300 yaşlı Ordubad Mədrəsəsi uçub dağılır - VİDEO

A- A A+

Ordubad mədrəsəsinin indiki halı görənləri məyus edir... Bu tarixi binada Sovet dövründə  ipəkçilik idarəsi yerləşib və buna görə tikiliyə lazımsız əlavələr olunub. Buna baxmayaraq, bina öz ilkin görkəmini əsasən qoruyub saxlayıb. Tədqiqatçıların fikrincə, bu bina  Şimali Azərbaycanda dövrümüzə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir. Hazırda binanın çox hissəsi uçulub-dağılmış vəziyyətdədir. Mütəxəssislərin fikrincə, abidənin təcili və əsaslı restavrasiyaya  ehtiyacı var.

Qeyd edək ki, mədrəsənin tikintisinə nə vaxt başlandığı bilinməsə də, 1714-cü ildə başa çatdığı məlumdur. Mədrəsənin giriş qapısı üzərində yerləşən kitabədə hicri-qəməri təqvim olaraq 1126 yazılıb ki, bu da yuxarıda qeyd etdiyimiz ilə uyğun gəlir. Bundan əlavə kitabədə “Bu kitabəni Məhəmməd İsmayıl Əbd ən-Nəsiri yazdı. Bu uğurlu binanın tikintisi Hacı Salehin sərkarlığı və hökmdarın dəvatdarı, yəni katibi Abidin oğlu Hacı Məhəmmədin köməyilə başa çatdı” cümlələri yer alır. Mədrəsənin giriş qapısı üzərində yerləşən kitabədən bəlli olur ki, o, Səfəvi hökmdarı Şah Sultan Hüseynin dövründə inşa etdirilmiş, tikintisi dövlət aparatında mühüm vəzifə tutan adamların başçılığı ilə həyata keçirilmişdir. Mədrəsə Ordubadın ictimai -mədəni həyatında mühüm rola malik olub.

Ordubad mədrəsəsi Azərbaycanda sovet hökuməti qurulana qədər fəaliyyət göstərib. Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi və başqa görkəmli şəxsiyyətlər ilkin təhsillərini burada alıblar. 

Sonradan isə bu bina ipəkçilik zavodu kimi fəaliyyət göstərib. Burada toxunan ipək Şərq bazarlarına çıxarılıb. Ordubadda ipəyin 20-dən çox növü toxunub. 30 il əvvələ kimi burada 3000 işçi çalışıb. Unutmayaq ki, bu abidə Ordubadın tarixidir, mədəniyyətidir, kimliyidir… Ordubad Rayon İcra Hakimiyyətindən bildirilib ki, abidəmizə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində uçub-dağılmaq üzrə olan bu abidəmizin də əsaslı bərpası həyata keçiriləcək.                                                                             

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: