Vətənin ümid yeri - FOTOLAR

A- A A+

Doğulduğu, yaşadığı, şəhid olduğu yerdən asılı olmayaraq, şəhid adının dəyişməz ünvanı əbədiyyətdir. Onlar o yola şərəflə, qürurla çıxdılar. Vətən deyib, bayraq deyib canlarını fəda etdilər. Və onlar şəhid olacaqlarını bilə-bilə ölümün gözünə dik baxdılar. Onlar fərqli məkanlarda doğulan, fərqli dünyaya, xarakterə malik olan, fərqli qəhrəmanlıqları ilə seçilən igid oğullarımızdır. Biri tankçı, biri topçu, biri təyyarəçi, biri snayper, biri çevik alayın, biri xüsusi təyinatlıların əsgəri, zabitidir. Onlar bir yumruq kimi birləşdilər, döyüşdülər, torpağı azad edə-edə torpağa qarışdılar. Bütün əzizlərimiz, ümumiyyətlə, torpaqdan yaranmışlar sonda torpağa döndüyü üçün o bizə ana kimi əzizdir.

İsti bir yay günü idi. Bir şəhidimizin həyat, döyüş yolunun izi ilə qeyrətli insanları, igid oğulları ilə tanınan qədim Nehrəm qəsəbəsinə üz tutdum. 2020-ci ildən qəsəbə adını daşıyan bu böyük kəndi tanıyanlar yaxşı bilir ki, Nehrəm köhnə və təzə məhəllələri ilə tanınır. Şəhid Ümid Məmmədovun ata ocağı yeni tikilmiş yaşayış evlərinin arasında kənardan seçilir. Küçə qapısının girəcəyində şəhidin adına inşa edilən bulaq abidə, dalğalanan üçrəngli bayraq buranın müqəddəs ocaq olduğunu hər gələnə bildirir.

Ümid Fərman oğlu Məmmədov 19 mart 1999-cu ildə Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbəsində dünyaya göz açıb. Ailənin ilk övladı olduğu üçün adını Ümid qoyublar. İlk təhsilinə 2005-ci ildə Nehrəm qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbdə başlayıb. 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseye qəbul olub. 2016-cı ildə liseyi fərqlənmə diplomu ilə bitirib.

2016-cı ildən Bakı şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Akademiyada təhsilini davam etdirib. 2018-ci ildə, ikinci kursda oxuyarkən “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunur. Gənc leytenant hərbi təhsilini 2020-ci ildə fərqlənmə ilə bitirir.

Ümid Məmmədov 2020-ci ilin iyul ayında Goranboyda leytenant rütbəsiylə xidmətə başlayır. İyul ayında Tovuzda gedən döyüşlərdə layiqincə iştirak edir. Milli Qəhrəman, general Polad Həşimovla döyüşlərdə iştirak edir. Generalın ölümü bütün Azərbaycan xalqı kimi Ümidi də çox narahat edir, intiqam hissi onu heç vaxt tərk etmir.

Sonuncu dəfə ailəsi ilə müharibədən saatlar öncə - sentyabr ayının 26-sı danışan Ümid onlarla vidalaşır. Hərbi xidmətdə olan qardaşı ilə əlaqə saxlayan şəhidimiz, bacısına zəng vurur və ona: “Mənə nə olur olsun, arxamca ağlamayın, bacı”,- deyir.

Ümidin adına tikilən bulağın gözündən bir ovuc su içib, onun ruhuna rəhmət oxuyuram.  Bizi həyətdə Ümidin atası və anası qarşılayır. 

Vətənə şəhid vermiş, oğul itirmiş ata-ananın ürəyinin necə yaralı olduğunu əsl vətəndaş və ürəyi olanlar bilər. Nə qədər qürurla dursalar da, onlar canlarından bir parça itiriblər. Onlarla söhbət etmək, göz bəbəyi olan övladları haqqında soruşmaq nə qədər ağır olsa da, qürur hissi ilə danışdıq.

Atası Fərman Məmmədov: Ümid ailəsinə, ata-anasına nə qədər bağlı idisə, oxuduğu məktəbə, hərbçi peşəsinə də bir o qədər sadiq biri idi. Ümid hərbi liseyə sənədlərini verəndə, imtahan suallarından az bir hissəsini cavablandırmışdı. Dedim, niyə belə? Dedi, bildiklərimi yazmışam, inşallah, girəcəm məktəbə. Əslində müəllimləri onun başqa ixtisas seçməsini istəyirdilər. Amma Ümid hərbçi olmaq fikrindən dönmədi. Hərbi Akademiyada oxuyarkən daha da məsuliyyətli oldu. Özü yaxşı oxuyurdu. Həmçinin gəncləri, kənddəki cavan uşaqları da bu peşəyə həvəsləndirirdi. Kəndimizdən Akademiyada oxuyan neçə-neçə kursant, zabit var ki, onlar özləri də etiraf edir ki, biz Ümidin sayəsində bu müqəddəs peşəni, yolu seçmişik. Bir də görürdün, məzuniyyət vaxtıdır, Ümid hələ məktəbdədi. Soruşanda deyərdi, “ağsaqqal, darıxma, gələcəyəm, uşaqların bir balaca köməyə ehtiyacları var, imtahana hazırlaşdırıram”. Öz ixtisasından əlavə, xüsusi təyinatlıların və başqa bölmələrin ixtisaslarına da dərindən yiyələnirdi. Öz tankları vardı. Hər zaman özü söküb, yığırdı, təmizləyirdi. Deyəndə ki, əsgərlərə tapşır, mən bunları özüm bilməliyəm ki, məndən böyük gəlib bir sual verəndə çaşıb qalmayım. “Mən istəmərəm ki, kimsə mənim hərbi biliyimə şübhə ilə yanaşsın”,- deyərdi. Ümumi tank komandiri vardı, Naxçıvana da gəlmişdi. Hər zaman Ümidi yoldaşlarına nümunə gətirirdi. Azərbaycanın bayrağını hər zaman ürəyinin üstündə gəzdirərdi. Hər gün mənə zəng vurardı. Bilirdi ki, onun səsini bir gün eşitməsəm, narahat oluram. Ümid şəhid olandan sonra hərbi xidmət keçdiyi yerdə - Goranboyda oldum. Bir hərbçi yoldaşı ilə görüşdüm. Mənə dedi ki, Ümidlə sentyabrın 26-sı getdik, çay içdik, yemək yedik, duranda Ümid cibindən böyük Azərbaycan bayrağı çıxarıb çiyninə asdı – “bu mənim kəfənim olacaq”,- dedi. Sentyabrın 3-ü nənəsi rəhmətə getdiyi üçün Bakıya getdik. Ümid də üç gün məzuniyyət götürüb gəldi. O bizdən qabaq əmisi ilə görüşmüşdü. Əmisinə: “Əmi, mən gedirəm. Ürəyimə damıb ki, dördüncü maaşımı ala bilməyəcəm,”- deyib. Bizdən ayrılarkən şəhid olacağını bilirmiş kimi onlarla vidalaşdı və “mən şəhid olacam, bu mənimlə sonuncu görüşünüzdür,”- dedi. Çox pis oldum, bu nə sözdür deyirsən, dedim. “Ata, budəfəki müharibə başqa müharibədir. Bunun sonu qələbə olmalıdır. Ona görə də hər şeyə hazır olmalıyıq. Həm xalqımız, həm ailələrimiz, həm də özümüz”,-dedi. Nə isə, üç gün sonra onu Şamaxıdan Goranboya yola saldıq. Ürəyimdə Ümidlə baglı o qədər sözüm var ki. Onun mənə dediyi bir sözü var idi. O mənə ata deməzdi, həmişə ağsaqqal deyə müraciət edərdi. O qədər öyrənmişəm ki, onun bu sözünə.  Onun “ağsaqqal” kəlməsi üçün çox darıxıram… Onu gözləyirəm (gözləri dolur, dodaqları titrəyir, kəlmələr boğazında ilişib qalır).

Anası Dostu xanım Məmmədova: Ümid birlikdə xəyalını qurduğumuz arzularımızı yarımçıq qoydu. Çox diqqətcil, mehriban bala idi. Üç övladımız var, iki oğlan, bir qız. Ümid öz xarakteri, yumşaq xasiyyəti ilə seçilib həmişə. Hər bir işdə mənimlə məsləhətləşərdi. Evinin layihəsinə kimi cızmışdı. “Saxla, ana, gələcəyəm, gözəl bir ev quracağıq”,- demişdi. Deyir, sən saydığını say. Bilmədi ki, onun evi cənnətdə qurulacaq, əbədi olaraq ən gözəl məkanda yaşayacaq. Bilsəydim ki, sentyabrda olan görüş son görüşümüzdür, onu buraxmazdım, bağrıma basıb, çoxluca öpərdim. O gün hamı ilə bir-bir görüşdü. Mənimlə görüşüb ayrıldı, bir az da gedəndən sonra bir də geri qayıtdı, bir də məni bağrına basdı, “özündən muğayat ol, ana”,- dedi. O bilirdi, ürəyinə dammışdı ki, bu son görüşdü. Amma biz ağlımıza belə gətirmirdik. Biz Ümiddən doymadıq. Ailə qurmaq istəyirdi. Ana-bala bir qız da gözaltı etmişdik. Müharibə hamısını yarıda qoydu.

Bəli, onların yarı da, sevgilisi də, ata-anası da Vətən oldu. Onlar Vətəni seçdilər.

Ümid müharibəyə gedəndən sonra ailəsi ilə danışmağa vaxt tapmır. İstər Tovuz döyüşlərində, istərsə də 44 günlük müharibədə çəkdiyi çətinliklərdən, keçdiyi yollardan ailəsinin xəbəri olmur. Amma Ümid şəhid olmamışdan əvvəl atası Fərmanın yuxusuna girir. Oğlunun döyüş yoldaşlarını necə xilas etdiyini, ön cəbhədə tək qalsa da, düşmənə qan uddurduğunu, sonda torpağa şəhid düşdüyünü aydın şəkildə görür. Ümid atasına deyir ki, gəl mənim əşyalarımı apar. Onlar burdadı. Ata yuxudan hərəsan qalxaraq evdəkilərə Ümidin şəhid olduğunu deyir. Onu sakitləşdirib, hətta niyə elə dediyi üçün qınayırlar. Təəsssüf ki, atanın yuxusu bir reallıq olur. Ümidin şəhid xəbəri gəlir. Düşmən oktyabrın 5-də onun tankını atəşə tutur. Bir yoldaşı şəhid olur, üç yoldaşını isə Ümid xilas edir. Amma xain düşmən əl çəkmir. Onları mühasirəyə salır. Ümidgil son nəfəsədək döyüşür. Üç yoldaşı gözü önündə şəhid olur. Öz tankı ilə düşmənin içərilərinə doğru gedən Ümid təkbaşına saatlarla döyüşür, yüzə yaxın erməni hərbçisini məhv edir. Sonda özü də şəhid olur. Vətən oğlunu digər şəhid dostları ilə birlikdə ayın 10-da neytral zonadan götürmək mümkün olur. Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə canını fəda edən Ümid Məmmədovu oktyabrın 18-də doğulduğu Nehrəm qəsəbəsində torpağa tapşırırlar. Özünün də dediyi kimi, çox sevdiyi üçrəngli bayraq onun kəfəni olur.

Ümidin atası oğlu şəhid olandan sonra dörd dəfə Goranboya gedir. Döyüş gedən yerləri, orda necə döyüş getdiyini onlara danışır. Oğluna aid olan bütün əşyaları əli ilə qoymuş kimi, hərbçilərin və mina təmizləyənlərin köməyi ilə tapıb gətirir. Hər kəs buna möcüzə kimi baxır. Axı Fərman kişi müharibə zonasında heç vaxt olmamışdı, o bunları necə bilirdi? Bu hadisəyə təəccüblənənlər bir şeyi unudurlar. Şəhidlər əzizləri üçün, xüsusilə ata-anaları üçün heç vaxt ölmür. Övladlarının başına gələn hər şey onlara əyan olur. Onlar arasında gizli, sehirli bir əlaqə var. Onların görüb bildiyi hər şey reallıqdı.

Hər vətən şəhidinin ata ocağında ev muzeyi var. Elə Ümidin də. Otağa girirsən, hər divardan qəhrəman tank komandiri Ümid boylanır. Məğrur baxışı, mətin duruşu ilə. Ruhən bizimlə olan şəhidimizin maketi ilə, onun xatirə bulağında, məzarı üstündə fotolar çəkdirib, obyektivin yaddaşına yazdıq. Sonra o müqəddəs ocaqdan, əbədiyyət ünvanından ayrılıram.

Hər bir şəhid haqqında yazılanlar, deyilənlər onun xatirəsinə dərin ehtiramdı. “And yerimiz” qəzetində, Gülnar Süleymanovanın imzası ilə “Məğrur duruşu ilə seçilən qəhrəmanımız” adlı yazı dərc olunub.

Leytenant Ümid Fərman oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhidimizin ən böyük mükafatı isə xalqın yaddaşında yaşamasıdır. Ruhun şad, məkanın cənnət olsun! Rahat uyu, cənnətməkanım!

ŞƏHİDİM.

(Şəhid Ümid Məmmədovun xatirəsinə ithaf edirəm)

 

Yoluna ümidlə baxırdı anan,

Arzular gözündə dağa dönürdü.

Hərbçi peşəsi seçdiyin zaman,

Atan qürurlanır, şərəf duyurdu.

 

Atıldın döyüşə, tank komandiri,

Əzdin düşmənləri, məzar qazdın sən.

Aldın qisasını yaxın dostunun,

Bəxtinə qəhrəman adı yazdın sən.

 

Əgər şəhid olsam, vətən yolunda,

Arxamca ağlama, bacım, qardaşım.

Yoxsa ki məzarım od tutar, yanar,

Anama deyin ki, silsin göz yaşın.

           

“Ay oğul, yuxuma gəldin bir axşam,

Gördüm, çağırırsan məni uzaqdan:

Dedin, al bu yerdən əmanətləri,

Gedirəm, taleyim yazılıb haqdan.

 

Səksəkə içində qalxdım yuxudan:

Deyəsən, Ümidim şəhid olubdu.

Ağrıyan ürəyim boyuna qurban,

Gözlərim ağlayıb, yaşla dolubdu”.

 

Bir ata ürəyi yanılmamışdı,

Ümid döyüşürdü nəfəs çəkmədən.

Tank üstə gedirdi düşmən içinə,

Ölümü bir an da fikirləşmədən.

 

Bir qarış torpaq da əzizdi ona,

Bayrağı sancmağa tələsirdi o.

Bir xain gülləsi keçdi ürəkdən,

Şəhiddi, ölməzdi, ocaq, pirdi o.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Təranə Arifqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: