Bu təhsil ocağında uşaqlar xüsusi diqqət və qayğı ilə əhatə olunublar

A- A A+

Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbi nəinki rayonumuzun, eləcə də muxtar respublikamızın qabaqcıl təhsil ocaqlarındandır. Məktəb 1957-ci ildə birinci-dördüncü siniflər üzrə 120 nəfər şagird kontingenti ilə 7 illik məktəb kimi fəaliyyətə başlayıb. Məktəbi yaratmaqda əsas məqsəd İkinci Dünya müharibəsindən sonrakı dövrlərdə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqları və imkansız ailələrin uşaqlarını təhsilə cəlb etmək idi.

Daha sonralar 1964-cü ildə sözügedən məktəb üçün o dövrün tələblərinə cavab verən bina inşa olunub, bu elm ocağı həmin ilin sentyabr ayından 340 nəfər şagird kontingenti ilə orta məktəb kimi fəaliyyət göstərib. Sovetlər dövründə bu təhsil ocağında çalışan müəllimlər nəinki rayonumuzda, eləcə də muxtar respublikamızda böyük nüfuz qazanıblar.

Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra həyatımızın bütün sahələri kimi bu təhsil ocağının da üzünə günəş doğmuşdur. 2006-cı il dekabr ayının 21-də tamamilə yenidən qurularaq Avropa standartlarına uyğun məktəb kompleksinə çevrilən bu təhsil ocağı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və xeyir-duası ilə öz qapılarını müəllim və şagirdlərin üzünə açıb.

İnternat məktəbində şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait mövcuddur. Belə ki, burada bütün avadanlıqlarla təchiz olunmuş sinif otaqları, qazanxana korpusu, yeməkxana, müasirtipli istilik sistemi, süni örtüklü minifutbol meydançası, idman zalı dərslərin ən yüksək səviyyədə keçirilməsinə imkan verir. Məktəbin kitabxanasında isə şagird və müəllimlər dərsliklərlə bərabər bədii və elmi ədəbiyyatlardan da istifadə edə bilirlər.

Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsi və idmanın inkişafına isə xüsusi diqqət yetirilir. Ancaq, bütün bu nailiyyətlərlə yanaşı məktəbin ən böyük uğuru ali məktəblərə keçirilən imtahanlarda məzunların göstərdikləri nəticələrdir. Belə ki, 2017-2018-ci tədris ilinin sonunda internat məktəbini 15 nəfər şagird bitirmiş və onların hamısı ali məktəblərə qəbul üçün imtahanlarda iştirak edərək tələbə adını qazanıblar. Beləliklə həm sənəd verənlərə görə, həm də qəbul olunanların ümumi sayına görə məktəb 100 faizlik nəticəyə nail olub. Məzunlardan Fərhan Məmmədov 647 balla Azərbaycan Dövlət İqtisad Universitetinəqəbul olunub. Bir neçə məzun da 500-600 intervalında ballar toplayaraq ali məktəblərin tələbəsi adını qazanıblar.

Qeyd edək ki, 471 nəfər şagirdin təhsil aldığı internat tam orta məktəbində şagirdlərin təlim-tərbiyəsi ilə 62 nəfər müəllim məşğul olur. Onların arasında Azərbaycan Respublikasının  və Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimləri var.         Məktəbdə internet şəbəkəsinə qoşulmuş 23 ədəd kompüterin və 3 elektron lövhənin mövcud olduğu sinif otaqları, fizika, kimya, biologiya və hərbi kabinələri, minifutbol meydançası, idman zalı, dərs və bədii ədəbiyyatla zəngin kitabxanası şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradılıb.

Onu da qeyd edək ki, bu gün 70 nəfər şagird məktəbin yataqxanasında qalır. Onların gündəlik yeyib-içmələri üçün bütün imkan və şəraitə malik yeməkxana və xidmətlər mövcuddur.

Ordubad şəhərində internat tam orta məktəbi 61 ildir ki, fəaliyyət göstərir. Bu təhsil ocağında xüsusi diqqət və qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum şagirdlər, xüsusi imtiyaza malik imkansız ailələrin uşaqları təhsil alırlar. Əminliklə demək olar ki, bu kateqoriyadan olan uşaqlar dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Elə bu diqqət və qayğının nəticəsidir ki, məktəb şagirdlərinin təhsildə, hərbi-idman oyunlarında olimpiadalarda, sınaq-test imtahanlarında qazandığı uğurlar ildən-ilə artmaqdadır.

Anar Rəcəbli

El həyatıqəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: