NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Sarvanlar məscidində Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçirilən tədbirdə muxtar respublikada fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və “Naxçıvan” Universitetinin dinşünaslıq ixtisasında təhsil alan tələbələr iştirak edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev bildirib ki, Beynəlxalq Tolerantlıq Günü 1996-cı ildən qeyd olunur. Burada əsas məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırmaqdır. Tolerantlıq insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm yolverilməzdir.
“Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə tolerant düşüncə artıq tam bərqərar olub. Ölkədə formalaşmış tolerantlıq və dözümlülük Əsas Qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var”, – deyən Vüqar Babayev vurğulayıb ki, heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur oluna bilməz. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin birgə yaşayışında görən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Tədbirdə din xadimlərindən Nicat Rzayev, Allahverdi Ocaqquliyev çıxış edərək bildiriblər ki, İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Hazırda ölkəmizdə müsəlmanlarla yanaşı, digər dinlərin nümayəndələri birlikdə tolerantlıq, əmin-amanlıq şəraitində yaşayır və öz dini ibadətlərini rahatlıqla yerinə yetirirlər. Muxtar respublikada da insanların öz inanclarına bağlı yaşaması üçün hər cür şərait yaradılıb, burada yüksək tolerant mühit formalaşdırılıb. Qədim diyarda məscidlərimiz təmir olunub, yenidən qurulub, müxtəlif dini mərasimlərin yüksək səviyyədə qeyd edilməsi üçün hərtərəfli şərait yaradılıb.