26 İyun Günnütdən Şuşaya döyüş yolu keçənlərin bayramıdır
Əzizlərimizin məzarının yerləşdiyi yurd yerlərimiz düşmən işğalında qala bilməz!
105 yaşı tamam olan Azərbaycan Silahlı Qüvvələri bu gün rəşadəti və qələbə əzmi ilə dünyanın güclü orduları sırasında qərarlaşıb. 26 İyun - Silahlı Qüvvələr Gününü fəxrlə qeyd etdiyimiz bu şanlı gündə 2018-ci ildə ilk dəfə Günnüt kəndi və ətraf ərazilərdə yeni salınmış mövqelərimizdə çəkiliş aparmağımız gözümün önündə canlandı.
Düz 5 il əvvəl 26 illik Vətən həsrətinə son qoyulan Günnütün əzəli sakinləri kənd qəbiristanlığında öz yaxınlarının məzarını axtarır, erməni vandallarının dağıtdığı məzarları görəndə dəhşətə gəlirdilər. Öz atasının, anasının, əzizlərinin məzarından təskinlik tapmağa çalışan Günnüt camaatı kəndin torpağını öpür, saf bulağından su içirdi. Bir kənd sakininin sözləri hələ də qulağımdadır. O dedi ki, “Əgər əzizlərinin məzarı bu torpaqdadırsa, həmin yerlər düşmən tapdağı altında qala bilməz”. Deməli, müqəddəs Vətənimizə dəyər qatan məhz elə bizim əzizlərimiz, doğmalarımızdır. Ona görə də hər birimiz əminik ki, bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Necə ki, 2016-cı ildən Aprel döyüşləri ilə başlayan böyük qayıdış 2018-ci ildə Günnütə, 2020-ci ildə Qarabağ və Zəngəzura yol açdı.
Uğurlu Günnüt əməliyyatında hərbçilərimizin peşəkarlığı öz sözünü dedi. Səssiz aparılan əməliyyatla Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu səssiz əməliyyatın əks-sədası bütün Ermənistanı və havadarlarını sarsıtdı. Dünyaya özlərini “məzlum xalq” obrazı ilə təqdim edən erməni terrorçuları artıq Günnütlə bərabər, Qızılqaya və digər strateji yüksəkliklərin itirilməsi ilə barışmalı oldular.
100 illik yubileyini böyük ehtiramla qeyd etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyevin elmi əsaslarla formalaşdırdığı ordu quruculuğu siyasətini qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qayğısı ilə müdafiə imkanları daha da artan Naxçıvan Muxtar Respublikasında hərbi hissələrin müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Təlimlərdə daha da peşəkarlaşan hərbi qulluqçularımız Günnüt əməliyyatında və 44 günlük Vətən müharibəsində xalqımıza qürur, düşmənlərimizə qorxu yaşatdılar. Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının peşəkarlığını yüksək qiymətləndirərək deyib: “Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.
Hərbi jurnalist kimi qürurla deyə bilərəm ki, nəzarətə götürülən ərazilərdə bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təhlükəsiz hərəkəti məqsədilə yeni yolların çəkilməsi, yararsız yolların bərpa edilməsi, mina-axtarış işləri zamanı müxtəlif növ minaların aşkar edilərək zərərsizləşdirilməsi proseslərinin əyani şahidi olmuşam. Günnüt əməliyyatında iştirak etmiş hərbi qulluqçularımızla həmsöhbət olan zaman yenilməzliyin, qətiyyətin və Zəfərin bir daha şahidi olursan.
Bu bir həqiqətdir ki, Ermənistan adlı oyuncaq dövlət tarixi Azərbaycan torpaqlarında yaradılıb. İşğalçı Ermənistanın adını dəyişərək Tiqranaşen qoyduğu Kərki kəndi, Günnüt, Qaraqaya, Daşxırman, Ağbulaq, Danzik, Arpa, Çivə, Ərpi, Keşişkənd, Başkənd, Ortakənd və digər qədim Azərbaycan kəndlərinin hər biri özündə ağrılı-acılı bir tarix yaşadır. Vedi, Qəmərli və onlarla kəndlərimizə ermənilər sonradan köçürülüb. Erməni terrorçuları bilməlidirlər ki, biz Kərkini də azad edəcəyik. İnanırıq ki, tarixi torpaqlarımıza geri qayıdacağıq və bununla da tarixi ədalət bərpa olunacaq. Çünki sonu qələbə ilə bitən tarixi Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu yazır.
Nəriman Nəcəfov
Hərbi jurnalist