Tokioda yaşayan Azərbaycan icması ölkəmizlə sərhəddə ekoloji durumun gərginləşdirilməsi istiqamətində Ermənistanın atdığı növbəti yolverilməz addımla bağlı Yaponiya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib.
Bu barədə NUHÇIXAN-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin adından yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda bildirilib ki, soydaşlarımız Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Arazdəyən kəndində Ermənistanın 16 min 500 kvadratmetr sahədə illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodu tikməsini hiddətlə pisləyir.
Bəyanatda mövcud reallıq Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarının kobud surətdə pozulması və qonşu ölkənin ekoloji vəziyyətin gərginləşməsi istiqamətində növbəti addımı kimi dəyərləndirilib. Qeyd edilib ki, Espo Konvensiyasının müddəalarına görə, digər ölkələrə mənfi ekoloji təsir baxımından Ermənistan öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalıdır.
Bundan başqa, Ermənistanın beynəlxalq hüququn və ekoloji hüququn normalarını mütəmadi olaraq pozduğu bir daha diqqətə çatdırılıb. Azərbaycanın bir müddət öncə Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar qonşu ölkənin Espo Konvensiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olduğu, iri mədən müəssisələri olan Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi zərər vurduğu kimi faktlar buna bariz nümunə göstərilib.
Yaponiya azərbaycanlıları beynəlxalq ictimaiyyəti öz qanunsuz əməlləri ilə regionun ümumi ekoloji mühiti üçün təhlükə yaradan Ermənistana təzyiq göstərməyə çağırıb.