Elimizin yüz yaşlı yurd daşları - cəviz ağacları

A- A A+

Muxtar respublikamızda təbiətin insana bəxşişi olan nemətlərin hər birini yetirib-­bitirən, bol bar-bəhər verən torpaqları, ayrı-ayrı rayon, kənd əraziləri vardır. Ordubad limonu, əriyi, zoğalı, Şərur şaftalısı, kartofu, pomidoru, Şahbuz badamı, alması, heyvası, Sədərək üzümü ilə tanınır. Gözəl yurdumuzun bütün yaşayış məntəqələrində bu nemətlərdən bol olmasına baxmayaraq, söhbət düşəndə hər birinin əsl ünvanları bunlardır, – deyə söylənilir. Elə Babək rayonunun Aşağı və Yuxarı Buzqov kəndləri də cəvizin məskəni sayılır. Düzdür, Şərurun Havuş, Şahbulaq, Ordubadın Nürgüt, Biləv, Culfanın Ləkətağ, Boyəhməd, Şahbuzun Aşağı və Yuxarı Qışlaq, Qızıl Qışlaq, Kükü, Keçili kəndlərində də cəviz ağacları saysız-hesabsızdır. Lakin Buzqov cəvizi dad-tamına, məhsuldarlığına, keyfiyyətinə görə bənzərsizdir.

Ümumilikdə, muxtar respublikamız həm də ölkəmizdə əl-əl axtarılan əsl cəvizin vətəni hesab olunur və burada cəviz ağaclarına həmişə xüsusi qayğı və nəvazişlə ­yanaşılıb. Hər qarış torpağı bar-bərəkət dolu diyarımızda şəfa mənbəyi olan bu nemətlərin çoxaldılması məqsədilə meyvəçilik son illər sürətlə inkişaf etdirilir. Ardıcıl şəkildə həyata keçirilən dövlət proqramlarının icrası minlərlə hektar sahədə meyvə bağlarının salınması ilə nəticələnib. Belə bağlar arasında muxtar respublikamızın iqlim xüsusiyyətləri nəzərə alınaraq əkilən qərzəkli meyvələrdən olan cəviz də üstünlük təşkil edir. Kənd adamlarının hər il həyətlərində, pay torpaqlarında yaratdıqları cəvizliklərdən əlavə, muxtar respublikamızda son illər iməciliklər yolu ilə də hektarlarla cəviz bağı salınıb. Bu nemətə olan tələbat ildən-ilə artır. Çünki burada fəaliyyət göstərən şirniyyat istehsalı müəssisələri cəvizin yaxşı alıcılarıdır. Ötən həftə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında muxtar respublikamızın ayrı-ayrı bölgələrindən gətirilən cəviz, ondan hazırlanan məhsullar, xüsusilə cəviz mürəbbəsinin üstünlük təşkil etməsi və festivalın ilk günü artıq bu məhsulların hamısının satılması muxtar respublikamıza gələn qonaqların da Naxçıvan cəvizi barədə məlumatlı olmasının göstəricisidir. Payızın məhsul yığımı dövründə yolumuzu ömrünün ikinci əsrini yaşayan cəviz ağaclarına hər addımda rast gələ biləcəyimiz Babəkin Aşağı və Yuxarı Buzqov, Şahbuzun Aşağı və Yuxarı Qışlaq kəndlərindən saldıq. Rayon mərkəzindən bu kəndlərə uzanan düz, hamar asfalt yollar mənzil başındakı abad yerlərdən xəbər verir. Elə kəndlərə daxil olarkən ucqar yurd yerlərimizdə görünən qurulub-yaradılanlar da bu düşünülənləri təsdiqləyir.

“Bir cəviz ağacı bir inəkdir”

Yuxarı Qışlaqda həyətində gəzə-gəzə söhbətləşdiyimiz 90 yaşlı Səkinə nənə belə deyir: – Bu kənddə bir deyim var: “Bir cəviz ağacı bir inəkdir”. Bir inək bir ildə nə qədər gəlir gətirirsə, bir cəviz ağacı da sahibinə bir o qədər xeyir verir. Bineyi-qədimdən məhsulumuzu həm bazarlara çıxarmışıq, həm də qapımızdaca satmışıq. Hər həftənin şənbə günü Naxçıvan şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Uşaqlar neçə illərdir ki, cəvizi o yarmarkaya aparır, yaxşı da satırlar. Bu kənddə həyətində cəviz ağacı olmayan ev tapa bilməzsən. Hamı da cəvizdən yaxşı gəlir götürür. Mən bu evə gəlin gələndə burada bax o iki cəviz ağacı var idi. Əlini uzadaraq qocaman ağacları göstərir və deyir:

Əzizim, yüzyaşlıdır, Bir əsrin yaddaşıdır. Gördüyün o cəvizlər  Yüzyaşlı yurd daşıdır.

Mən onları gəlib elə burada görmüşəm. Rəhmətlik qayınatam deyərdi ki, o cəvizləri bu evi binə edəndə öz əllərimlə əkmişəm. Bunların yaşı 100-ü çoxdan keçmiş olar. Həyətin kənarındakı böyük cəvizliyə çatanda gördüyünüz bu 30-dan artıq cəviz ağacını isə özüm əkmişəm, çaydan su daşıyıb diblərinə tökmüşəm. İndi hamısı bar üstündədir. Rəhmətlik qayınanam bu cəviz ağaclarının tutması üçün cəfakeşliyimi görüb məni əzizləyərək deyərdi:

Əzizim, cəviz əkən,  Ting salıb, cəviz əkən. Görüm yüz yaşayasan, Səni, a cəviz əkən.

Mən də şirindilliliyi elə qayınanamdan öyrənmişəm. Cəviz çırpılan vaxt qızlarımı başıma yığıb, ay bala, yağışı var, sazağı var, hər işi qoyun kənara, gəlin bunu yerdən götürək, – deyərdim. Qızlar axşam xınalanmış əllərini göstərib: – Ay ana, bax – deyəndə,

Gözəlim xına yaxıb, Əlinə xına yaxıb. Cəvizin qabıqları, Balama xına yaxıb,

– deyib onları əzizləyirdim ki, sabahı gün yenə mənə kömək eləsinlər”. Yuxarı qışlaqlı 80 yaşlı İsmayıl baba nağıl edir ki, cəvizin “daş cəviz” adlanan növünün ağacı həm də mebel istehsalında qiymətli və keyfiyyətli material hesab olunur. Yadımdadır, 1980-ci illərin axırları, 1990-cı illərin əvvəlləri idi. Cəviz ağaclarını almaq üçün kəndə bir dəstə adam gəlmişdi. Qapı-qapı düşüb camaat arasında təbliğat aparır, təklif edirdilər ki, cəviz ağaclarını kəsib onlara satsınlar. Bir aya yaxın gəlib-getdilər. Amma heç bir faydası olmadı. Biz ağsaqqallar yığışıb onlara dedik ki, gedin, gəlirinizi başqa yerlərdə axtarın. Bura qədimdən cəvizin məskəni, cəvizsə, bu yerin insanlarının ruzisi, dolanışıq mənbəyi olub. Bunları kəsib, sizə satıb bir il dolanarıq, hansı ki onlar bizə hər il bir neçə min manat gəlir gətirir. Biz qolumuzu baltanın altına qoyarıq, amma o ağacların kəsilməsini ağlımıza belə, gətirmərik! İsmayıl baba cəvizin Şahbuzun əksər kənd­lərində yaşayan insanların ta qədimdən ruzi mənbəyi olması ilə yanaşı, cəviz ağacına bizim ellərdə müqəddəs ağac kimi baxıldığından da danışdı. Hələ rayonun Qızıl Qışlaq kəndində “Cəviz piri” adlı müqəddəs ocağın olduğunu da bildirdi. Dedi ki, cəvizin müqəddəsliyi bir də ondadır ki, bu ağac suyu özünə çəkir, onun ətrafında daim nəmlik olur, hətta bulaq da yaranır.

Cəviz toxumacarlığı

Cəvizin çoxaldılması üçün toxumacarlıq yaradılmalıdır ki, bunun da ən yaxşı biliciləri bu kəndlərdədir. Biz Yuxarı Qışlaqda olarkən kənddə bu işin ustasının Cəlal əmi olduğunu dedilər. Evlərinə getdik, təsadüfən Cəlal əmi həyətində yeni toxumacarlıq yaradırdı. Onunla söhbət edə-edə bu işlə biz də tanış olduq. Öyrəndik ki, cəviz çırpılıb yığılandan sonra qabıqdan çıxarılır, sərilib qurudulur. Sonra onların içərisindən ən böyükləri və sağlam olanları seçilib əvvəlcədən qazılıb hazırlanmış torpağa miz tərəfləri yuxarı olmaq şərtilə basdırılır. Əvvəl bir-iki dəfə su verilir, sonra hava soyuduğuna görə onlar nəmliyi torpaqdan götürürlər. Yazda baxırsan ki, cücəriblər. Boyları bir metrə çatanda ya yazda, ya da payızda çıxarıb istədiyin yerə əkirsən. Cəlal əmi deyir ki, cəviz bir qədər sulu yerləri sevir, daşlı-çınqıllı olmayan yerlərdə daha yaxşı inkişaf edir, 10 il ərzində bar verir. Kənddə cəvizin bərk qabıq, nazik qabıq, kətanköynək, badamı, daş, yağlı, ləpəlik sortlarının olduğunu söyləyən Cəlal əmi, onlardan hansının toxumacarlığını yaratsan, onun da tingini əldə edərsən, – dedi. Elə rayonda son illər salınan cəviz bağlarına əkilən tinglər də bu kəndlərdəki toxumacarlıqlarda yetişdirilib.

Cəviz mürəbbəsi, çöçəsi,  cəviz halvası və dürməyi

Yuxarı buzqovlu 80 yaşlı Zeynəb nənə isə bizə cəvizin faydalarından, istifadəsindən danışır. O deyir: – Cəvizi ərik dənəsi böyüklükdə ikən – təzəcə yetişmək istəyəndə hər gün səhər vaxtı 1 ədəd olmaqla, 10 gün udmaq el arasında deyilən xəstəliyin müalicəsində əvəzsizdir. Cəviz ləpəsinin damarlardakı artıq yağların təmizlənməsində, ürək-damar xəstəliklərinin müalicəsində, uşaqların zehni inkişafında, sümüklərin güclənməsində böyük təsiri var. Hər gün 40 qram cəviz yeyən, dərd-bəla sizlərdən uzaq, ürək-damar xəstəliyi nədir bilməz. Yarpaqları ağız yaralarına, bağırsaq iltihablarına, ayaqda göbələk xəstəliyinə ­məlhəmdir. Bu nemətdən mətbəximizdə də çox istifadə olunur. Hələ yetişməmiş, içi bərkiməmiş (buna el arasında “sümükləşməmiş” də deyirlər) cəvizdən bişirilən mürəbbə süfrələrimizin bəzəyidir. Bu mürəbbə 10 günə başa gəlir, onu hər qız-gəlin bişirə bilməz. Hazırlanması çox zəhmət və bacarıq tələb edən bu mürəbbə evimizə gələn qonaq üçün açdığımız süfrənin “şahı”dır. Cəvizlə bişirilən çox sayda şirniyyatlarımız var ki, bunların başında Naxçıvanın içli çöçəsi dayanır. Kənddə çöçə bişirmək üçün kiçik təndiri olmayan həyət yoxdur. Cəviz çırpılandan 10-20 gün sonra (yaş cəviz quruyanda) bütün evlərdə təzə cəvizlə içli çöçə bişirilir. İllərdir, bunu bir inanc kimi qəbul etmişik ki, cəvizin barını belə, “əzizləyəndə” gələn il daha çox məhsul verir. İl uzunu, xüsusilə də ən əziz bayramımız Novruzda çərəz kimi süfrəyə qoymaqla yanaşı, cəvizdən milli şirniyyatlarımız olan şəkərbura və paxlava bişirilməsində də istifadə olunur. Aşağı və Yuxarı Buzqov kəndlərinin hər ikisində qış uzunu evlərdə nabat bişirilir – cəvizli nabat. Məncə, çay bu nabat qədər başqa heç nə ilə ləzzətli ola bilməz. Bu kəndlərin hər ikisində belə bir adət də var: Elə ki Ramazan ayının başlanmasına bir həftə qaldı, oruc tutulan bütün evlərdə cəvizli halva çalınar. Çox ləzzətli və tutumlu olan bu halva ay uzunu qızdırılıb süfrəyə qoyulur. Cəvizdən zirətovda, plovun qarasında da çox istifadə edirik. Zeynəb nənə çoxlarımıza tanış olan cəviz dürməyi barədə də maraqlı söhbət edərək dedi ki, ümumiyyətlə, dürməyi nədən tutursan tut, o, dadlı olur. Amma etiraf edək ki, cəviz heç bir şəkildə dürməkdəki qədər dadlı olmur. İkinci cahan müharibəsi illərində günümüz kolxozda sahələrdə işləməklə keçirdi. Nə vardı yeməyə? Aclıq baş alıb gedirdi. Dizimizə qüvvəti, gözümüzə nuru, inanın ki, cəviz dürməyi verirdi. Nə yaxşı ki bu ağaclar var imiş, bunlar bizim yaxşı günümüzün də, pis günümüzün də şahidləridir. Elə o vaxt-bu vaxt cəviz dürməyi yeyilir bu kəndlərdə. Aşağı buzqovlu 75 yaşlı Nazlı nənə deyir ki, bizdə belə bir inanc da var ki, gərək bu cəviz çırpımından gələn ildəkinədək kisənin dibində bir qoşa ovuc cəviz qala, yoxsa onun bərəkəti qaçar, gələn il bar verməz. Bu inanca görə, kəndin ağbirçəklərindən belə bir deyim də qalıb: “O qadına qadın deyərik ki, ilin hər vədəsində evində cəviz saxlaya, birdən vacib lazım olar”. Bu, bir adətə çevrilib, indi nə vaxt hansı qapıya getsən, cəviz tapa bilərsən. Nazlı nənə bu kəndlərdə həm xınayaxdı mərasimlərində, həm də saça qoymaq üçün xınanın cəviz yarpaqlarından dəmlənmiş su ilə hazırlanmasından da danışaraq dedi ki, bu xınanın çox gözəl rəngi olur. Həm də saçlara və əl-ayağa faydası çoxdur. Cəviz ləpələrinin arasındakı pərdənin dəmləməsinin isə bir çox xəstəliklərlə yanaşı, saç tökülməsinin də qarşısını alan dəyərli vasitə olduğunu söylədi.

Cəvizi qırmızılı, qəhvəyi yelənli xalçalar

Aşağı və Yuxarı Qışlaq kəndləri həm də qədim xalçaçılıq sənətinin yaşadıldığı yerlərdir. Bu kəndlərin hər bir evini əlləri zərgər olan qadınların incə ruhlarından süzülərək ilmə-ilmə naxışlara çevrilən yun xalçalar bəzəyir. Əzizlərinin, övladlarının, nəvələrinin adlarını da həkk etdikləri həmin xalçaların ipliyini qışlaqlılar həyətlərində saxladıqları qoyun yunundan, rəngləri isə dağın-daşın gül-çiçəyindən, bir də ki cəvizdən alırlar. Aşağı Qışlaq kəndində yaxşı tanınan xalça ustası Südabə xanım deyir: – Evlərimizin bəzəyi olan xalçaların yelən hissəsinə tünd rəngli iplərdən istifadə olunur. Bunu da illər uzunu cəvizdən almışıq. Cəvizin atılan heç bir hissəsi yoxdur. Qabığından, qobuğundan, yarpağından ip boyamaqla müxtəlif – açıq, tünd-qəhvəyi, cəvizi qırmızı, ona başqa bitkilərdən əlavə etdikdə isə tünd-qırmızı, qara rəngləri almaq olur. Bu iplərlə toxunan xalçalar köhnəlmək, solmaq bilməz, yuduqca rəngləri daha da parlaqlaşar, gözəlləşər. O, evindəki 50-60 il bundan əvvəl toxunan xalçaları açıb bizə göstərdi. Həqiqətən, onlar elə bil indi toxunublar. Südabə xanım deyir ki, əvvəllər ağ yun ipdən toxuduğumuz köynəklərin, corabların boyanmasında da cəviz qabığından, qobuğundan istifadə edərdik. Həmin köynəklər, corablar geyinilməkdən yırtılardı, amma rəngi solmazdı, deyərdin ki, indicə boyanıb. Cəvizin yarpaqlarından isə indi də həmin xalçaları yayda bükərkən istifadə edirik. Tamamilə yun olan bu xalçaları güvədən yalnız cəviz yarpaqlarının kəskin iyinin hesabına qorumaq mümkündür. Söhbətimizin bu yerində Südabə xanımın oğlu Elmar yerdən qar gedəndən sonra, həm də cəvizin evlərdən azaldığı vaxt kənd uşaqlarının cəviz oyunu oynadıqlarından da danışdı. O deyir ki, cəvizlər dikdən üzüenişə diyirləndirilir, kimin cəvizləri aşağıdakı cəvizlərə toxunarsa, o, bu oyunu udar. Elmar bizi ərik odunu və cəviz qabıqlarının qarışığı ilə çırtaçırtla qaynatdığı ləzzətli, ətirli samovar çayına da qonaq etdi.

Uzunömürlü insanlar, insan ömürlü cəviz ağacları...

Aşağı və Yuxarı Buzqov kimi, Aşağı və Yuxarı Qışlaq kəndləri həm də uzunömürlülər diyarıdır. Bu kəndlərin hər birində gövdələrini 3-4 nəfərin dövrələyə bilmədiyi, bir-birinə boy verib, çiyin-çiyinə sıralanan cəviz ağaclarına baxarkən insan düşüncələrə dalır: Zirvəsi buludlarla öpüşən, dağlara pərçim olmuş sıldırım, şüş, papaq qayalar sanki buradakı insanlara öz uzun ömürlərin bəxş etmişlər. Bu insanlar isə ting salıb cəviz əkərkən sanki bu ağaclara öz ömürlərindən pay vermiş, onları özlərinə ömürlük ayrılmaz yoldaş, sirdaş etmişlər. Özü öz sirrini açan bu mənzərələr adama sakitcə bu sözləri “pıçıldayır”: Uzunömürlü insanlar, insan ömürlü cəviz ağacları...

 Mətanət MƏMMƏDOVA

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: