Gənclərin hərbçilərlə görüşü təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, gənclər Kəngərli rayonundakı hərbi hissədə olub, zabit və əsgərlərlə görüşüblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs ediblər. Çıxışlarda gənc nəslin vətənpərvər ruhda böyüməsi, azərbaycançılıq ideologiyasına, milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasının gənclər siyasətinin əsas istiqamətlərindən olduğu vurğulanıb.
İştirakçılara tədbirin proqramı və təhlükəsizlik qaydaları barədə məlumat verildikdən sonra gənclər hərbi hissənin şəxsi heyətinin xidməti şəraiti ilə tanış olublar. Burada yaradılan Heydər Əliyev guşəsi ziyarət olunub, hərbi silah və texnikalar nümayiş etdirilib.
Ardınca gənclər əsgərlərlə birgə nahar ediblər.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.