Dişlərin təmizlənməsi zamanı müxtəlif məcunlardan istifadə olunur. Onların arasında flüorid tərkibli diş məcunları da var.
NUHÇIXAN xəbər verir ki, Xəzər Dəniz Gəmiçiliyinin 1 nömrəli Dənizçilər Klinikasının aparıcı mütəxəssisi Adıgözəl Məmmədov həmin məcunlar barədə AZƏRTAC-a məlumat verib.
O, deyib: “Flüorlu diş məcunları çox populyardır. Belə ki, flüor diş minerallaşmasını artırır, diş minasını möhkəmləndirir, dişləri kariyesdən müdafiə edir. Lakin son tədqiqatlar göstərir ki, flüorun artıq miqdarda qəbulu dişlərin və sümüklərin kövrəkləşmə riskini yaradır. Böyük miqdarda flüorlaşdırılmış suyun qəbulu zamanı artrit xəstəliyinin xatırladan əlamətlər meydana çıxa bilər. Flüorlaşdırılmış məcunlarla dişlərin gündəlik təmizlənməsi kimi sadə bir prosedur orqanizmdə bir çox ağrılara və oynaqlardakı hərəkət pozuntularına səbəb ola bilər.
Alimlər sübut ediblər ki, flüorla zənginləşdirilmiş diş məcunları körpələrin həyatı üçün təhlükəlidir və flüoroz yarada bilər. Xüsusilə 2 yaşından kiçik uşaqlar üçün belə məcunların istifadə edilməsi tövsiyə olunmur. Bu məcunlar yalnız yüksək kariyes riski olanlar üçün məsləhət görülür və istehlakçılara içməli suda flüorun miqdarını dəqiq öyrənmək tövsiyə olunur. Xatırladaq ki, içməli suda flüorun maksimal miqdarı 1,5mq/l-dir. İsti iqlimi olan ölkələrdə, həmçinin Azərbaycanda da flüorun miqdarı 0,5-0,7mq/l olan bölgələrdə də flüoroz müşahidə olunur. Bu, həm suyun artıq miqdarda qəbulu, həm də flüorlu məcunların gündəlik istifadəsi ilə əlaqədardır".