Tarixin ən güclü Azərbaycanı

A- A A+

Ötən əsrin 80-ci illərinin sonlarında artıq çürümüş sovet imperiyasının əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Belə bir vaxtda öz mövcudluğunu qorumağa çalışan imperiya bu məqsədlə yerlərdə milli zəmində münaqişələrin baş qaldırmasına rəvac verirdi. 1988-ci ildən açıq müstəviyə qədəm qoyan erməni separatizmi də imperiyanın dəst-xətti idi.

Azərbaycan xalqı o zaman ölkəyə rəhbərlik edənlərdən fərqli olaraq erməni separatizminə, Ağdamda iki azərbaycanlının qətlə yetirilməsinə, Topxana meşələrində törədilən vəhşiliklərə ilk gündən etiraz səsini ucaltdı. Baş verən hadisələr həm də xalqımızın milli hisslərini alovlandırdı. Milyonlarla insanın toplaşdığı Bakının Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişir, müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsilirdi. İnsanlar meydanlara çıxmaqla Azərbaycanı müstəmləkə əsarətində saxlayan sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdılar. Beləliklə, 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci il noyabr günləri göstərdi ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir.

Proseslərin gedişatı göstərirdi ki, yalnız yüksək amallara xidmət edən cahanşümul ideya xalqımızı qarşıya qoyduğu məqsədə çatdıra, bu gün böyük qürur hissi ilə danışdığımız müstəqil Azərbaycan reallığını gerçəkliyə çevirə bilərdi. Ölkəyə rəhbərlik edənlər bu ideyadan kifayət qədər uzaq idilər. Özlərini milli azadlıq mücadiləsinin lideri hesab edənlərin də gələcəyə hesablanmış təkmil ideyaları yox idi. Azadlıq istəyi xalq hərəkatından başlasa da, meydanda rəhbərlik iddiasında olanların səriştəsizliyi nəticəsində və respublikanın dərin böhrana sürükləndiyi bir vaxtda insanlar getdikcə daha da dərindən əmin olurdular ki, həqiqi liderə böyük ehtiyac var. Tarix də sübut edir ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin müstəsna rolu danılmazdır. Tarix isə təkrarlanır və belə tarixi şəxsiyyətin, dahi siyasətçinin Heydər Əliyev olduğu xalq tərəfindən qəbul olunurdu. Bunu o vaxtkı İttifaq və respublika rəhbərliyi də aydın dərk edirdi. Ona görə də dahi siyasətçini siyasi təqiblərə, əsassız böhtanlara məruz qoyur, xalqın onun ətrafında birləşəcəyindən qorxur, Azərbaycana qayıdaraq siyasi fəaliyyətlə məşğul olmasına əngəllər törədirdilər.

Bütün mənəvi və siyasi təqiblərə mətinliklə sinə gərən Heydər Əliyev hətta həyatı üçün yaradılan sui-qəsdlərdən çəkinməyərək sovet rəhbərliyi ilə cəsarətlə mübarizə apardı və doğma vətəninə - Azərbaycana gəldi.

Beləliklə, 1969-1982-ci illərdə Azərbaycanın gələcək dövlət müstəqilliyinin bünövrəsini qoyan Heydər Əliyev xalqımızın ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atıldı, misilsiz tarixi xidmətlər göstərdi, Azərbaycanın müstəqilliyinin əldə olunmasında, milli dövlətçiliyinin yaşadılmasında, milli birliyinin qorunub saxlanılmasında tarixi missiya həyata keçirdi.

Beləliklə, Azərbaycanda dövlət müstəqilliyi yolunda mücadilə 1988-ci ildə xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra cərəyan etdi. Heydər Əliyevin gəlişindən sonra milli dirçəliş prosesi bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilərək, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olundu. Ulu öndərin Naxçıvanda parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa can atması, insanlarla gündən-günə genişlənən çoxsaylı və kütləvi görüşlər Azərbaycanda milli azadlıq hərəkatının vüsət almasına və getdikcə daha mütəşəkkilləşməsinə müsbət təsir göstərməyə başladı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvan Ali Məclisinin sonrakı iclaslarının birində Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Ali Məclisin qəbul etdiyi qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyinin 20 Yanvar faciəsinə görə birbaşa məsuliyyət daşıdıqları göstərildi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası Heydər Əliyevin başlatdığı bu prosesin yekun nəticəsi olmalı idi. Görülən hər bir iş, atılan hər bir addım isə Azərbaycan xalqını bu nəticəyə - dövlət müstəqilliyinin bərpa olunmasına yaxınlaşdırırdı. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

Müstəqillik mövzusu və bu istiqamətdə gərəkən addımlar ulu öndərin bütün çıxışlarının başlıca leytmotivi idi. Xüsusən Azərbaycan Ali Sovetinin iclaslarında Heydər Əliyev çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin qaçılmaz proses olduğunu bəyan edirdi. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin birinci sessiyasında təkidlə söz alan ulu öndər kommunist partiyası hakimiyyətinin sonunun çatdığını, SSRİ-nin tezliklə dağılacağını və respublikalarda başlanan müstəqillik mübarizələrinin qalib gələcəyinin dönməz bir proses olduğunu bəyan etdi. Ali Sovetin 1991-ci il martın 7-də keçirilən sessiyasında Heydər Əliyev Azərbaycanın milli müstəqilliyi və suverenliyi məsələsinə toxunaraq, müstəqilliyə çatmağın yollarını, əsas vasitələrini, demokratik dövlət quruculuğunun prinsiplərini göstərdi.

Ali Sovetdəki tarixi çıxışlarında Heydər Əliyev respublika rəhbərliyinin imzalamağa hazırlaşdığı ittifaq müqaviləsinin Azərbaycan üçün tam yararsız olduğunu yeni ittifaqa daxil olmağın və bunun üçün hər hansı referendum keçirməyin əleyhinə çıxdığını bildirirdi. 1991-ci il iyulun 19-da kommunist partiyası sıralarını tərk edən Heydər Əliyev Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, kommunist partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı.

Zaman Heydər Əliyevin siyasi proseslərin gedişatını böyük uzaqgörənliklə gördüyünü və haqlı olduğunu sübut etdi. Hadisələr göstərdi ki, 1990-cı ildən başlayaraq SSRİ-nin və kommunist idarəçiliyinin perspektivsizliyi, Azərbaycanın müstəqil, demokratik dövlət qurmasının mümkünlüyü və mütləqliyi haqqında Heydər Əliyevin uzaqgörən bəyanatları, bunu əsaslandıran siyasi baxışları öz işini görmüş, gələcək proseslərin gedişinə həlledici təsir göstərmişdi. Moskvadakı avqust hadisələrindən dərhal sonra Naxçıvan ərazisində kommunist partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Bu proses bütün Azərbaycana sirayət etdi və beləliklə, sovet hakimiyyət orqanları xalqın əzmi qarşısında geri çəkilməli oldu. Proseslərin gedişatı göstərirdi ki, respublika rəhbərliyi xalqın milli azadlıq mübarizəsinin, müstəqil və demokratik dövlətçilik hərəkatının qarşısında tab gətirmək iqtidarında deyil. Respublika Ali Sovetinin 1991-ci il avqustun 30-da növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etmək məcburiyyətində qalması faktı bu həqiqəti bir daha sübut etdi. Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Siyasi hakimiyyət Heydər Əliyevin və Azərbaycan xalqının müstəqil və demokratik dövlətçilik uğrunda apardıqları mübarizənin qarşısında tab gətirə bilməyərək 1991-ci il oktyabrın 18-də, nəhayət ki, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinə razılıq verdi. 1991-ci il oktyabrın 19-da Azərbaycan Ali Sovetinin sessiyasına ünvanladığı müraciətdə bu hadisəni yüksək qiymətləndirən Heydər Əliyev yazırdı: "Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atdı”.

1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Fəqət, müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Belə bir vəziyyətdə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın böyük oğlu Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu, ən əsası, Azərbaycanın dövlət müstəqilliyini təmin etdi.

Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Son 15 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Prezident İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi. İndi Azərbaycan regionda lider, dünyada söz sahibi, yüksək nüfuzu olan dövlətdir. Bütün bunlar 30 il əvvəl insanlara xəyal kimi görünə bilərdi. Lakin ulu öndər Heydər Əliyevin başlatdığı, son 15 ildə isə Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi siyasi kurs Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olmasını təmin edib. Təsadüfi deyil ki, bu gün biz tarixin ən güclü Azərbaycanının vətəndaşı olmağımızla fəxr edirik.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: