Heydər Əliyev və Azərbaycanda sosial siyasət

A- A A+

Tarixin istənilən mərhələsini, ictimai-siyasi hadisələrini tədqiq edərkən proseslərin iştirakçısı və ya birbaşa yaradıcısı olan siyasi liderlər, dövrün böyük şəxsiyyətləri əsas maraq mövzusu kimi diqqət cəlb edir. Lakin tarixin özünün də sərt tələb və şərtləri nəzərə alındığında görürsən ki, hər tarixi şəxsiyyətə yaddaşlarda kök salmaq nəsib olmur. Bunu bacaranların xidmətlərinə yaşadığı və fəaliyyət göstərdiyi zamandan uzaqlaşdıqca daha dərindən və tam aydınlığı ilə qiymət vermək mümkün olur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən mürəkkəb ictimai-siyasi hadisələrin fonunda yenicə qurulmuş, kövrək addımlarını atan Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Hadisələrin gedişatı ölkənin dağılmaq, parçalanmaq ərəfəsində olduğundan xəbər verirdi. Belə bir tarixi anda xalqımız dahi, uzaqgörən siyasi lider, görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında birləşərək müstəqil dövlətin yaşamasına nail oldu. Ölkəmiz məhz dahi liderin rəhbərliyi altında belə bir ağır situasiyadan üzüağ çıxaraq regionun strateji əhəmiyyətə malik dövlətinə çevrildi. Bu gün əminliklə demək mümkündür ki, müstəqil Azərbaycan Heydər Əliyevin ən böyük əsəridir.

Çətin iqtisadi-sosial vəziyyətdə müstəqilliyimizin qazanılmasına baxmayaraq, ilk vaxtdan sosial problemlərin həlli, əhalinin xüsusilə aztəminatlı, şəhid və qazi ailələrinin şəraitinin yaxşılaşdırılması prioritet sahə olmuşdur. Hər şey vətəndaşlarımız üçün şüarını sözdən əmələ çevirən milli lider bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasət modelinin əsasını qoymuşdur.

Dahi şəxsiyyət milli inkişaf konsepsiyasında əsas istiqamət kimi dövlət büdcəsinin sosialyönümlü olmasına xüsusi əhəmiyyət verib. Həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan uğurla çıxaran ulu öndər ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıb. O, yüksək səviyyədə işləyib hazırladığı bu strategiya ilə milli dövlətçiliyimizin güclənməsinə böyük təkan verib.

Heydər Əliyevin həyata keçirdiyi sosial siyasətin əsasında bu sahənin dayanıqlı olması, ölkənin iqtisadi potensialına əsaslanması, digər tərəfdən də dünya təcrübəsində uğurla sınaqdan çıxmış mükəmməl normativ hüquqi bazaya söykənməsi ön planda dayanır. Ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Veteranlar haqqında" və digər qanunlar qəbul edildi, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı.

Ümummilli Lider Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının təsdiqi ilə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları, təhsil, səhiyyə, sosial müdafiə, demoqrafik inkişaf, məşğulluq, yoxsulluğun azaldılması, sosial evlər, məcburi köçkünlərin məskunlaşması, ünvanlı sosial yardım, özünüməşğulluq və s. sahələrdə onlarla digər proqramlar qəbul edildi. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən dövlətimiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir. “Azərbaycan güclü sosial siyasət aparmaqla həm öz dövlət siyasətini, öz niyyətini göstərir, həm də ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görür. Biz gələcəkdə bu siyasəti davam etdirəcəyik və ehtiyacı olan, növbədə dayanan hər bir insanın məişət problemlərinin həlli üçün çalışacağıq... Azərbaycan dövlətinin iqtisadi imkanları böyüyür, möhkəmlənir...”, - deyən Prezident İlham Əliyevin sosial siyasətinin əsas gücünü ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial baza yaradılıb.

Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Bu kontekstdə də görürük ki, onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bu tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub.

Bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün də sistemli və ardıcıl xarakter daşıyır. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.

Şəhid ailələri və müharibə əlillərinə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik sığorta ödənişinin verilməsi, aylıq olaraq şəhid ailəsinə Prezident təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının ən böyük nümunəsidir. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.

Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.

Bundan əlavə, ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müxtəlif bədən xəsarəti alan əlillərə də dövlət lazım olan hər bir qayğı və diqqəti göstərməkdədir. Belə ki, əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəlik sığorta ödənişi həyata keçirilir, əlillik dərəcəsinə uyğun olaraq I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə Prezident təqaüdü ödənilir. Əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II və III dərəcə əlilliyi olanlara müavinətlər ayrılır, əlilliyi müəyyən edilmiş şəxslər tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında imzaladığı 8 dekabr 2020-ci il tarixli fərman da bu humanist addımlardan biridir. “YAŞAT” Fondu şəhid ailələrinə və qazilərə əlavə dəstək üçündür. Bu Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. “YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutaraq onların həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görürlər. Prosesdə “YAŞAT” Fondunun və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ASAN könüllüləri iştirak edirlər. Bu Fondun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Həyata keçirilmiş tədbirlər çərçivəsində hazırda hər bir şəhid ailəsi və qazinin həyat şəraitinin yaxşılaşdırılması üçün proses davam edir. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları qarşılanır.

Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.

Naxçıvan Muxtar Respublikasında da Azərbaycan Vətən müharibəsi veteranları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Müharibə veteranları və şəhid ailələri minik avtomobilləri, fərdi ev və mənzillərlə təmin olunur, onların müxtəlif sanatoriyalarda müalicələri təşkil edilir. Muxtar respublikada Vətən müharibəsi şəhidlərinə də böyük ehtiram göstərilib, şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunublar.

Sosial siyasətlə bağlı qanunların qəbulu da ötən müddətdə əsas siyasi strategiya olub. Ötən illər ərzində təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin, digər sosial kateqoriyalardan olanların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi bu sahədə ciddi dəyişikliyə səbəb olub. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və vətənimizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yüksəlməsini bir daha sübut edir. Ölkəmizin iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla qarşıdakı illərdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Mirməcid Seyidov

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: