“Muxtar respublikada 500-ə yaxın işsiz şəxsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqı ödənilən ictimai işlər çərçivəsində işə cəlb edib. Bu proses davam edir. İlin sonuna qədər 1000 nəfər bu qəbildən olan vətəndaşları biz işlə təmin edə biləcəyik”.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvan Biznes Mərkəzində keçirilən əmək yarmarkasında jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov deyib.
Qeyd edək ki, vətəndaşlar haqqı ödənilən ictimai işlər çərçivəsində Naxçıvan MR-in Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Meliorasiya və Su Təsərrüfatı ASC və digər sahələrdə işlə təmin ediliblər.
Məlumat üçün bildirək ki, iyunun 22-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında, ümumilikdə, 110 müəssisədən 640 və haqqı ödənilən ictimai işlər üzrə 347 vakansiya işaxtaran və işsiz vətəndaşlara təklif olunub. Həmçinin muxtar respublikada fəaliyyət göstərən 80 özəl müəssisədən 315 müxtəlif iş yeri çıxarılıb.