“Kitabi-Dədə Qorqud” dastanında multikultural dəyərlər

A- A A+

“Kitabi-Dədə Qorqud” dastanı həm türkdilli xalqların, eləcə də Azərbaycanın milli-etnik mədəniyyətini və qədim adət-ənənələrini özündə əks etdirən, qədim əsrlərdən bəri qorunan, tariximizin və ədəbiyyatımızın zirvəsi olaraq sayılan bir kitab olaraq səciyyələndirilir. Azərbaycan xalqının milli mənsubiyyət, soykök, etik-estetik dəyərlər, dünyagörüşü və s. xüsusiyyətlərini özündə cəmləşdirən bu əsər xalqımızın mənəvi mədəniyyətinin ali zirvəsi kimi çıxış edir. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev bu kitabı “xalqımızın ana abidəsi”, “milli varlığımızın mötəbər qaynağı” kimi səciyyələndirir və onun haqqında deyirdi: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır... “Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir”.

Başqa adı “Oğuznamə” olan bu qədim Azərbaycan kitabı, bir çox alimərin fikrincə, əsasən Azərbaycanda cərəyan edən hadisələrlə bağlıdır. Bu dastanın başqa xalqlardakı dastan, nağıl, əfsanə şəklində yaşayan boylarını müqayisə etdikdə aydın görünür ki, bunlar məhz Azərbaycan ozanları, aşıqları tərəfindən yaradılıb. Bundan başqa dastanda adları keçən Şərur, Əlincə qalası, Bükdüz (indiki Böyükdüz), Dərbənd, Gəncə, Qaraçuq, Aladağ, Ağcaqala, Göyçə, Bərdə kimi ərazilərin adları da bu dastanın sırf Azərbaycan abidəsi olmasını təsdiq edir. Azərbaycan xalqının minillik dünyagörüşü, mədəniyyət və mənəviyyatını özündə əks etdirən bu zəngin  abidə Azərbaycan xalqının əcdadları olan oğuzların yaşam tərzində olan adət-ənənələri, mədəniyyəti, vətənə, torpağa olan sevgini, qadına, anaya olan böyük ehtiramı, digər xalqlara, mədəniyyətlərə olan humanist münasibətləri özündə əks etdirir və dövrümüzün azərbaycançılıq anlayışının mənəvi mənbəyi kimi çıxış edir.

Azarbaycanlıların qəhrəmanlıq dastanları sırasında xüsusi yeri olan və onların “ağsaqalı” hesab olunan ən qədim yazılı abidə kimi “Kitabi-Dədə Qorqud” dastanında maraqlı multikultural və tolerant əhvalın təsvirinə də rast gəlirik.

Keçmişimizi öz səhifələrində yaşadan və bunu gələcək nəsillərə daşıyan “Kitabi-Dədə Qorqud” dastanında azərbaycançılıq anlayışı ilə bərabər xalqımızın malik olduğu multikultural və tolerant xüsusiyyətlər də əksini tapmışdır. Dastanın “Qanlı Qoca oğlu Qanturalı” boyu multikultural dəyərləri əks etdirmə baxımından daha nümunəvidir. Boyda Qanturalının evlənməsini məsləhət görən atası Qanlı Qocaya Qanturalı məhz belə cavab verir: “Baba, mən yerimdən durmadan ol durmış ola! Bən qaraquc atımı binmədin ol binmiş ola!”. Göründüyü kimi, məhz bu istək ardınca Qanturalı Trabzona gələrək xristian təkurunun qızı olan sarı donlu Selcan xatunu almaq üçün ona təklif olunan ən çətin sınaqlardan keçməli olur. Ümumiyyətlə, dastanın bu boyu dini və milli mənsubiyyətin fərqli olmasının oğuzların, yəni azərbaycanlıların yaşam tərzi və adət-ənənələrinə heç bir əks təsiri olmadığını aydın nümayiş etdirir. Qanturalının evlənmək və qadın seçmək haqqındakı fikirləri, atası Qanlı Qoca və onun kimi bəylərin, elin razılığı həm də oğuz elinin mənəviyyatında başqa eldən, dindən olmasına görə ayrı-seçkilik qoyulmamasının bariz ifadəsidir. Ümumiyyətlə, tədqiqatçıların da qəti şəkildə dediyi kimi, “dastandakı qəhrəmanların müsəlman kimi dindarlığı mühafizakarlıqdan xeyli uzaq bir məzmundadır”. Dastan boyu Selcan xatuna dini ayrılığına görə heç bir fərq qoyulmamış və dastanda adı çəkilən digər qadınlar kimi onun da gözəlliyi və cəsurluğu mədh edilmişdir. Bu mətləbə və eynən Qanturalının evlənmək, qadın seçmək kimi görüşlərinin eyniliyinə biz dastanının “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda da rast gəlirik. Lakin bu boy üçün maraqlı olan, oğuz elinin və konkret olaraq oğuz igidi Bamsı Beyrəyin başqa dindən, eldən olan insana xoş münasibətli davranması məsələsidir. Belə ki, dastanının “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda da dini mənsubiyyətcə xiristian olan başqa bir qadın obrazı Beyrəyi əsir götürən Bayburt qalası bəyinin qızıdır. Bu qız düşmən qızı olsa da, Beyrəyin əsirlikdən qurtulmasına kömək edir. Beyrək qıza əsirlikdən xilas olarsa, qayıdıb onu alacağına vəd verir. Tədqiqatçıların fikrincə, elə Bamsı Beyrəyin ölüm cəzasına düçar olmasının səbəbi də oğuz igidinin – Bamsı Beyrəyin öz inancına uyğun davranmamsı, vədinə əməl etməməsi ilə bağlıdır. İnanca və vədə əməl etməyən Sarı Çoban oğuz elinin başına Təpəgöz kimi bəla gətirdiyi kimi, bamsı Beyrək də öz başına bəla gətirmiş olur və vədində olduğu kimi “qılıncı ilə doğranmış olur”. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında qeyd edildiyi kimi, “əslində, bu məqama multikultural münasibətlər sisteminin işığında nəzər salsaq, belə demək olar: başqa bir dinin, millətin nümayəndəsinə olsa belə, verdiyi sözə xilaf çıxan oğuz cəngavərini Oğuz əxlaqı, Oğuz adəti ayrı-seçkilik salmadan cəzalandırır”.

Beləliklə, dastanın ümumi məzmunundan və faktlarından qəti bir nəticə çıxır ki, oğuz elinin insanları  digər dil və dini mənsubluğa malik olan insanlara heç bir fərq qoymayıb, humanist düşüncə, həyat tərzi və dünyagörüşünə malik olublar. Oğuzlar xeyirxah,  çətin vəziyyətdə olan insanlara kömək edən, torpaqlarını düşmənlərdən qoruyan, adət-ənənələrinə bağlı olan, mərd, cəsur bir etnik milli-mədəni varlıq kimi özlərini təcəssüm etdiriblər. Bütün bu tədqiqatların işığında qeyd edə bilərik ki, həm qədim dövrümüzün tarixi faktlarını, həm də müstəqillik dövrümüzün azərbaycançılıq və multikulturalizm dəyərlərini özündə cəmləşdirən “Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan xalqının tərcümeyi-halı adlandırmaq olar.

 

Mahirə İsmayılova

AMEA Naxçıvan Bölməsinin laborantı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: