bu əsər ilk dəfə Azərbaycan dilçiliyində  XI əsr ümumtürk abidəsinin qrammatik quruluşunun hərtərəfli tədqiqinə, həm də müasir türk dilləri dialekt və şivələri ilə müqayisəli planda tədqiqinə həsr olunmuş sanballı bir monoqrafiya kimi diqqətəlayiqdir. Kitabda görkəmli türkoloq Mahmud Kaşğarinin türk dillərinin fonetik, leksik, morfoloji, sintaktik xüsusiyyətləri sahəsindəki xidmətləri şərh olunur, müasir türk dillərinin geneoloji və tipoloji cəhətdən qohumluq əlaqələrinin kökləri izlənir. Əsərdə eyni zamanda ayrı-ayrı türk dillərinin Kaşğari dövründən müasir dövrümüzə qədərki inkişaf xüsusiyyətləri araşdırılır, onların səciyyəvi qrammatik əlamətləri nəzərdən keçirilir.

Professor M. Hüseynovanın yenicə çapdan çıxmış elmi-publisistik əsərlərin toplusundan ibarət “Sözün və əməlin yaratdığı tarix” adlı kitabı onun ictimai-siyasi həyatda baş verən yeniliklərin araşdırılmasında vətəndaş alim mövqeyini açıq şəkildə göstərməkdədir. Bu kitabda eyni zamanda filologiyanın ayrı-ayrı məsələlərinin tədqiqi öz əksini tapıb.

Mənəvi saflıq və vətənpərvərlik M. Hüseynovanın bədii yaradıcılığında da özünəməxsus şəkildə canlandırılmaqdadır. Onun poeziyası qadın qüruru ilə kişi mərdliyinin aydın poetik ifadəsidir. O, "Mənim anam” (2006), "Su at dalımca, ana” (2006), ”Ana sevgisindən doğan nəğmələr” (2008), "Yaşadacaq anam məni” (2009), "Ömrümün çırağı sənsən” (2010), "Analı dünyam” (2015) adlı kitablarında toplanmış şeirlərində “ana qəlbinin laylasını vətəndaşlıq notları, vətənpərvərlik duyğuları üstündə kökləyərək” (İ. Həbibbəyli)  ilahi  sözün  təbii poetik ifadəsini yaratmağı bacarmışdır.

Ümumiyyətlə, bu qısa təsvir onu göstərir ki, professor Mahirə xanım Nağı qızı filologiyamızın inkişafında bir fədakar elm xadimi kimi yorulmadan yazıb-yaradır. Prezident təqaüdçüsü, professor Mahirə Nağı qızı məhsuldar filoloq kimi ömrünün müdriklik çağını yaşayır. Bu böyük elm xadiminə şəxsi həyatında cansağlığı, çoxcəhətli və məhsuldar elmi-pedaqoji fəaliyyətində böyük uğurlar arzu edirik.

Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: