Dəstə kəndi muxtar respublikamızın ən iri yaşayış məntəqələrindən biridir. Sərhəd bölgəsində yerləşən bu kənddə son illər bir sıra quruculuq prosesləri həyata keçirilməkdədir. 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyası öz başlanğıcını bu kəndin ərazisindən götürəcək. Hazırda Dəstənin Araz çayı kənarında bu məqsədlə xeyli inşaat işləri yerinə yetirilib. Bundan başqa kənddə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları tərəfindən 900 şagird yerlik 4 mərtəbəli məktəb binasının, iki mərtəbədən ibarət həkim ambulatoriyasının və kənd mərkəzinin, eləcə də xidmət mərkəzinin tikintisi demək olar ki, başa çatdırılıb.
Kənd məktəbi istifadəyə verildikdən sonra burada 3-ü elektron lövhəli olmaqla 43 sinif otağı, idman zalı, laboratoriyalar, şahmat və hərbi kabinə şagirdlərin ixtiyarına veriləcək. Kənd mərkəzində isə rabitə evi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika otağı, polis sahə və baytarlıq məntəqələri, eləcə də iclas zalı mövcud olacaq. Bir mərtəbədən ibarət xidmət mərkəzində isə ərzaq və sənaye malları mağazaları, gözəllik salonu, bərbərxana, dərzi sexi və ət satışı dükanı kənd sakinlərinə xidmət göstərəcək.
Dəstə kəndində avtomobil yollarının asfaltlaşdırılması işi də başa çatdırılmış, yol kənarlarında suayrıcılar düzəldilmiş, ətraf abadlaşdırılmışdır. Bu işləri Culfa rayonunun yol ustaları yerinə yetirmişlər.
Dəstə kəndində digər bir quruculuq ünvanının-mərasim evinin inşası da tamamlanmaq üzrədir.
“El həyatı” qəzeti