Zəfərlər partiyası - FOTOLAR
YAP tarixin ən qüdrətli Azərbaycanının siyasi istinadgahıdır
Niyyətim bir siyasi təsisat haqqında yazmaqdır. Onun Azərbaycan həyatındakı yerinə və roluna tarixin aynasında baxmaq istərdim…
Amma bu təsisat bu aynada o qədər miqyaslı görünür ki, nədən başlamağa, düşüncələrimi hansı səmtdən qələmə almağa, açığı, özüm də çətinlik çəkirəm...
Haqqında yazmaq istədiyim bu qurum Qafqazın ən qüdrətli siyasi hərəkatı - Yeni Azərbaycan Partiyasıdır...
***
Dünyada mövcud olan hər məfhumun bəlli bir izahı var.
Siyasi partiyaların mahiyyəti də lüğətlərdə, politoloji ədəbiyyatlarda yetərincə ümumiləşmiş tərzdə təqdim edilir. Belə bir yozuma görə, partiya öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilatdır. Onlar müxtəlif aksiyalarda, seçki kampaniyalarında iştirak edir, müvafiq maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər.
Anlayıram ki, bu izahların müəllifləri üçün önəmli olan dünyadakı bütün partiyaların ən ortaq cəhətləridir. Gerisi təfərrüatdır... Yeni Azərbaycan Partiyasına gəlincə isə, onun tariximiz və taleyimizdəki rolu ümumi cəhətlərdən daha çox elə bu təfərrüatlarda əks olunub.
Ona görə də bu partiyanın Azərbaycanın milli dövlətçilik tarixində, cəmiyyət həyatında kəsb etdiyi mahiyyət bir partiyanın nəzəri təqdimatından çox-çox üstündür.
***
Bəzən dəyərlərin necə yaranması haqqında çox düşünürəm...
Dünyanın ən qiymətli incilərini minilliklər cilaladığı kimi, dəyərləri də zaman formalaşdırır. Tarixi zərurət, vaxtın konkret anında üst-üstə düşən bir çox məqamlar nəyi yaradır və bu yaradılan yenə də zamanın sərt sınaqlarından çıxıb daha da möhkəmlənirsə, əsl dəyər bax budur.
Yeni Azərbaycan Partiyası da ilk növbədə zamanın, tarixi şəraitin ərsəyə gətirdiyi, tarixi dəyərdir...
Və hər nə qədər qəribə olsa da, bu cür dəyərlər, bir çox hallarda elə dəyərlərin gözdən düşdüyü, insanların həqiqətləri ayırd etməyə çətinlik çəkdiyi, bəzənsə yanlışların ardınca düşdüyü əyyamlarda formalaşır.
Görünür, vaxtın ağır sınaqlarından biri də elə budur.
***
Bu qeydləri qələmə alarkən Yeni Azərbaycan Partiyasının formalaşdığı dövr bir an içində kino lenti kimi yaddaşımda canlanır. O vaxt baş verənlərin cəmiyyət olaraq bizim həyatımızdan keçdiyinə, həmin xaos, qarmaqarışıqlıq, təlatümlər dövrünü özümüzün yaşadığımıza inana bilmirəm.
Bütün bunları indiki nəslə təsvir eləmək bəzən adama o qədər çətin gəlir ki...
Böyük bir imperiya süquta uğramışdı. Az qala bir əsrə yaxın müddətdə milyonlarla insanın tapındığı kommunist ideologiyası, kommunizmə ümidlər puça çıxmışdı. Bu ideologiyanın on illər ərzində insanlara yalan satdığı, onları öz milli köklərindən, təbii inkişaf axarından, dünyadakı tərəqqidən uzaq tutduğu məlum olmuşdu.
Kommunist partiyası ilə birgə birpartiyalı sistem də iflas etmişdi. İnsanlar anlamağa başlamışdılar ki, demokratik inkişafın bir yolu da çoxpartiyalılıqdadır. Cəmiyyətin siyasi həyatında fəal iştiraka can atan hər bir fərdin bunu müxtəlif partiyalarda iştirak vasitəsilə, yaxud heç bir partiyaya qoşulmadan bitərəf qaydada gerçəkləşdirə bilmək azadlığındadır.
Müstəqillik neməti Azərbaycan insanı üçün belə bir azadlığı, bəli, yaratmışdı. Amma bu azadlığın müstəqilliyin ilk illərində ortaya qoyduğu qarışıq mənzərəni də bir xatırlayaydınız.
***
Tarixi dövrlər bəzən heyrətamiz şəkildə bir-birinə bənzəyir.
Ötən əsrin 90-cı illərində Azərbaycan həyatında özünü göstərən xaosun, siyasi partiyalar bolluğunun oxşarını memuar ədəbiyyatımızın ünlü simalarından olan Manaf Süleymanov XX əsrin əvvəllərinə aid "Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində çox maraqlı tərzdə təsvir edib.
Eynən 90-cı illərdə olduğu kimi, ötən əsrin əvvəllərində də Azərbaycanda xeyli sayda partiya təsis olunubmuş. Hətta vəziyyət o həddə çatıbmış ki, partiya nümayəndələri şəhər küçələrində masa qoyub öz qurumlarına üzv toplayırmışlar. Üzvlük üçün ərizə yazan hər kəs elə masadaca bir stəkan şərbətə qonaq edilirmiş. Manaf Süleymanov yazır ki, elə adamlar vardı, çoxlu şərbət içməkdən ötrü gün ərzində bir neçə partiyaya üzv olurdular.
Nə qədər gülünc təəssürat bağışlasa belə, müstəqilliyin ilk illərində partiyalarla bağlı durum da bundan bir elə fərqli deyildi. Bəzən heç evdə külfətini bir yerə toplaya bilməyən adamlar partiya qeydiyyatdan keçirib özlərini siyasi lider elan edirdilər. Ciddi-ciddi fəaliyyət planları, seçki platformaları hazırlayırdılar. Qəzetlərdə müsahibələr verirdilər. Qəzetlərin özləri də siyasiləşmişdi. Hərəsi bir partiyaya bağlı idi. Firqə davaları, mətbuatda qarşılıqlı atmacalar, çəkişmələr getdikcə güclənirdi. Bu davalar Azərbaycanın müstəqilliyini beşikdəcə boğmağa can atan xarici qüvvələrin əli ilə yavaş-yavaş etnik münaqişələrə, separatçı hərəkətlərə, vətəndaş qarşıdurmalarına doğru adlayırdı.
Ən pisi isə o idi ki, bu çəkişmələr bəzən real və həm də silahlı davalara çevrilirdi. Çünki Azərbaycanda sözlə təsviri mümkünsüz olan qeyri-adi bir siyasi sistem əmələ gəlmişdi. Partiyaların silahlı dəstələri, ayrı-ayrı hərbi batalyonları vardı. Hətta iş o yerə çatmışdı ki, ictimai asayişin qorunmasına, dövlətin və vətəndaşların təhlükəsizliyinə görə məsul olan daxili işlər orqanlarının rəhbərinin özü belə həm də siyasi partiyaya rəhbərlik edirdi. Bu orqanların gücündən, imkanlarından partiyanın maraqları, rəqiblərin zərərsizləşdirilməsi üçün istifadə olunurdu.
Ətrafda isə gündən-günə halı ağırlaşan, torpaqları yağı düşmən tərəfindən işğal edilən, sosial-iqtisadi çətinliklər məngənəsində boğulan, vətəndaş müharibəsinə sürüklənən, parçalanma təhlükəsi ilə üz-üzə qalan kövrək, zəif Azərbaycan dövləti vardı...
***
Müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın durumu onun ayaqda qalmasını, inkişafını istəyən, özünün, övladlarının gələcəyini bu dövlətin istiqbalında görən əksəriyyəti narahat edirdi.
Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xüsusilə xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə əndişələndirirdi. Onlar bu gedişlə ölkənin hansı uçurumlara yuvarlanacağını yaxşı görürdülər. Amma bu təşkilatlanmamış əksəriyyət nəyisə dəyişmək gücündə olmadığını da bilirdi. Çünki meydanlar, küçələr hakimiyyət kürsülərinə də oralardan gəlmiş səriştəsiz qaragüruhun əlində idi.
Bütün reallıqları onlar diktə edirdilər...
Bu siyasətbazların siyasi meydanda yaratdıqları mənzərə o qədər ikrah doğururdu ki, çoxları özünü bu mənzərədə görmək istəmirdi. Əksəriyyət baş verənləri müşahidəçi mövqeyindən izləyib, bu işlərin sonunun necə olacağını gözləməyi üstün tuturdu. Amma bu son Azərbaycan dövlətinin sonu ola bilərdi. Ona görə də hansısa sağlam bir qüvvə meydana çıxıb vəziyyəti dəyişməli idi.
Azərbaycanın gələcək taleyini qaragüruhun əlindən almağa təşəbbüs göstərməli idi.
Və belə zamanlarda xalqın həmişə üz tutub çıxış yolu üçün müdrik bir fikrini, ağıllı bir məsləhətini umduğu insanlar - ziyalılarımız hərəkətə keçdilər. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu, elə bir partiya olmalı idi ki, ona rəhbərlik edəcək şəxs ümumən Azərbaycan xalqına liderlik qüdrətində olsun. Bunu öz həyat və fəaliyyətinin əvvəlki səhifələrində sübuta yetirsin. Ölkənin və xalqın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürə bilsin.
İnsanlar xalqın başında aparılan sınaqlardan, oyunlardan cana doymuşdular artıq. Hər kəs normal həyatına dönüb, gündəlik iş-gücünə yönəlmək istəyirdi. Dövlətin, xalqın və toplum içində özünün, doğmalarının təhlükəsizliyindən yana rahat olmağa can atırdı.
Və bu arzu, istək Moskvadan Vətənə yenicə dönərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən ulu öndər Heydər Əliyevin fəal siyasətə qayıdışı ilə üst-üstə düşdü.
Bu tarixi məqamın diqqətə çatdırdığı bircə həqiqət vardı: Azərbaycanı üzləşdiyi bəlalardan ancaq O xilas edə bilərdi. Azərbaycanın taleyindən narahatlıq hissi ilə toparlanmağa can atan ziyalılarımızı, cəmiyyətin sağlam qüvvələrini və ümumən xalqı öz şəxsiyyətinin əzəməti ətrafında ancaq O, bir araya gətirməyi bacarardı.
Beləliklə, Azərbaycan xalqı, onun seçkin insanları Heydər Əliyev şəxsiyyəti işığında birləşdilər. 91 nəfər görkəmli ziyalımızın imzası ilə Naxçıvana, ulu öndərə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.
***
"91-lər”in müraciətində Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik xahiş olunurdu. 1992-ci il oktyabrın 16-da Azərbaycan ziyalılarının müraciəti mətbuatda dərc edildi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, ozamankı hakimiyyətin onun Bakıya gəlməsinə yaratdığı maneələr ucbatından partiyanın təsis konfransını Bakıda keçirmək mümkün olmadı. Onda partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana getdi. Partiyanın təsis konfransı milli dövlətçiliyimizdə hər zaman mühüm rol oynamış qədim Naxçıvan torpağında baş tutdu.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Partiyanın Siyasi Şurasının, İdarə Heyətinin tərkibi, sədrin müavinləri müəyyənləşdi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən, xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası siyasi səhnəyə daxil oldu.
Məşhur bir ifadə ilə desək, Yeni Azərbaycan Partiyasını dövr özü yaratdı, zəmanə özü yaratdı.
Elə ümummilli lider Heydər Əliyev də Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
***
Yeni Azərbaycan Partiyasının ardıcıl qələbələrinin ən böyük sirri də elə bundadır...
Azərbaycanın ağır günlərində belə bir qurumda toplaşıb gələcəyə doğru çıxış yolları arayan insanların niyyətindədir...
Adətən, partiyanı hakimiyyətə gəlmək üçün yaradırlar. Burada qeyri-normal nəsə yoxdur. Dünyanın əksər siyasi sistemlərində belədir. Amma Yeni Azərbaycan Partiyasında bir araya gəlmiş insanların məqsədi əsla hakimiyyət, vəzifə kürsüləri, imtiyazlar əldə etmək deyildi. Diqqət etsək, görərik ki, Yeni Azərbaycan Partiyasının formalaşdırılmasında yaxından iştirak etmiş şəxslərin çoxu heç sonralar yüksək dövlət vəzifələri tutmadılar. Yenə də ziyalı kimi cəmiyyətdə öz missiyalarını davam etdirməyi inzibati vəzifələrdən üstün tutdular.
Çünki bu insanların davası vəzifə davası deyildi, Azərbaycan davası idi...
Bu partiyanın yaradılmasında başlıca məram Azərbaycanın qaragüruhdan, onların yaratdığı təhlükələrdən xilası idi. Ona görə də yaradılmasından qısa müddət sonra Yeni Azərbaycan Partiyası ölkəmizdə əsas güc mərkəzinə çevrildi. Heydər Əliyev ideyalarını rəhbər tutaraq cəmiyyətimizdə vəhdətin əldə olunması üçün mükəmməl örnək yaratdı.
Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi.
Və onun sıralarında, təəssübkeşliyində, Heydər Əliyev ideyaları ətrafında sıx birləşdi...
***
Yeni Azərbaycan Partiyasının hakim partiyaya çevrilməsi də, əslində, fərqli şəkildə baş verdi. Ənənələrə görə, əvvəlcə siyasi partiya çoxluğu əldə edərək sonra öz liderini hakimiyyətə gətirir. Amma 1993-cü ildə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevi Azərbaycanın siyasi rəhbərliyinə gətirən təkcə Yeni Azərbaycan Partiyası deyildi. Ölkənin xilası üçün hakimiyyət rəhbərliyinə qayıdışını bu səriştəli, qətiyyətli, müdrik dövlət xadimindən təkidlə tələb edən ümumxalq iradəsi idi. Ona görə də Yeni Azərbaycan Partiyası Heydər Əliyevi deyil, Heydər Əliyev öz partiyasını hakimiyyətə gətirdi.
Yeni Azərbaycan Partiyası tarixdə çox nadir siyasi təşkilatlardan sayıla bilər ki, yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi.
***
Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu prosesinin uğur qazanmasında, demokratik islahatların öz məqsədinə çatmasında Yeni Azərbaycan Partiyası mühüm rol oynadı. Bu partiya, ilk növbədə Heydər Əliyevin müxtəlif sahələrdə irəli sürdüyü strateji vəzifələri layiqincə yerinə yetirməyə qabil, peşəkar, məsuliyyətli, səbatlı kadr bazasını formalaşdırdı. Uzun illər partiya-dövlət orqanlarında çalışaraq böyük bir yol keçmiş səriştəli insanların öz zəngin təcrübələrini gənc nəslə ötürmələri üçün əsl məktəb rolunu oynadı.
Dövlətçilik ərkanı deyilən maraqlı bir anlayış var.
Ümumiyyətlə, lüğətlərdə ərkan sözünün iki mənası göstərilir. Bir mənası yüksək vəzifəli dövlət məmurlarının, dövləti idarə edən adamların toplusudur. Digər mənası isə ədəb qaydalarıdır, rəsmi adətlərdir. Fikrimcə, bu mənaların hər ikisi bir yerdə dövlətçilik ərkanını əmələ gətirir. Və hər bir dövlətin möhkəmliyi, uğurları, qarşıya qoyduğu hədəflərə çatması üçün dövlətçilik ərkanına malik olması çox mühümdür. Bunu isə ümumi dəyərləri, ideyaları bölüşən insanlar formalaşdırır. Azərbaycanda dövlətçilik ərkanının formalaşmasında Yeni Azərbaycan Partiyası, bu partiyada təmsil olunan, yüksək dövlətçilik düşüncəsini paylaşan insanlar böyük rol oynadı.
Bu partiya ölkəmizin siyasi mühitinə də bir mədəniyyət gətirdi, əxlaqi normalar müəyyənləşdirdi. Azərbaycanın siyasi mühitini sağlamlaşdırmağa başladı. Öz nümunəsi ilə göstərdi ki, qaragüruhçuluqla, dava-şavalarla, çığır-bağırla nəyəsə nail olmaq mümkün deyil. Müsahibədə ikən tamaşaçılara tərəf siqaret tüstülətmək, parlament zalının döşəməsində bardaş qurmaq, vəzifə kürsülərinə ən ucadan qışqırıb çığır-bağır salanları gətirmək heç bir ədəb qaydalarına, uyğun deyil. İnkişafın, tərəqqinin yolu məhz qaydalardan, davamlı islahatlardan, fərqli fikirlərə hörmətdən, ən əsası isə xalqın, dövlətin maraqlarını firqə maraqlarından uca tutmaqdan başlanır.
Yeni Azərbaycan Partiyası öz tarixində bu nümunəni yaratdı.
Radikalizm, qeyri-adekvat davranışlar, mənasız emosionallıq, küçə-meydan əhvalı bu partiyanın siyasətinə həmişə zidd oldu. Yeni Azərbaycan Partiyası problemləri də, onların həlli yollarını da həmişə düzgün, aydın göstərməyə çalışdı. Hər bir siyasi partiyanın ən mühüm vəzifələrindən birinin cəmiyyətdə siyasi mədəniyyətin yüksəlməsi üçün maarifləndirmə işlərinin aparılmasından ibarət olduğunu fərq etdi və bu istiqamətdə əməyini əsirgəmədi.
Bu partiyanın üzvləri təhqiri, böhtanı, qaralama kampaniyalarını özlərinə rəva bilmədilər heç zaman. Münaqişələrin həmişə demokratik cəmiyyətlərə xas təmkinlə diskussiya məcrasına yönəldilməsi üçün səy göstərdilər.
Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Və bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı.
Bu siyasi təsisat partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinə sadiqliklə Azərbaycanın siyasi gələcəyinin ideya bazasını formalaşdırdı.
***
Bu partiyanın yaxından iştirakı ilə Azərbaycan böyük bir inkişaf yolu keçdi. Ölkəmizdə azad bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Vətəndaş cəmiyyəti formalaşdı. Söz və mətbuat azadlığı təmin edildi. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atıldı. Çoxpartiyalı sistem yaradıldı. Seçki təcrübəsi ildən-ilə daha da təkmilləşdirildi. Azərbaycan dünyanın nüfuzlu qurumlarına tamhüquqlu üzv qəbul olundu.
Və Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə, təcrübəsi ilə, yaratdığı örnəklərlə, yetişdirdiyi peşəkar kadrlarla bu prosesin hər zaman önündə gəldi. İnkişafın avanqardı oldu. Azərbaycanda sabitliyin qorunması, demokratik siyasi münasibətlər sisteminin bərqərar edilməsi, bazar iqtisadiyyatı modelinin yaradılması, tarixi ənənələrə və müasir dünyanın təcrübəsinə əsaslanan milli dövlətin qurulması kimi bir sıra mühüm vəzifələri uğurla yerinə yetirərək ölkənin siyasi həyatındakı yerini müəyyənləşdirdi. Bütün bunlar Yeni Azərbaycan Partiyasını daha da gücləndirdi. Regionun aparıcı siyasi qüvvəsi kimi Azərbaycanda və ölkə hüdudlarından kənarda onun nüfuzunu daha da yüksəltdi.
Azərbaycanda hüquqi dövlətin, sabit və sosialyönümlü iqtisadiyyatın, vətəndaş cəmiyyətinin inkişafını istəyən, cəmiyyətdə vəhdətə, qloballaşma proseslərinin üstünlükləri ilə xalqın milli-mənəvi dəyərlərinin tənasübünə can atan vətəndaşların əhatəsi bu partiyada gündən-günə genişləndi və yenə də genişlənir.
***
Yeni Azərbaycan Partiyasından əvvəl ölkəmizdə xeyli sayda partiya vardı. Ondan sonra da kifayət qədər partiya yaradıldı. Amma o təsisatların çoxu özünü doğrulda bilmədi. Ətrafında ciddi sosial baza formalaşdırmağı bacarmadı. Yaxud meydan eyforiyasının təsiri ilə bu təsisatlarda cəmləşmiş insanları uzun müddət bu təsirdə tutub saxlamağa müvəffəq olmadı. Çünki ortada ideya yox idi. Ona görə də bu partiyaların əksəriyyəti seçkilərdəki ardıcıl məğlubiyyətlərdən sonra param-parça olub sıradan çıxdı. Tarixin arxivinə qovuşdu.
Yeni Azərbaycan Partiyası isə monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Sıralarında ən müxtəlif sosial qruplardan olan insanları birləşdirərək milli vəhdətə böyük töhfələr verdi. Bununla sübuta yetirdi ki, təməl möhkəm, niyyət saf, əqidə mətin olanda nəticə ancaq uğurdur.
Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir.
***
Yeni Azərbaycan Partiyası tariximizdəki bir çox mənəvi nailiyyətlərin partiyasıdır. Bu nailiyyətlərdən biri də Azərbaycanda əsrlərdir yol gələn qadın fəallığı ənənələrinin Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsində ən yüksək zirvəsinə çatmasıdır. Mehriban xanımın timsalında Azərbaycan qadınının layiq olduğu ən yüksək ictimai məqama, mənəvi ucalıqlara yüksəlməsidir.
Bu gün adı bütün dünyada xeyirxahlıq, insanlara sevgi, nəciblik, mərhəmət, şəfqət kimi ali məzmunlarla assosiasiya olunan Mehriban xanım Əliyevanın öz fəaliyyəti ilə yaratdığı örnək, təlqin etdiyi dəyərlər Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağını artırır. Xanımlarımızın Yeni Azərbaycan Partiyasına axınını gücləndirir. Bu marağı şərtləndirən amillərdən biri də hakim partiyada sosial mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün bərabər imkanlar mühitinin mövcudluğudur.
Yeni Azərbaycan Partiyası sıralarında bu baxımdan gənclər də böyük üstünlük təşkil edir. Partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti məhz gənclərdən ibarətdir. Çünki gənclər Yeni Azərbaycan Partiyasında ölkənin, cəmiyyətin və bu cəmiyyətin bir üzvü kimi özlərinin uğurlu gələcəklərini görürlər. Bu partiya onları küçələrə, meydanlara, dövlətə qarşı itaətsizlik göstərməyə, sosial şəbəkələrdə hakimiyyətə qarşı ürəkbulandırıcı nifrinlərlə, günlərini mənasız şəkildə yola verməyə çağırmır. Bu partiya Azərbaycan gəncliyini universitet auditoriyalarına, oxumağa, təhsillərini artırmağa, davamlı fərdi inkişafla məşğul olmağa səsləyir, uğurlu karyera qurmaq, cəmiyyət üçün layiqli, faydalı üzvlər olmaqdan ötrü özlərini yetişdirməyə səsləyir. Yeni Azərbaycan Partiyası Azərbaycan üçün vətənpərvər bir gənclik yetişdirir. Gənclərimizi yad ideologiyaların, qaragüruhun, dini mövhumatın ziyanlı təsirlərindən qoruyur. Bu partiyada milli dövlətçilik ənənələri, azərbaycançılıq məfkurəsi nəsillərdən-nəsillərə ötürülür. Bu partiyada gənc liderlər, ölkə həyatına ən müxtəlif sahələrdə töhfə verən peşəkarlar yetişir.
***
Bu partiyanın taleyimdəki rolu ilə hər zaman qürur duymuşam, onun yerlərdə təşkilatlanması prosesində, az da olsa, iştirakımdan fəxarət hissi keçirmişəm. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsindən sonra Xətai rayonunun ziyalıları, mütərəqqi insanları dövlətçilik maraqlarını və xalqın mənafeyini rəhbər tutaraq partiyanın rayon təşkilatını yaratmaq üçün fəaliyyətə başladılar. Bu insanlar çox ağır ictimai-siyasi vəziyyətə və güc strukturlarının təqiblərinə baxmayaraq, o cümlədən özlərinə və ailələrinə qarşı törədilə biləcək hər bir təxribatı, təhdid və təzyiqləri gözə alaraq qarşıya qoyduqları məqsədə çatmaq üçün tam səfərbər olundular. Təsis konfransının "Bakı” kinoteatrında keçirilməsi qərara alındı. Beləliklə, 1993-cü il fevral ayının 13-də Bakı şəhərinin rayonları arasında ikinci olaraq Xətai rayonunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatı yaradıldı.
Həmin dövrdə Xətai rayon təşkilatı 25 ərazi ilk partiya təşkilatında 500 nəfər üzvü birləşdirirdi. Fəxrlə qeyd etməliyik ki, ötən tariximizdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı da böyük inkişaf yolu keçib, öz sıralarını daim genişləndirib, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib.
Elmi nəzəriyyələrə görə, adla onun aid olduğu subyektin taleyi arasında bağlılıq yoxdur. Amma Yeni Azərbaycan Partiyasının adı və tarixi taleyinə nəzər saldıqda böyük bir istisnanın yarandığını görürük. Yeni Azərbaycan adı bu partiya üçün bir taledir həm də...
Onun öz tarixi ilə öz adını doğrultmasıdır.
Yeni Azərbaycan Partiyası yeniləşən, inkişaf edən, qüdrətlənən Azərbaycanın partiyasıdır...
Dünənin, bu günün və gələcəyin partiyasıdır...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri
"Azərbaycan" qəzeti