Öz xalqına umac ova bilməyən Makron erməni separatçılarına əriştə kəsir

A- A A+

Artıq bir neçə gündür ki, Fransada davam edən xalq üsyanı və kütləvi itaətsizlik səngimək bilmir. Dünyaya demokratiya dərsi keçməyə çalışan Makron hakimiyyəti nədənsə öz ölkəsində insan hüquqlarının tapdalanmasına, qaradərili yeniyetmənin irqi zəmində polis tərəfindən öldürülməsinə göz yumdu. Bu gün Fransa və eqoist fransız hakimiyyəti anti-demokratik siyasətin acı nəticələrini yaşamağa məhkum olub.

30 il ərzində Azərbaycan torpaqlarının erməni işğalında qalmasına dolayısı ilə kömək edən Fransa, bu gün də açıq şəkildə separatçıları dəstəklədiyini etiraf edir. Erməni lobbisinin əlində oyuncağa çevrilən Fransa hakimiyyəti və xüsusilə də prezident Emmanuel Makron fransızsayağı ermənipərəst siyasətlə məşğuldur. Reallıq ondan ibarətdir ki, Makron həddini aşan məsələlərə müdaxilə etmək əvəzinə öz ölkəsinin daxili işləri ilə məşğul olsa yaxşıdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu bu gün bölgədə sülhün əsas qarantına çevrilib. Təbii ki, Cənubi Qafqazda sülhün bərqərar olmasına, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına və xüsusilə də Qarabağda yaşayan bir ovuc erməninin Azərbaycan vətəndaşı kimi reinteqrasiyasına maneçilik törətməyə çalışan qara qüvvələrdən biri də fransız hakimiyyətidir.

Bu gün Fransada baş verənlər onu deməyə əsas verir ki, Makron digər ölkələrin daxili işlərinə burun soxmaq əvəzinə öz vətəndaşlarının rifahı və demokratik şəraitdə yaşamaları üçün humanist işlər həyata keçirsəydi, indi fransızlar bir-birini qırmazdılar. Ölkədə xalqın haqlı etirazları polis gücünə, zor tətbiq edilməklə yatırılır. Hətta daun sindromlu yeniyetmənin anasının gözü qarşısında döyülməsi, həbs edilən minlərlə vətəndaşın əksəriyyətinin 18 yaşı tamam olmamış yeniyetmələr olması digər ölkələrdəki mövcud sivil vəziyyətə dil uzadan Makronun öz Fransasındakı “demokratik” vəziyyəti gözlər önünə sərir.

Əlcəzairəsilli yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin ölkədə kütləvi itaətsizliyə səbəb olması və iğtişaşlarda polisin vətəndaşlarla qəddar rəftarı onu deməyə əsas verir ki, diktator kimi davranan Makron hakimiyyəti artıq öz xalqının etimadını itirib. Təəssüf ki, 30 il Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına göz yuman Qərb və Avropa institutları bu gün də Fransada baş verənlərə susur və haqqını tələb etmək üçün küçələrə axışan Fransa vətəndaşlarının səsini eşitməzdən gəlir.

Bir sözlə, erməni lobbisinin oyuncağı olan Makron hakimiyyəti öz cibini düşünməkdən xalqın dərdinə çarə tapa bilmir. Necə deyərlər, öz xalqına umac ova bilməyən Makron erməni separatçılarına əriştə kəsir.

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: