Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir - FOTOLAR

A- A A+

Ən böyük arzusu, amalı Vətənin məşəqqətli günlərində ona layiqli övlad olmaq, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın azadlığı uğrunda şəhadət zirvəsinə yüksəlmək idi kapitan Cəmiyev Aşurun. Elə özünün təbirincə desək: “...Vətən sağ olsun...Ən gözəl ölümdür şəhidlik, ən gözəl ölüm”.

 Cəmiyev Aşur Bəybala oğlu 18 iyun 1989-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Sonra ailəsi ilə birgə Naxçıvan şəhərinə köçən Aşur orta təhsilini də elə burada alıb. Bizim Aşurla ilk tanışlığımız da eyni məhəllədə qalmağımızdan, şəxsi münasibətimiz isə eyni orta məktəbdə təhsil almağımızdan başlayıb. Düzdür, o, məndən yaşca böyük idi. Lakin Aşuru tanıyan hər kəs etiraf edər ki, o, böyüklə böyük, kiçiklə kiçik olmağı, hamı ilə şirin dil tapmağı yaxşı bacarardı. Təhsilinin qalan hissəsini 2003-cü ildən Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseydə davam etdirən Aşur sanki hələ hərbi liseyə daxil olarkən ailəsinin, bütün Azərbaycanın fəxri olacağını bilirmiş. Bu kövrək duyğularını anasına yazdığı bir bəndlik şeirində isə lap aydın ifadə etməyi bacarıb...

Bu gündən oğlunu salırsan yola,

O qara gözlərə yaş dola-dola.

Bilirəm hər şeydən şirindir bala,

Qəlbini sındırıb, ağlama, ana.

 Liseydə oxuduğu müddətdə yüksək fiziki hazırlığa, nizam-intizama malik olan Aşur sərgilədiyi döyüş ruhu və vətənpərvərliyi ilə hər zaman xüsusi seçilirmiş. Liseyi uğurla bitirən Aşur 2006-2010-cu illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin məzunu olub. Gənc zabit əvvəlcə Lənkəran sərhəd dəstəsinə təyinat alır. Təsadüfi deyil ki, qısa zaman kəsiyində ölkəmizin cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlarda iştirak edərək şücaətinə görə xüsusi fərqlənmişdir. Xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" və "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə mükafatlandırılması da bu mənada təsadüfi deyil.

 Vətənə şərəfli xidmət, uğrunda can vermək, qan tökmək amalı onu hər ötən gün ən BÖYÜK arzusuna çatdırmaqda idi. Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixindən Ermənistanın növbəti təxribatı və hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın işğaldan qurtarılması və tarixi ədalətin bərpası naminə Vətən müharibəsinə, haqq savaşına başlanıldı. Rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə güclü səbir, təmkin, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək 30 illik Vətən həsrətimizə, yurdu sevgimizə cəmi 44 günə son qoydu. Əminliklə demək olar ki, şanlı tariximizə qızıl hərflərlə həkk olan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və bir yumruq ətrafında necə sıx həmrəy olduğunu dosta da, düşmana da açıq bəyan etdi.

 Haqq savaşının başladığı ilk gündən “şəhidlikdən ötə zirvə yoxdur”, - deyən Aşur Cəmiyev Vətənin bu taleyüklü günlərində hər bir azərbaycanlı kimi kənarda dayanmağı özünə rəva bilmir, könüllü olaraq ərizə yazıb döyüşlərə qatılmaq istəyir. Dəfələrlə ərizəsinin geri dönməsinə baxmayaraq, o, inadından geri dönmür və nəhayət döyüşlərə qatılır.

 Döyüş yoldaşlarının dediklərinə görə, təlimlərdə topladığı yüksək təcrübə və taktika hesabına düşmənin ön xətlərdəki istehkamlarını uğurla yarmağa müvəffəq olan Kapitan Cəmiyev müharibənin başladığı ilk gündən müxtəlif döyüş zonalarının aktiv iştirakçısına çevrilib. Hərb sənətinin sirrlərini dərindən bilən və müxtəlif silah növlərindən məharətlə istifadə etməyi bacaran Aşur olduğu hər mövqedə öndə getməyə tələsər, qələbə əzmi ilə vuruşar, eləcə də döyüş yoldaşlarına bu minvalla mənəvi dəstək göstərərdi. Bəlkə də elə bu tələskənlik onu Tanrı dərgahına, əbədiyyət arzusuna daha da tez qovuşdurdu. O, heç vaxt şəxsi istəklərini, maraqlarını ömrünü uğrunda fəda etdiyi Vətənin mənafeyindən üstün tutmadı, əsl insanlıq, vətənpərvərlik nümunəsi sərgilədi. Məhz buna görədir ki, bu gün Vətən deyəndə Aşurlar, Aşur deyəndə isə bütöv Vətən başa düşülür.

 Müharibənin hər ötən günü suverenliyimizin təcəssümü olan bayraq, Vətən sevgisi, milli mənliyi onun qələbə eşqini daha da alovlandırmaqda idi. Kapitan Cəmiyev Zəngilana, Qubadlıya, ən çox da Şuşa qalasına bayraq sancmadan şəhid olmaq istəmirdi. Buna baxmayaraq Vətəninin işığı, elinin, obasının nuru olan Aşur Xudafərinə, Zəngilana bayraq sancan oğullar sırasında olmağın qürurunu yaşadı, eyni zamanda 30 illik hicrandan sonra sinəsi buza dönən torpaqlarımızın donunu öz qaynar qanı ilə açdı.

Tanrı Aşura hündür boy, xoş sima, ürəyinə cəsarət, ən önəmlisi qoluna qüvvət və səbatlılıq vermişdi. Belə ki, Vətən ağrısını, acısını öz yarasından üstün tutan, azad edilən hər qarış torpağımızı öz yarasına məlhəm bilən Kapitan Cəmiyev oktyabrın 6-sı gedən döyüşlərdə yaralansa da, günlərlə bunu hər kəsdən gizlətdi. Nəhayət Qubadlı istiqamətində gedən döyüşlərdə şəhadət şərbətini içərək gözlərini əbədi olaraq yumdu.

 Aşur şəhid olduqdan sonra cəbhədəki silah yoldaşları ilə danışan ailəsinə onların sözü belə olur: “Sağ olun ki, bu xalq üçün Aşur kimi oğul yetişdirmisiniz. Onun hər atəşi düşmənə bir can bahasına başa gəlirdi. Düşmənin xeyli sayda həm canlı qüvvəsini, həm də texnikasını məhv edib. Haqqında danışmaq çox çətindir...Var olsun, onu yetirən torpaq, böyüdən ata-ana...”

 Nə qədər məğrur olsa da, dağlar bulaqsız, çaylar isə selsiz olmaz deyib müdriklərimiz. Sinəsi dağlı, göz yaşı bulaq kimi süzən şəhidin bacısı-Ayşən xanım deyir ki, qardaşımın ad günü 18 iyuna – Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əbədiyyətə qovuşduğu günə təsadüf edir. Məhz buna görə də qardaşım qəhrəmanımızın şəhid olduğu gündən bəri doğum gününü heç vaxt qeyd etməz, “Mübarizin qisası haçan alınar, o zaman da qeyd edərik” deyirdi. Qürurluyuq, çünki bu gün şəhidimiz həm də başqa bir arzusuna çatıb. Polad kimi Mübariz igidlərimizin timsalında bütün şəhidlərimizin qisası alındı. Geriyə sadəcə 3 övladı yadigar qalan Aşur, həm də ailəli idi...

 Sevindirici haldır ki, Vətən uğrunda göstərilən misilsiz qəhrəmanlıqlar dövlətimiz tərəfindən hər zaman yüsək qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərmiş, o cümlədən vəzifə borcunu vicdanla və ləyaqətlə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Aşur Cəmiyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Özlərini daim əzəli və əbədi Azərbaycan torpaqlarında aborigen xalq kimi göstərməyə çalışan işğalçı Ermənistan üzərində əldə edilən bu tarixi qələbə, şübhəsiz ki, XXI əsr tarixinə qızıl hərflərlə yazılıb. Aparılan haqq savaşı və əldə edilən parlaq qələbə torpaqlarımızın erməni işğalından azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası ilə yanaşı, həm də ökədaxili məcburi miqrasiyanın əsas subyektini təşkil edən məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına da mühüm zəmin yaratdı. Ölkə Prezidenti cənab İlham Əliyev vaxtilə daxili məcburi miqrasiya proseslərinə məruz bir milyondan çox qaçqın və məcburi köçkünün ən böyük arzusunu, xəyalını gerçəkliyə çevirdi. 44 günlük Vətən savaşından sonra həm hərbi, həm də siyasi baxımdan işğalçı ölkənin faktiki olaraq kapitulyasiyasını rəsmiləşdirən üçtərəfli bəyanatda da bu müddəa xüsusilə öz əksini tapıb. Belə ki, bəyanatın 7-ci bəndinə əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Qarabağ ərazisinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmalıdır.

 Qürurlu haldır haldır ki, 30 ilə yaxın müvəqqəti yaşayış yerlərinə sığınan məcburi köçkünlərimiz bu adı üstlərindən əbədi götürməkdədirlər. Onlar artıq vaxtilə yurdlarında yuvasız qalan vətəndaşlar deyil, bütövlüyü təmin edilmiş müstəqil ölkənin azad vətəndaşıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər”.

Arif BAYRAMOV

Naxçıvan regional miqrasiya baş idarəsinin əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: