İnsan əlaqələrinin tənzimlənməsində ən təhlükəli, insanı dəyərsizləşdirən və çox yorucu olan ünsür müqayisədir. İnsan ruhu ən çox müqayisəyə məruz qalanda incinir. Əslində müqayisə insanın inkişafını deyil, əksinə potensialını əngəlləyən bir vasitədir.
Bizim cəmiyyətdə müqayisə üsulu ilə tərbiyə etmə geniş istifadə olunur. Müqayisə edilən uşağın özü kimi olma imkanı əlindən alınır. Çünki müqayisə edilərək tərbiyə olunan uşaqda artıq davamlı başqaları ilə özünü müqayisə etmə aludəçiliyi yaranır. Uşaq müqayisə edildikdə deyil, ictimaiyyət içərisində hər kəslə bərabər olduğuna inandığı zaman sahib olduğu böyük potensialın ortaya çıxmasına səbəb ola bilir və bunun nəticəsi olaraq doğru istiqamətdə inkişafı baş tutur.
Bir növ müqayisə şəxsiyyətin inkişafını zəiflədir. “Riyaziyyat dərsindən çox zəifsən, sıra yoldaşın isə səndən çox irəlidədir. Bax xalanoğlu nə gözəl inşa yaza bilir. Sən isə təkbaşına yarım səhifə belə yaza bilmirsən" kimi cümlələrlə mənfi xüsusiyyətləri ön plana çəkilən uşağın yoldaşlarına və eyni zamanda ailəsinə olan münasibəti də mənfi yöndə inkişaf edir.
Müqayisə edilərək tərbiyə edilən uşaqların duyğularının, hisslərinin təbii axışı zərər görür. Beləliklə uşaq öz duyğularına deyil, başqalarının ona qarşı nə hiss etdiyinə, onun haqqında nə düşündüyünə fokslanır. Halbuki uşaq öz daxili mexanizmasında hisslərinə, duyğularına və düşüncələrinə diqqətini mərkəzləyərək istedadlarını inkişaf etdirə bilər.
Uşaqlar müqayisə olunduqda hər hansı bir xüsusiyyətini deyil, bütünlükdə varlığını bu istiqamətdə qiymətləndirir. “Qonşunun oğlu riyaziyyat dərsində çox yaxşıdı. Kaş ki, sən də onun kimi olsaydın” kimi müqayisə cümləsini eşidən uşaq təkcə riyaziyyat dərsində zəif olduğunu deyil, bütünlüklə digər uşaqdan geridə və zəif olduğu qənaətinə gəlir. Əslində, hər kəsin hər kəsdən fərqli olması, fərqli istedadlarının, fərqli bacarıqlarının olması təbiidir. Lakin uşaqların belə vəziyyətləri normallaşdıracaq qabiliyyətləri inkişaf etməmişdir. Bu xüsusiyyətlərinin formalaşdırılması üçün valideynlərinin və müəllimlərinin rəhbərliyinə ehtiyacları vardır. Məsələn: “Sən riyaziyyatı yaxşı qavramasan da, çox yaxşı musiqi duyumun var. Yaxşı inşa yaza bilməsən də, tarix dərsində çox yaxşısan”.
Bu məsələyə bir az da digər tərəfdən yanaşaq. Müqayisə psixologiyasında olan uşaq özünü müqayisə edib riyaziyyatdan çox yaxşı olduğu qənaətinə gələndə də mövzuya müdaxilə olunmalıdı. Çünki uşaq uğuruyla bağlı özünü müqayisə edib üstün görərsə, bu uğuru itirməkdən qorxaraq böyük bir qayğının altında psixolojik olaraq əzilə bilər. Belə hallarda da müəllim və valideynlər vəziyyəti aşağı çəkərək mövzunu normallaşdırmalıdırlar.
Əslində üstün zəkalı uşaqların belə üstün deyil, fərqli olduğu uşağa aşılanmalıdır. Çünki uşaq müqayisə edilərək üstünlüyünə inanarsa, bir çox davranış pozuntusu ortaya çıxa bilər. Belə ki, onun da səhf edə biləcəyini, uğursuzluq yaşaya biləcəyini ehtimal etməz. Belə uşaqlarda artıq “sənin IQ səviyyən yüksəkdir, sən yaşıdlarından daha ağıllısan” kimi təhlükəli fikir qəlibləri formalaşmışdır. Belə uşaqlar çox vaxt bu yalnış düşüncə qəlibi ilə yaşamdakı bacarıqlarını və uğurlarını yavaş-yavaş itirməyə başlayır.
Ümumiyyətlə, insan müqayisə olmadığı mühitdə hüzurlu və rahatdır. Bu uşaqlar üçün də keçərlidir. İnsan harada təbiiliyi və sadəliyi görürsə, özünü ora aid hiss edir. İnsanın xoşbəxt olması, həyatı anlaya bilməsi, yaşama məna qata bilməsi ancaq təbiiliyi və sadəliyi qoruya bilməsi ilə mümkündür. Valideynlər uşaqlarını tərbiyə edərkən onları başqaları ilə müqayisə edərək yormamalıdırlar. Əsl uğur uşağın ailəsinin yanında, evində rahat hiss etməsi və olduğu kimi qəbul edilməsidir. Unutmayaq ki, hər uşaq Allahın möhtəşəm bir əsəridir. Bu möhtəşəm əsəri ortaya çıxarmaq isə ailələrin və valideynlərin əsas vəzifəsidir.
Günay Məmmədova
Naxçıvan televiziyasının əməkdaşı