BMT Təhlükəsizlik Şurası tolerantlıq, beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi mövzusu üzrə 2686 saylı qətnamə qəbul edib.
NUHÇIXAN BMT-nin saytında istinadla xəbər verir ki, sənədin qəbuluna Təhlükəsizlik Şurasına daxil olan 15 ölkənin hamısı yekdilliklə razılıq verib.
Qətnamədə BMT-yə üzv dövlətlərin bir-biri ilə sülh şəraitində yaşamağa tərəfdar olduğu vurğulanır, iqtisadi, sosial, mədəni və humanitar problemlərin həllində beynəlxalq əməkdaşlığın zəruriliyi təsdiqlənir. Bundan başqa, bütün regionlarda silahlı münaqişələrin qarşısının alınması üçün səylərin davam etdirilməsi qeyd olunur.
Üzv dövlətlərin nümayəndələri nifrət nitqi, dezinformasiya, o cümlədən sosial şəbəkələr vasitəsilə törədilən zorakılıq faktlarından dərin narahat olduqlarını bildiriblər.
BMT Təhlükəsizlik Şurası bütün beynəlxalq və regional təşkilatları irqi, etnik mənsubiyyəti, cinsi, dini və dilinə görə ayrı-seçkiliyin yaratdığı zorakılığı, nifrət nitqini, ekstremizmi açıq şəkildə pisləməyə çağırır.