3 kəndi birləşdirən körpü yenidən tikilir - VİDEO
NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Nəhəcir, Göynük və Nəcəfalı Dizə kəndlərini birləşdirən asfalt yol üzərində yerləşən körpü sel nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bununla bağlı Naxçıvan televiziyasında süjet də yayımlamışdıq. Hazırda ərazidə yeni körpünün tikintisinə başlanılıb.
Daşqın nəticəsində çökən körpü Babək rayonunun Göynük, Nəhəcir və Nəcəfalı Dizə kəndlərini birləşdirirdi. Mayın 21-dən etibarən yağan güclü yağışlar nəticəsində Nəhəcir çayında daşqınlar yaranıb, bu da körpünün əsas dayaq hissələrinin aşınmasına, nəticə etibarilə körpünün qəzalı vəziyyətə düşməsinə gətirib çıxarmışdı. Həmçinin ötən illərdə körpü və asfalt yol üzərində aparılan təmir-bərpa işləri ərazinin relyefinə uyğun aparılmadığından yolun 30 metrdən artıq hissəsi də istifadəyə yararsız vəziyyətə düşüb.
Hazırda layihəyə uyğun olaraq çökən körpü tamamilə sökülüb, ərazidə hamarlama və bərkitmə işləri aparılıb. Yeni körpünün salınması üçün beton təməl işlərinə başlanılıb.
Qeyd edək ki, körpü 2011-ci ildə salınıb.